Ru
12:27 / 24 Aprel 2024

Bakıda psixoloq xanım əri tərəfindən kor edildi - Məhkəmə işi ört-basdır edir? - VİDEO

6378
Bakıda yaşayan psixoloq Anastasiya Bektemirova əri, Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandık Bişimbaev tərəfindən ölümcül döyülən qazaxıstanlı astroloq Səltənət Nukenovanın taleyini yaşayır.

Bakupost.az xəbər verir ki, Anastasiya Bektemirovanın ictimaiyyətə videomüraciəti bu qənaətə gəlməyə əsas verir.



O, sözügedən videomüraciətdə Bakıda anadan olduğunu və 27 ildir burada yaşadığını bildirir:

"Mən praktik psixoloqam və məsləhətlərimlə insanlara çətin həyatı situasiyalarla mübarizə aparmaqda kömək edirəm. Təəssüf ki, hazırda özüm mürəkkəb həyati situasiya ilə üzləşmişəm. Mənə sizin dəstəyiniz lazımdır.

Qazaxıstanda baş verən hadisə ilə əlaqədar özümdə cəsarət tapıb sizə başıma gələnləri danışmaq istəyirəm. Bir qadın kimi məhkəmə sistemi qarşısında gücsüz və mənəvi cəhətdən tükənmiş vəziyyətdəyəm".

A.Bektemirova daha sonra qeyd edir ki, 2 dekabr 2022-ci ildə əri Yalçın Bektemirov növbəti dəfə ona qarşı zorakılıq edib:

"O, məni döydü və uşağımın gözü qarşısında üzümə bir neçə zərbə vurdu. Zərbələr nəticəsində sol gözüm ciddi xəsarət aldı. Mən təcili yardımla xəstəxanaya çatdırıldım və dərhal əməliyyat olundum. Ümumi narkoz altında əməliyyat 2 saatdan çox çəkdi. 5 gün xəstəxanada qaldım. Nəticədə daha 2 əməliyyat - gözün götürülməsi və protez qoyulması həyata keçirilmədi. Mən 4 dəfə ekspertizadan keçdim. Onlardan 2-də mənim iştirakım olmadan qərar qəbul etdilər. Qalan 2 ekspertizadan birində ekspert həyasızcasına məni ələ saldı. O, mənə "olmayan gözünlə görürsənmi" tipli suallar verdi".


Fotoda: Yalçın Bektimirov



Şikayətçi daha sonra qeyd edir ki, gözün itirilməsi və sifət quruluşunun dəyişməsi bədənə ağır xəsarət yetirmək sayılır:

"Lakin ekspertiza bunu "yüngül bədən xəsarəti" hesab etdi və onunla əsaslandırdı ki, guya bu faciəli hadisəyə qədər gözümdə qlaukoma xəstəliyi olub. Əgər insanın böyrəklərində daş varsa və hücum nəticəsində böyrəyi zədələndiyi üçün götürülübsə, belə çıxır ki, buna görə ona xəsarət yetirən şəxs deyil, böyrək daşı günahkardır? Mən müxtəlif instansiyalara müraciət etdim. Lakin heç bir nəticəsi olmadı. Yalnız Prezident Administrasiyasına şikayət etdikdən sonra mənim məsələmə baxmağa başladılar. Müstəntiq zərbələr nəticəsində gözümdən məhrum olmağım və üz quruluşumun dəyişməsi maddəsini tətbiq etmək istəmədi. O, işi "Əzab vermə" maddəsi ilə tövsif etdi. Mən şikəst olmuşam. 2 uşağım var. Növbəti əməliyyat keçirməliyəm və bunun üçün maliyyə lazımdır. Bütün bu müddət ərzində günahkar sağlamlığımla bağlı xərclərə heç bir köməklik göstərmədi".



Videomüraciətdə daha sonra qeyd olunur ki, prokuror Y.Bektemirova 4 il azadlıqdan məhrumetmə cəzası tələb edib:

"Lakin məhkəmə ekspert rəylərinə və əzab vermə maddəsinə istinad edərək minimal cəza - 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etdi. Məhkəmə mənim tələbimi yerinə yetirmədi. Mülki işlə bağlı məsələyə gəlincə, hakim mənzili yarı-yarıya böldü. Ancaq yaşadığım mənzil nikah dövründə mənim pulumla alınıb. İpoteka krediti də yarı-yarıya bölündü. Cinayət hadisəsinə baxmayaraq, məhkəmə azadlıqa çıxdıqdan sonra ona həmin mənzildə yaşamaq hüququ verdi. Ailə avtomobili isə onun qardaşı Elçin Bektemirova verildi".

Sonda A.Bektemirova qeyd edir ki, əri və onun qardaşının hərəkətlərindən narahatdır:

"Onların hərəkətləri göstərir ki, məni sakit buraxmayacaqlar. Mən müdafiəsizəm. O, tezliklə şərti azadlığa buraxıla bilər. Bu da mənim və uşaqlarım üçün birbaşa təhlükədir. Mən bütün ictimaiyyətə müraciət edir, məsələnin adekvat və ədalətli həllinə dəstək vermələrini xahiş edirəm".

Qeyd edək ki, sözügedən cinayət işi üzrə yekin qərar aprelin 25-də Aprellaysiya Məhkəməsində veriləcək.


DİN-in Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarətə götürülməklə, onu narahat edən halların aradan qaldırılması üçün aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə tədbirlər görülür.

Bildirilib ki, 2022-ci il dekabrında Yalçın Bektimirovun A.Bektimirovaya sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvası nahiyəsinin qançırı, sol saidin və sol əlin qançırları xəsarətləri yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurması faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Y.Bektimirovun A.Bektimirovanı mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi müəyyən edildiyindən cinayət əməli Cinayət Məcəlləsinin əzab vermə, işgəncə verməklə törədildikdə maddəsinə tövsif edilib və 2023-cü ilin avqustunda Y. Bektimirov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə dəfələrlə təyin edilən təkrar və komisyon məhkəmə-tibbi ekspertizasının rəylərində göstərilib ki, A.Bektimirovada sol gözün sklerasının rupturasına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına - amputasiyasına və protezləşməsinə səbəb, onun 2022-ci ilin dekabrında aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uveitin fəsadı olaraq terminal qlaukoma xəstəliyidir.

2023-cü ilin oktyabrında cinayət işi ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib və məhkəmənin 14 mart 2024-cü il tarixli hökmü ilə Y.Bektimirov Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.



Zahid
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər