Ru
20:00 / 13 İyun 2022

Bağçalara qəbulun elektron qaydada olması nəyi dəyişəcək? - ŞƏRH

2570
Bu ildən etibarən məktəbəqədər təhsil müəssilərinə qeydiyyat da vahid sistem üzərində, yəni elektron qaydada həyata keçiriləcək. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır. Artıq məktəbəqədər təhsil müəssisələrinə qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İlk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə olacaq. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək.


Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az -a açıqlamasında deyib ki, bağçaların yerli icra hakimiyyətinin tabeliyinə verilməsi təhsilin bu pilləsinin məhv edilməsi ilə nəticələndi.


Keçən 10 il ərzində bağçaların infrastrukturu darmadağın edildi:




“Yerli icra hakimiyyətləri bağçaları köhnə kolxoz sistemi ilə idarə edirdi. Bağçalara uşaq qəbulu rüşvətlə, tanış-tapışla aparılırdı. Pul verməyən valideynlərə yer yoxdur cavabı verilirdi. Bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb. Artıq bağçalara qəbulun elektron qaydada aparılması planlaşdırılır.


Uşaq bağçalarına qəbulun elektron formada həyata keçirilməsi bağçada yer yoxdur bəhanəsini də aradan qaldırmış olacaq. Ancaq yenə də bu proses ciddi nəzarət altında saxlanılmalıdır ki, hər hansı qanunsuzluqlara yol verilməsin, proses tam şəffaf şəkildə həyata keçirilsin”.


Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə bildirib ki, bağçalara qəbulun elektronlaşdırılması insan faktorunu aradan qaldırır.


Bu da bağçalara uşaqların qəbul olunmasında hər kəsə bərabər imkanlar yaradacaq:




“Bağçalara qəbul zamanı yaradılan süni maneələr erkən yaşda uşaqların təhsilə cəlb olunmasına mane yaradırdı. Uşaq bağçalarına qəbulda rüşvət amilinin olduğu danılmaz fakt idi. Uşaqların kimlərinsə tapşırığı ilə bağçaya götürülməsi, yaxud da pul verəndə bağçada uşaq üçün yerin olması kimi faktların olmasını heç kəs dana bilməzdi. Belə hallar da uşaqların bağçalara qəbulunda ayrıseçkilik yaradırdı. İqtisadi və sosial vəziyyətinə görə bəzi uşaqlar bağçaya qəbul olunmurdular. Hesab edirəm ki, uşaq bağçalarına qəbulun elektronlaşdırılması rüşvət faktorunun qarşısını alacaq. Bağçalarda qanunsuz yığımların da qarşısı alınmalıdır. Hazırda bağçalarda aylıq olaraq valideynlərdən qanunsuz ödənişlər tələb olunur. Bu aradan qaldırılmalıdır”.



Sevinc
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər