Ru
09:15 / 14 Avqust 2026

Bakıda kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü

Bakıda kişi elektrik enerjisinə görə şikayətçi olan  xadiməni döydü
Eye

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samir Əhədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Bakupost" xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilib. Samir Əhədov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin olunmuş 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək ona 1 500 manat məbləğində cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs 1 gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilib və üzərində 1 300 manat cərimə cəzası saxlanılıb.

İttihama görə, hadisə bu il saat 11:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69A ünvanında yerləşən köşkün arxa tərəfində baş verib.

Belə ki, həmin ərazidə Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahəsində xadimə işləyən zərərçəkmiş Rəhimə Lalayeva (adı, soyadı şərtidir) Samir Əhədovun qanunsuz elektrik enerjisindən istifadə etməsi ilə bağlı aidiyyəti dövlət qurumuna şikayət edib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bu hərəkətini bəhanə edərək onunla mübahisəyə başlayıb. Samir Əhədov bu zaman öz üstünlüyünü nümayiş etdirmək, özünü müstəsna şəxsiyyət kimi göstərmək və başqalarından fərqləndiyini təsdiqləmək niyyəti ilə hərəkət edib.

Mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.
Təqsirləndirilən şəxs ictimai qaydanı və insanlar arasında formalaşmış davranış və etik qaydaları, əxlaq normalarını kobud şəkildə pozaraq zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruqla zərbə vurub. Zərbə nəticəsində Rəhimənin üz nahiyəsində xəsarətlər yaranıb. Həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət ərzində pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər kimi qiymətləndirilib.

Beləliklə, Samir Əhədovun ictimai qaydaya etinasızlıq nümayiş etdirərək zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun xuliqanlıq etməsi kimi qiymətləndirilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib. Məhkəmə onun barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdi. Samir Əhədov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək hökmünün dəyişdirilməsini xahiş edib.(pravda.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar