Ru
14:51 / 13 Oktyabr 2026

"Bədxah qüvvələrin Azərbaycandakı cəhdləri boşa çıxacaq" - Şahbaz Musayev

"Bədxah qüvvələrin Azərbaycandakı cəhdləri boşa çıxacaq" -  Şahbaz Musayev
Eye

Vahid geyim forması ilə bağlı qaydaların təsdiqlənməsindən sonra bəzi təhsil müəssisələrində insidentlər baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin bu qaydalara etiraz olaraq təhsil işçiləri ilə münaqişə yaratdığı, şagirdlərin isə məktəb binalarının şüşələrini sındırdığı və radikal dini şüarlar səsləndirdiyi əks olunub.
Keçirilən əməliyyat zamanı 200-dən çox şəxs saxlanıldığı, onlardan 100-dən çoxu barəsində cinayət işi açıldığı bildirilir.

Mövzu ilə bağlı “Bakupost”a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev bildirib ki, cəmiyyət Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində geyimlə bağlı qərarını düzgün anlamalıdır.

O bildirib ki, bəzi insanlar qərarla tanış olmadan sosial şəbəkələrdəki qərəzli şərhlərin təsiri altında ona etiraz edirlər:

"Orta məktəblərdə vahid geyim normaları bizdən əvvəl dünyanın aparıcı ölkələrində, eləcə də dost və qonşu ölkələrdə çoxdan tətbiq olunub. Həmin ölkələrdə həm məktəblilər, həm də müəllimlər bu qərara uyğun hərəkət edirlər. Qərar verildikdən sonra müəyyən ajiotaj yarandı. Bu ajiotajı süni şəkildə yaratmağa çalışdılar. Sirr deyil ki, Azərbaycan Respublikasının son illərdə təkcə regionda deyil, bütövlükdə dünyada söz sahibi olması müəyyən dairələri ciddi şəkildə narahat edir. Onlar hər vəchlə çalışırlar ki, ölkədəki vəziyyəti qarışdırsınlar. Amma geyimlə bağlı bu qərarla heç kimin hüquqları pozulmur, heç kimin inancına qarşı çıxılmır. Əksinə, Konstitusiyamızda hər bir şəxsin dini azadlığı qorunur. Orada vicdan azadlığı ilə bağlı ayrıca maddə var. Həmin maddədə qeyd olunur ki, hər kəs dinə münasibətini müstəqil şəkildə müəyyənləşdirə bilər. Vəssalam. İnsanlar namaz da qılır, oruc da tutur, məscidlərdə ibadətlə məşğul olurlar. Heç kim onların vicdan azadlığına qarşı çıxmır. Amma məsələ burasındadır ki, biz dünyəvi dövlətik. Konstitusiyamızda da qeyd olunub ki, din dövlətdən ayrıdır. Azərbaycan Respublikasında təhsil sistemi dünyəvi xarakter daşıyır. Ona görə də anlamaq lazımdır ki, məktəbə gələn insan dünyəvi təhsil müəssisəsinə gəlir və həmin məktəbə uyğun geyinməlidir.
Bu qərarın nəyi pisdir? Şagirdlər vahid forma geyindikdə onların arasında maddi və sosial vəziyyətlə bağlı fərqlər aradan qalxır. Onlar mənəvi cəhətdən bərabərləşirlər. Bunun şagirdlər arasında çox müsbət mənəvi-psixoloji tərəfi də var.

Müəllimlərə gəlincə, söhbət təkcə hicabdan getmir.Onların geyimi ilə bağlı da müəyyən tələblər var. İdman formasında, qısa ətəkdə, həddindən artıq makiyajla sinif otağına daxil olmaq məqsədəuyğun sayılmır".

Ş.Musayev vurğulayıb ki, Nazirlər Kabinetinin geyimlə bağlı qərarını müəyyən qüvvələr qəsdən yanlış təqdim edirlər:

"Hesab edirəm ki, Azərbaycan cəmiyyəti kifayət qədər ayıqdır və rasional düşünməyi bacarır. Bütün bu məsələlər gəldi-gedərdir. O qara, bədxah qüvvələrin cəhdləri də ən yaxın zamanda boşa çıxacaq. Azərbaycanda həmişə olduğu kimi, həmrəylik qalib gələcək".

Lalə, BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar