Qoşanağara ifaçısı, mərhum İlham Razinin ailəsinə dəstək məqsədilə musiqiçilər və digər şəxslər arasında pul toplanıb.
"Bakupost" Musavat.com-a istinadla bildirir ki, həmkarlarını mərhum sənətçinin ailəsinə yardım etməyə çağıran müğənni Hüseyn Məhəmmədoğlu toplanan vəsaitin 10 240 manat olduğunu açıqlayıb.
O bildirib ki, gözlədiyindən az sayda musiqiçi bu çağırışa qoşulub. Bununla belə, kampaniyada onun dostları, Amerikada yaşayan tanışları və idmançı dostları da iştirak ediblər.
Hüseyn Məhəmmədoğlu toplanan vəsaitin hamısının İlham Razinin oğlu İlyasa veriləcəyini bildirib:
“Çox musiqiçi gözləyirdim, az gəldi. Hər halda, musiqiçilərin birliyi yenə də bilindi, az da olsa. Biz ümid edirdik ki, daha çox musiqiçi olar. 10 240 manat pul yığıldı. Burada təkcə musiqiçilər deyil, mənim dostlarım da var. Amerikada yaşayan dostum, idmançı dostlarım da yardım ediblər. 10 240 manatın hamısını biz onun oğlu İlyasa veririk. Bu pula ilk dəfədir mən əl vururam. Pullar hamısı zərfdə idi və biz onları İlyasa veririk. Bir şeyi də nəzərinizə çatdırım ki, hər kəs pul verib, amma mən bu pulun üstünə bir qəpik də qoymamışam. Mənim etdiyim yardım tamamilə başqa oldu”.
Hüseyn Məhəmmədoğlu mərhum musiqiçinin ailəsinə avtomobil bağışladığını da deyib.
Qeyd edək ki, qoşanağara ifaçısı İlham Razin bir müddət əvvəl intihar edib. Hadisədən sonra Hüseyn Məhəmmədoğlu musiqiçi həmkarlarına müraciət edərək mərhumun ailəsinin ağır maddi vəziyyətdə olduğunu açıqlamışdı. Onun sözlərinə görə, İlham Razinin külli miqdarda borcu olub və bu borclara görə ailəsinin yaşadığı evin əldən çıxması təhlükəsi yaranıb. Bu səbəbdən ailəyə maddi dəstək göstərilməsi üçün çağırış etmişdi.