“Rusiyanın Yekaterinburq şəhərində güc strukturlarının hücumuna məruz qalaraq xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb”.
Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov mətbuat konfransında bildirib.
O, işgəncəyə məruz qalmış Azərbaycan vətəndaşının ekspertizadan keçirildiyini və açılmış cinayət işi üzrə ifadəsinin alındığını əlavə edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan baş prokuroru tərəfindən cinayət işi başlanıb.
***
Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı bu gün Baş Prokurorluqda mətbuat konfransı təşkil olunub.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya FTX Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin Səfərovlardır.
Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.