Əziz şagirdlər, sizə görə tıxacda qalacağıq, heç olmasa elə oxuyun gələcəyə işıq saça biləsiz, yolumuzu hər mənada işıqlandırasız.Gəlin dünyanın hər üzünü görən, hətta bilən bu 51 yaşlı kişinin sözünü qəribliyə salmayın; sənət insanın rahatlıqla söykənəcəyi köklü-köməcli ağacdır - həm meyvəsi sizindir, həm gölgəsi, hələ arxadan vurula bilən zərbələrə də dayaqdır.
Valideynlərimizə deyin sizi ali məktəb dəbi alətinə çevirməsinlər. Hər kəs istedadla doğulur, onu kəşf etmək və istiqamətləndirmək əsas prinsipdir.
Peşəyönümü xətt tutaraq mənzil başına çatmaq iqtisadi, fiziki, mənəvi azadlığın təməlidir. İnsanın həyatdan cəmi 3 istəyi var; azad, rahat və pullu olmaq. Peşə təhsili bu üç arzunun gerçəkləşməsində böyük rola malikdir.
Nə qədər istəsəz professor, elmlər doktoru, doktorant adı çəkə bilərik, sayı minlərlədir. Peşə diplomu olmayan gənclərin sayı ildən-ilə azalır. 9-cu sinifdən sonra məktəbdə uşaq tapılmır, müəllim təhsil ocağında dərs keçməyib, şagirdləri evdə öyrədir. Tragokomediyadır; məktəb evlə əvəzlənib. Çar Rusiyası dağılandan sonra uşaqları "uşkola" çağırış, ilana çevrilərək tərsinə dönüb; "uşkol"dan evə. Səbəb "mənim də övladımın diplomu olsun".
Olsun, beynini elm üçün yoğuranların əlbəttə diplomu olsun. Bəs universitetlərə zülmlə hazırlaşanları, "dərs beynimə girmir" deyib, göz yaşı damlasını triqonometriya tənliyinin "sinus"unun "s" hərfini isladanları niyə gələcək xoşbəxtliyindən sapdıraq?!
Süni intellekt inkişaf etdikcə, əl əməyinə ehtiyac birə beş artacaq. Süni intellekt ev tikməyəcək, aboy vurmayacaq, mühərrik düzəltməyəcək, yemək bişirməyəcək... Bir anda 50 professor adı çəkərik, bircə nəfər peşəkar sürətlər qutusu ustasının adını çəkə bilmərik. Elm və sənət müqayisəsində birincinin dünyası çoxdan dolub, ikincinin qapısı açıqdır içəri girən yoxdur.
Belə... oxuyun, öyrənin, seçiminizdə bir meyarı əsas götürün: azad, rahat və pullu olmaq. Siz azad, rahat və pullu olasız deyə tıxacda qalmağa dəyər.
Həmişə öndə Vətən və dövlətdir. Azad, rahat və pullu olsaz gözəlim məmləkətə köklü-köməcli, barlı-bərəkətli ağac kimi dayaq olacaqsınız.
Əziz dostlar, tıxacdan gileylənməyək, bu yolu işıqlı gələcəyə aparan dincəlmək fasiləsi hesab edək. Avtobusda övladımız yanımızda tıxacda dayanmışıq. Deməli, yeniyetməyə əlavə fikirlər söyləməyə vaxtımız yaranıb. Bu vaxtdan səmərəli istifadə edək, övladımızın kəşfinə çalışaq.
Vaxt yeganə itki, yeganə qazancdır.
Ceyhun Musaoğlu