Dövlət Sosial Müdafiə Fondu 2026-cı ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların statistikasını açıqlayıb.
Hazırda ölkədə 178 498 nəfər 220 manat sosial müavinət alır.
Maraqlıdır ki, həmin kateqoriyalı insanların 39,9 faizini kişilər, 60,1 faizini isə qadınlar təşkil edir. Ölkədə qadın-kişi nisbəti təxminən bərabər səviyyədə olsa da, sosial müavinət alanların siyahısında nədənsə qadınların sayının daha çox olduğunu görürük.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
“Bakupost”a bildirib ki, sosial müavinət alanlar arasında qadınların say baxımından üstünlük təşkil etməsinin səbəbi işləməyənlər arasında zərif cins nümayəndələrinin sayının daha çox olması, doğuşdan alınan zədələr və hansısa digər əngəllərlə bağlı problemlərin olmasıdır:
“Amma əsas məsələ iş yerlərilə bağlıdır. Kişilərə nisbətən qadınların iş tapmaları daha çətindir. Bəzi hallarda onlar həyat boyu ümumiyyətlə işləmirlər”.
Ekspert sosial müavinətlərin az olduğunu da vurğuladı:
“Bu rəqəmi heç olmasa minimum yaşayış zənbilinə çatdırılmalı, 400 manat civarında olmalıdır”.
İqtisadçı ekspert Fuad İbrahimov isə bildirdi ki, belə bir vəziyyətin yaranmasının əsas səbəbi sosial ənənələrdir:
“Azərbaycanda sosial müavinət alanların əsas hissəsini ya bölgələrdə yaşayanlar, ya da bölgələrdə qeydiyyatda olub, paytaxtda yaşayanlar təşkil edir. Aktiv iş fazasının olmaması bu kimi imtiyazların əldə olunmasına şərait yaradır.
Bu vəziyyətin yaranmasını sosial ənənələrlə əlaqələndirərdim. Güclü cinsin nümayəndələri adətən maksimal şəkildə hərəkətliliyindən istifadə edir. Amma xanımlar kişilərlə müqayisədə qanunvericilik imkan verirsə, çox rahatlıqla sosial müavinət almağa üz tutur”.
Rüfət Sultan,
BakuPost