Ru
12:30 / 09 Fevral 2023

"Bakıda tikilən binalardan 1-2-si uçsa..." - Ekspertlərdən xəbərdarlıq

35828
Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində minlərlə insan həyatını itirib.

Zəlzələ qurbanlarının sayı isə artmaqda davam edir. Bu dəhşətli hadisə Azərbaycandakı yaşayış binalarının zəlzələyə davamlılığı məsələsini gündəmə gətirib.

Görəsən, paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar neçə bal zəlzələyə davamlıdır? Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binalar təbii fəlakət qarşısında duruş gətirə bilərmi?




Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a açıqlamasında deyib ki, son illər ölkədə inşa olunan çoxmərtəbəli yaşayış binalarının çoxu tikinti standartlarına uyğun tikilib:


“Binaların seysmik vəziyyəti ilə bağlı layihələr hazırlanarkən ilk növbədə, həmin tikilinin zəlzələyə davamlılığı, binanın möhkəmliyi nəzərə alınır. Layihədə binanın inşasında hansı tikinti materiallarından istifadə olunduğu göstərilir. Azərbaycanda tikinti qanunvericiliyində belə bir tələb var ki, Bakı şəhərində yeni tikilən binalar 9 bala davamlı olmalıdır. İndi tikilən binaların hamısı 9 bala hesablanıb. Hazırda inşaat sahəsində dəmir-beton konstruksiya öz yerini metal konstruksiyaya verib. Belə ki, metal konstruksiya çox dayanıqlı, möhkəm və elastik olduğu üçün müasir memarlıqda daha çox tətbiq olunur. Məhz bu səbəbdən Bakının özündə çoxmərtəbəli binalar 8-9 bal gücündə zəlzələyə davamlıdır. Çoxmərtəbəli yaşayış binası tikərkən onun zəlzələyə davamlılığını sənədlərdə göstərir və aidiyyatı dövlət qurumları bunu təsdiqləyirlər. Fövqəladə Hallar Nazirliyi və onun ayrı-ayrı strukturları binanın davamlılığını yoxlayır və tikintiyə icazə verir. Qeyd edim ki, son illərdə tikintilərin müvafiq normalara əməl olunmaqla aparılmasına nəzarət gücləndirilib. Həm nəzarət gücləndirilib, həm də təsadüfi şirkətlər bazardan çıxıb deyə tikintilər keyfiyyətlə həyata keçirilir. Yeni tikilən binalarda çox cüzi texniki problemlər ola bilər ki, bu problemlər də seysmik davamlılığa hər hansı təhlükə yaratmır”.


Ekspertin sözlərinə görə, əsas problem binaların necə inşa olunması deyil, onların bir-birinə çox yaxın məsafədə inşa edilməsidir. Binalar arasındakı məsafə norması gözlənilmədikdə, onun yerə verdiyi ağırlıq çoxalır. Buna görə də bu məsələyə diqqətlə yanaşılmalıdır. Şəhərsalma qanununa əsasən, binalar bir-birindən aralı tikilməlidir:

“Binalar bir-birinə, eləcə də nəqliyyat və digər infrastruktur obyektlərinə həddən artıq yaxındır. Binaların həyətyanı sahələri, əsas yola çıxışı olmalıdır. Yəni, binalar bir-birinə yaxın tikilərkən bütün bu hallar nəzərə alınmalıdır. 2006-cı ildən Bakı şəhərində şəhərsalma qaydaları kobud şəkildə pozulur. Bu, özünü həm binalar arasında olan məsafənin pozulması, həm yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə uyğunsuz şəkildə tikilməsi, həm yol infrastrukturunda göstərir. Əslində qaydalara görə, binalar arasında məsafə gözlənilməlidir ki, fövqəladə hadisə zamanı digər binalar zədə görməsin. Bəzən görürsünüz ki, 16 mərtəbəli binanı 5-9 mərtəbəli binanın həyətində tikirlər”.


Ramil Osmanlı qeyd edib ki, şəhərsalma qaydalarına görə, ara məsafəsi binanın hündürlüyünün 1,5 əmsalında olmalıdır. Yəni binanın hündürlüyü 15 metrdirsə, o, 1,5-ə vurulub, qonşu bina ilə ara məsafə qoyulmalıdır. İndi 16-20 mərtəbəli binalar var ki, onların hündürlüyü 50-60 metrdən çoxdur. Şəhərdə bəzi ərazilər var ki, 3-4 belə binanı 7-8 metr ara ilə tikiblər:

“Təsəvvür edin ki, fövqəladə vəziyyətdə o binalardan 1-2-si uçur və bu, digər binalara da potensial təhlükə yaradır".

Ramil Osmanlı bildirib ki, Azərbaycanda nəinki 60-cı illərdə, hətta 1900-cü illərdə tikilən binalar da var ki, hazırda istismar olunur:

“Bu binaların istismar müddəti artıq çoxdan bitib. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti son illər şəhərdə xüsusiləyol kənarlarında yerləşən binalarda bərkitmə işləri aparır. Ancaq nəzərə almaq lazımdır ki, binanın dayanıqlığı sadəcə, onun kənarının bərkidilməsi ilə təmin olunmur, həm də binanın özülü tikinti-təhlükəsizlik standartlarına cavab verməli, dayanıqlı olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin apardığı iş sadəcə, kosmetik xarakter daşıyır. “Xruşşovka”, “Stalinka”, “İtalyan” adlandırılan binalar və bunlardan əvvəl tikilmiş bir çox layihələr bu gün artıq texniki baxımdan istismar müddətini başa vurub. Azərbaycanda hər hansı fövqəladə hadisə, yüksək ballı zəlzələ baş versə, həmin binalar üçün çox böyük təhlükə yarana bilər”.


Ekspertin sözlərinə görə, Sovet dövründə inşa olunan yaşayış binalarının istismar müddəti 100 ildir. Bu binalar hazırda təhlükəsizlik cəhətdən öz ömürlərini baş vurublar. Yəni, həmin binaların sökülüb, yenidən tikilməsi vacibdir. Xüsusən də, “Alman evləri”, “Xruşşovka”, “Stalinka”lar günün tələblərinə cavab vermirlər. Bu binalar aşınmaya məruz qalıblar:

“Bu tikililərin yeni binalarla əvəzlənməsi şəhərsalma, paytaxtın nəqliyyat infrastrukturunun bərpası, həm də sakinlərin daha yaxşı mənzillərdə yaşaması baxımından önəmlidir. “Xruşşovka” layihəli çoxmənzilli binaların tikintisi əsasən, ötən əsrin 60-cı illərində həyata keçirilib. Bu binalarda daha çox beton faner konstruksiyalardan istifadə olunub. Burada istismar dövrü çox əhəmiyyətli məsələdir. Bəziləri düşünür ki, bu binalar 15-20 il üçün nəzərdə tutulub. Lakin bu da səhv yanaşmadır. Heç bir çoxmənzilli bina belə qısa müddət üçün nəzərdə tutula bilməzdi. Amma həmin binaların da yaşı artıq 50-ni ötüb və o tikililərin bəzilərində möhkəmlətmə, bərkitmə işləri aparılmasına baxmayaraq, onlar həm istismar dövrünü başa vurub, həm də mövcud beynəlxalq standartları nəzərə alsaq, yaşayış minimumu tələblərinə cavab vermir. Bakıda “Xruşşovka" layihəli binalardan daha köhnə binalar var. Bunlara fransız və Minsk layihəli tikililəri misal çəkə bilərik. Hazırda bazarda müəyyən qədər normal qəbul olunan və alqı-satqıya cəlb olunan “Stalin layihəli” tikililərin də adını çəkmək olar. Beton konstruksiya ilə inşa olunmuş bir bina artıq 50 illik tarixi əhatə edirsə, onun istismar müddəti başa çatmış və ya başa çatmaqda olan kimi qəbul oluna bilər. Burada həmin tikililərin yaşayış minimumu tələblərinə cavab verməməsi də aktualdır. Bu baxımdan hesab edirəm ki, fransız, Minsk və ”Xruşşov layihəli" tikililərin yeni və müasir standartlara cavab verən binalarla əvəz olunmasına ehtiyac var”.


Ekspert hesab edir ki, 7.7 bal gücündə zəlzələ böyük dağıntılar törədə bilir:

“Biri var 10-15 saniyə ərzində silkələnmə olur, bu zamanı zəlzələnin gücü yüksək də olsa, dağıntı az olur. Bir də var, zəlzələnin nüddəti uzun çəkir, bu zaman binaların zəlzələyə davamlılıq məsələsi arxa plana keçir”.




AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakupost.az -a bildirib ki, Bakıda binalar tikilməzdən əvvəl mütləq şəkildə ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir. Bina inşa olunmazdan öncə torpaqda geoloji tədqiqat aparılmalı, seysmik fon dəqiqləşdirilməlidir. Bakı kimi mürəkkəb geoloji və tektonik şəraiti olan ərazidə binaların tikintisi zamanı zəlzələyə davamlılıq öyrənilməlidir:

“Bakıda elə binalar var ki, bir qanadı 8 bal, digər qanadı 9 baldır. Ona görə də binanı tikərkən bu məsələyə diqqət yetirmək vacibdir. Seysmik təhlükənin qiymətləndirilməsində geoloji-tektonik amillərlə yanaşı, sahələrdəki mühəndis-geoloji, hidrogeoloji və yerli qruntları səciyyələndirən bir sıra parametrlər mühüm əhəmiyyət kəsb edir. Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək düzgün deyil. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir. 8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə, 40 faiz əlavə vəsait qoyulmalıdır. Xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır. Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gəlir. Binaların inşa olunduğu ərazilər geoloji quruluşa görə fərqlidir. Ona görə də tədqiqat aparılmalıdır. Bunun üçün MTK-lar bizə göydələn inşa etməzdən əvvəl müraciət etməldirlər. Bu müraciət əsasında tədqiqat aparılmalıdır”.

Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyindən qeyd olunub ki, yalnız Bakı şəhəri deyil, bütün Azərbaycanda binalar 9 ballıq zəlzələlər nəzərə alınaraq inşa edilir:

"Azərbaycanda 1960-cı ilə qədər seysmik normalar olmayıb. Ancaq 1961-ci ildən başlayaraq binalar 7-9 ballıq zəlzələyə hesablanıb. Artıq bu gün 8 və 9 ballıq zəlzələni nəzərə alaraq tikintilər aparılır. Hətta dinamik üsullarla da binaların təhlükəsizliyi yoxlamadan keçirilir. Binanın ətrafında 1-2 ballıq zəlzələ edərək, binanın neçə bala tab gətirə biləcəyi yoxlanılır”.


Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər