Ru
11:37 / 28 Aprel 2022

Böyük Qayıdışla bağlı 33 addım - MHB-nin təkliflər paketi

5777
Milli Hərəkatçılar Birliyi (MHB) redaksiyamıza işğaldan azad edilmiş torpaqlara "Böyük Qayıdışla ilgili Proqram və Təkliflər Paketi" adlanan sənədi ictimai müzakirə üçün təqdim edib.


Bakupost.az həmin sənədi oxucuların müzakirəsinə təqdim edir:


"Böyük Qayıdışla ilgili Proqram və Təkliflər Paketi


ÜMUMİ MÜLAHİZƏLƏR

Bu gün Azərbaycanın ən önəmli məsələlərindən biri işğaldan azad edilmiş torpaqlara qayıdış məsələsidir. Bu mövzunun son zamanlarda daha sıx gündəmə gətirilməsinə baxmayaraq, hələ də ictimai rəydə ona yetərincə əhəmiyyət verilmir. Halbuki Qayıdış sadəcə bu günün deyil, yaxın bir neçə ilin ən önəmli məsələsi olaraq gündəmimizdə qalacaq, dövlətimizi və xalqımızı məşğul edəcəkdir. Məsələnin ictimai-saiyasi, iqtisadi, hərbi, mədəni və ən önəmlisi də, strateji önəmi nəzərə alındığında isə Qayıdış prosesinin birinci dərəcəli dövlət məsələsi, milli məsələ kimi öncəlikli gündəm maddəsi olaraq daim ictimaiyyətin diqqət mərkəzində saxlanması lazımdır. Mövzu qədər önəmlidir ki, onu sadəcə mürəkkəb bir proses, həll edilməsi gərəkən bir məsələ olaraq deyil, bir ümummilli hərəkat olaraq dəyərləndirmək daha doğru olar. Bu baxımdan Milli Hərəkatçılar Birliyi (MHB) olaraq prosesi Qayıdış Hərəkatı adlandırmağı üstün tutur, həm dövlətimizin, həm də xalqımızın məsələyə bu baxımdan yanaşmasını tövsiyə edirik. Bu adlandırma həm prosesin mahiyyətini doğru ifadə edir, həm də onun bütün iştirakçıları üçün əlavə bir mənəvi-psixoloji stimul yaradır.

44 günlük müharibə bitdikdən dərhal sonra, MHB çoxsaylı fərdi və kollektiv görüşlər keçirib müzakirələr aparmış, həftəlik konfranslarına Böyük Qayıdış məsələsini çıxarmış, Yönətim Qurulunda Qayıdış Komissiyasını və MHB Böyük Qayıdış Komitəsini yaratmış, indi də bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Məcburi köçkünlərin yurdlarına qayıdışı və orada gündəlik yaşayışlarının, iqtisadi fəaliyyətlərinin təşkili barədə son aylarda müxtəlif fikirlər səsləndirilir, deputatlar, ictimai xadimlər, ziyalılar və müxtəlif sahələrin mütəxəssisləri məsələyə münasibətlərini bildirirler. Lakin bu kifayət etmir, məsələnin bir çox yönü vətəndaşlarımız üçün qaranlıq qalır, başlıca suallar cavablandırılmır. Hazırda bölgədə önəmli altyapı çalışmaları gerçəkləşdirilməkdə, bu yöndə böyük işlər görülməkdədir. Bu quruculuğun siyasi və strateji tərəfi normal aparılsa da, informasiya paylaşımı, xalqın məlumatlandırılması yarıtmaz haldadır. Yerli sakinlər yurdlarına nə zaman və necə qayıdacaqları barədə məlumatsız və çoxsaylı suallar qarşısında çaşqın vəziyyətdədir. Bu şəraitdə müxtəlif şaiyələr, dedi-qodular baş alıb gedir, vətəndaşlarımız narahat olur. Həm bir-birinə, həm dövlətə münasibətlərində arzu edilməyən mənzərələr ortaya çıxır, iftiralar, əsassız suçlamalar və tənqidlər ictimai ab-havanı pozur. Bu cür neqativ halları ortadan qaldımaq, işlərin tam bir vətəndaş sülhü və aktivliyi şəraitində yerinə yetirilməsini təmin etmək üçün Qayıdışla ilgili bütün məsələlərin, sualların və çözüm yollarının kompleks şəkildə ortaya qoyulması, həll yollarının açıq şəkildə müzakirə edilməsi zəruridir.

Milli Hərəkatçılar Birliyi (MHB) bu ehtiyacı nəzərə alaraq məslənin başlıca isitqamətləri və ümumi cəhətləri ilə ilgili mülahizələrini, eyni zamanda ilkin təkliflərini bir poqram-paket halında ictimaiyyətlə bölüşməyi məqsədəuyğun həsab edir.

MHB-nin bu məsələylə ilgili daha öncə 21 dekabr 2021-ci il tarixində yayımladığı bildiridə də göstərildiyi kimi, Qayıdış əsaslı şəkildə işlənmiş bir dövlət proqramı olmalı, milli strateji önəm daşımalıdır.

Bu proqram, xalq ilə dövlətin düşüncə, iradə və hərəkət birliyi içində tətbiq edilməlidir ki, 30 il bir-birindən ayrı düşüb dünyaya səpələnmiş Zəngəzur və Qarabağ əhalisi yenidən birgə yaşayışlarının təmin olunma prosesinin, yəni Qayıdış Hərəkatının tərkib hissəsinə çevrilə bilsin.

Bu işdə millətin və dövlətin birliyi əhalinin səfərbər olub bərpa işində çiyin-çiyinə iştirak etməsinə böyük imkanlar yaradır. 44 günlük savaşımızda milli birlik duyğuları xariqələr yaratdığı kimi, bu gün də millət öz dövlətinə dəstək olmalı, dövlət də milli strateji əhəmiyyətli Qayıdış Hərəkatını millətin gücü və bütün xalqın könül razılığı ilə gerçəkləşdirməlidir. Belə olarsa, bu çətin iş daha asanlıqla, ağrı-acısız şəkildə və heç kimin könlü qırılmadan, heç kim narazı qalmadan başa çatdırıla bilər.

Düşdüyümüz bu mürəkkəb şəraitdə hər cür nizamsızlığın, vətəndaşlarımız arasında anlaşmazlıqların olacağını da nəzərdən qaçırmamalıyıq. Bu baxımdan həm millətə və dövlətə, həm də hökumətə böyük iş düşür.

44 günlük savaşda olduğu kimi, Azərbaycanın dünyaya yeni bir nümunə ola biləcək Qayıdış Hərəkatını da elliklə, könül birliyi içində başlatmalı və milli qürur hissiylə, uğurla başa çatdırmalıyıq. Xalqın bütün təbəqələri,– mühəndisi, həkimi, iş adamı, fəhləsi, sürücüsü, dövlət məmuru, müəllimi, alimi, yazıçısı, jurnalisti və s. səfərbər olub, bərpa işində öz əməklərini verməli, əl izlərini qoymalıdır.

Məlum olduğu kimi hələlik böyük infrastruktur layihələri gerçəkləşdirilməktədir. Lakin, əsas kütləvi işlər yaşayış massivlərinin bərpasına başlayanda olacaq ki, bu da çoxsaylı işçi qüvvəsinə tələbat yaradacaq. İşçi qüvvəsinin əsasən yerli əhalidən təşkil olunması, yerli əhalidən olan iş adamlarının, təmir-tikinti, montaj-quraşdırma şirkəti sahiblərinin, müxtəlif mütəxəssislərin, dünyaya səpələnmiş yerli sakinlərin səfərbər olması, bunların arasında iş bölgüsünün aparılması, dövlətin işçi qüvvəsi problemini də, sərmayə qoyuluşu məsələsini də müəyyən mənada həll etmiş olur.

Yaradılacaq və ya bərpa ediləcək olan yaşayış məntəqələri formalaşdırılarkən orada yaşayacaq olan əhalinin həqiqi ehtiyacları və istəkləri mütləq nəzərə alınmalıdır. Əlbəttə, yeni ağıllı kəndlər, ağıllı şəhərlər də yaradıla bilər, mövcud kəndlər, qəsəbələr, şəhərlər də bərpa olub, son texnologiya ilə tam təchiz edilə bilər. Hansı variant olursa olsun, işlərin başlanğıcından sonuna qədər dövlət ilə əhali əlbir çalışmalı və bu yanaşma dövlət programında mütləq əks olunmalıdır.

Bu prosesdə kimi şəxsi vəsaiti həsabına özünə ev tikib dövlətə dəstək olacaq, kimi dövlətin dəstəyi və nəzarəti ilə özünə ev tikəcək, kiminə dövlət ev tikib vərəcək. Bundan əlavə, yerli sakinlərdən olan iş adamlarının bölgəyə sərmayə qoymalarına geniş imkanlar yaradılmalıdır. Bu məqsədlə sürətlə işləyə bilən elə bir mexanizm (qurum) yaradılmalıdır ki, xeyriyyəçilik məqsədilə əhali üçün evlər və ya ictimai binalar tikmək istəyən şəxslər süründğrməçiliklə qarşılaşmadan məqsədlərini gerçəkləşdirə bilsinlər.

Bütün işlər professionallıqla və şəffaflıq şəraitində aparılmalı, narazılıqlara, ixtilaflara yol verilməməlidir. Bunun üçün dövlət əhəmiyyətli bir sistem qurulmalı, o sistem də həm yerli sakinlərin həm bütün ölkə əhalisinin mütləq qatqısıyla işləməlidir ki, dövlət öz üzərindəki yükü millətlə paylaşa bilsin. Həm millət qazansın, həm dövlət.

Sülh müqaviləsinin imzalanmadığı, Ermənistan tərəfinin və onu dəstəkləyən Rusiya ilə İranın, eyni zamanda bəzi Qərb dairələrinin destruktiv yanaşması nəticəsində bölgədəki gərginliyin hələ də davam etdiyi, zaman-zaman silahlı təmasların yaşandığı hazırkı mərhələdə Qayıdış Hərəkatı, əlbəttə, tam miqyasda başladılıb gerçəkləşdirilə bilməz. Daha doğrusu, onun gerçəkləşdirilməsi üçün bir çox hərbi və siyasi problemin həll edilməsi lazım gəlir. Azərbaycan Dövləti və Ordusu bu məsələləri həll edib, sülhü bərqərar edənə qədər sakinlərin bölgəyə yerləşməsi onlar üçün təhlükəli ola bilər. Əgər durum gerçəkdən belədirsə, onun mümkün qədər təfərrüatlı olaraq xalqa izah edilməsi lazımdır. Lakin, bunu da unutmaq olmaz ki, indiki mərhələdə Qayıdış Hərəkatının ön hazırlıq işləri məhz bu günlərdə görülməli, hüquqi, idari (adminstrativ), tədris-təlim işləri indidən başa çatdırılmalıdır.
MHB olaraq bu ümumi mülahizələr işığında təkliflərimizi təqdim edirik.

TƏKLİFLƏR

Bu bölümdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrindən olan adamlarla, öncəliklə də bölgəyə qayıtmağı düşünən yerli sakinlərlə edilən fərdi söhbətlərdə, MHB-nin konfranslarında və MHB Qayıdılş Komitəsinin yığıncaqlarında irəli sürülən və müxtəlif baxımlardan müzakirə edilən təkliflər qısaldılmış şəkildə verilir. Düşünürük ki, dövlət orqanları və ictimaiyyət tərəfindən aparılmasını lazımlı həsab etdiyimiz müzakirələr üçün bunlar bir əsas təşkil edə bilər:

1. Qayıdış Hərəkatını gerçəkləşdirmək üçün öncəliklə bu barədə bir Dövlət Planı hazırlanmalı və bu plan bir müddət ictimaiyyət tərəfindən müzakirə edilməlidir.

2. Qayıdış Hərəkatı, təxirə salınmadan, sürətlə gerçəkləşdirilməlidir; hər kənddə heç olmazsa 5-10 ev sürətlə tikilib, insanların oraya yerləşməsi lazımdır. Yetər ki o evlərin damından tüstü çıxsın. Bu durum bədxahlar üçün çəkindirici bir faktor olar.

3. Az sayda da olsa sakinlərin qayıdıb yerləşdiyi kəndlərin məzarlıq sahələri sürətlə abadlaşdırılmalı və ya yeni məzarlıq sahələri ayrılmalıdır. Yəni, ilk sakinlərin köçürülməsiylə bərabər məzarlıq problemi də həll edilməlidir. Məzarlıq yurd üçün bağlayıcı bir anlayışdır. Bu baxımdan insanların, xüsusən də yaşlı nəslin yurd həsrəti, ağrılı-acılı duyğuları nəzərə alınmalıdır. Elə edilməlidir ki, yurdundan kənarda vəfat edən yaşlıları belə öz kəndinə apararaq orada dəfn etmək mümkün olsun. Bundan əlavə, daha öncə başqa yerlərdə dəfn edlmiş ailə üzvü və ya qohumunun məzarını (ailənin razılığı ilə) ata yurdlarına köçürmək istəyən məcburi köçgün ailələrinə dövlət tərəfindən lazımi köməkliyin göstərilməsi də nəzərdə tutulsun.

4. Torpaq sahələrinin bərpasında dövlətin ciddi nəzarəti təmin edilməlidir. Məlumdur ki, kənd yerlərində həyətyanı sahələrin sərhədləri üstündə tez-tez mübahisə düşür, böyük davalar olur. Uzun müddət heç kimin yaşamadığı, həyətlər arasında çəpərlərin, sərhədlərin yox olduğu yerlərdə bu cür mübahisə və davalar daha çox yaşanacaq; buna hazırlıqlı olmaq, ciddi nəzarəti təmin etmək lazımdır.

5. Tikinti və abadlıq materialları üçün bazalar yaradılmalıdır. Kütləvi inşaat demək nəhəng miqdarlarda inşaat materiallarından istifadə edilməsi deməkdir. İşlər başladıqdan sonra bu sahədə qiymətlər fantastik hədlərə çıxa bilər. Bunun qarşısını almaq, xüsusilə də öz evini şəxsi imkanlarıyla tikən sakinlərin və ya xeyriyyə məqsədilə evlər tikmək istəyən özəl sektor təmsilçilərinin işini asanlaşdırmaq, qiymət artışından qorumaq və uzaqlardan material daşıyaraq əlavə xərclər çəkilməsinin qarşısını alamq məqsədilə hər rayonda bir neçə yerdə böyük bazalar yaradılmalı, hər cür inşaat materialı və avadanlıqlar oralarda satılmalıdır. Dövlət qiymətlərin sabit saxlanmasını öz nəzarəti altına almalıdır.

6. Azərbaycan dövlət TV kanalları Qayıdışla əlaqədar müntəzəm olarak proqramlar yayımlamalıdır. Bu proqramlara müxtəlif yanaşmaları və xalqın müxtəlif təbəqələrini təmsil edən siyasətçilər, ziyalılar, mütəxəssislər və dövlət məmurları dəvət edilərək bütün məsələlər hərtərəfli müzakirə edilməlidir.

7. Bir neçə kəndi bir yerə yığmaq (birləşdimək) doğru deyil. Yerli sakinlərin mütləq əksəriyyəti bunu doğru hesab etmir. Bəlkə çox kiçik və əlverişsiz mövqelərdə yerləşən bir neçə kənd bir araya gətirilə bilər. Amma bu yalnız nadir bir istisna olaraq gerçəkləşdirilə bilər. Çünki hər kəndin dərin keçmişi, zəngin bir mikrotarixi var, onların başqalarından ayrılması və uzun zaman ərzində başqa kəndlərlə birləşməmələrinin altında bir çox tarixi-etnoqrafik səbəb ola bilər. Bu kəndləri birləşdirmək o tarixi məhv etmək anlamına gələr. Bizim keçmiş və gələcək nəsillər qarşısında vəzifəmiz tariximizi kasıblaşdırmaq deyil, zənginləşdirməkdir. Kəndləri mümkün olduğu qədər birləşdirməmək, olduğu kimi bərpa etmək lazımdır.

8. İlk başlarda ən azından fermerlərin getməsinə öncəlik tanınması doğrudur. Heyvandarlıq, arıçılıq kimi sahələrdə qazanılan təcrübə başqa sahələrdə daha da təkmilləşdirilmiş formada tətbiq edilərək qayıdış sürətləndirilməlidir.

9. Müəyyən müddət üçün (5-15 il və ya məskunlaşma prosesi tamamilə başa çatıncaya qədər) bölgədə torpaq satışları yasaqlanmalıdır (oliqarxların monopoliya yaratmasını və dedi-qodulara səbəb ola biləcək başqa şübhəli sövdələşmələri əngəlləmək üçün). Torpaq satılması yasaq edilməklə bərabər 99 il kimi uzun müddətlərə icarəyə götürülməsi də yasaqlanmalı, icarə müddəti 3-10 il ilə məhdudlaşdırılmalıdır. Əlbəttə şəxsi həyətyanı sahələr buraya aid ediləməmlidir.

10. Bölgənin yerli sakini olmayan, ölkənin başqa rayonlarından gələrək Qarabağ və Şərqi Zəngəzura yerləşib, orada yaşamaq istəyən vətəndaşlarımızın bu istəyinin gerçəkləşdirilə bilməsi üçün uyğun prosedur işlənib hazırlanmalıdır. Bu, əlbəttə, ilk mərhələ üçün nəzərdə tutulur. Daha sonrakı mərhələdə (Qayıdış Hərəkatı tamamlandıqdan sonra) bölgəyə yerləşmək ölkənin hər yerindəki kimi sərbəst olacaqdır.

11. Məskunlaşama prosesi başladığı andan etibarən məcburi köçgün statusu və bununla əlaqədar olan bütün imtiyazlar ləğv edilməlidir. Bunun yerinə doğma yurduna geri qayıdanlara xüsusi bir status (məsələn, "yerləşimçi”, "qayıdan sakin” və b. kimi) verilməli və onlar üçün yeni imtiyazlar müəyyən olunmalıdır. Lakin bunlar elə imtiyazlar olmalıdır ki, yalnız geri qayıdanlar istifadə edə bilsinlər. Yəni, öz torpağına geri qayıdan məcburi köçgünlər köhnə imtiyazlardan məhrum edilməli və onlara 5-10-15 il və b. müddətlər üçün yeni imtiyazlar verilməlidir. Beləliklə geri qayıtmayan köçgünlər bütün imtiyazlarını itirmiş olacaqlar. Geri qayıdanlar isə onlara verilən imtiyazlardan yalnız daimi yaşayış yerlərində istifadə edə biləcəklər.

12. Məcburi köçgünlərin öz rayonlarının bütün dövlət qurumları, məktəb, xəstəxana və s. ilə olan əlaqələri bundan sonra yalnız o rayonların öz ərazisində gerçəkləşdirilməli, bütün işlər orada görülməli, bütün arayışlar orada verilməlidir. Beləliklə, yerli sakinlərin rayon və kəndlə əlaqələri yenidən canalanacaq, yurd və könül bağları yenidən möhkəmlənəcəkdir.

13. Yerli məktəblərin məzunlarına müəyyən imtiyazlar tanınmalıdır. Qaçqın və köçgünlər üçün indiyədək mövcud olan imtiyazlar yalnız qayıdış nəticəsində öz doğma şəhər və kəndlərinə qayıdıb məskunlaşan əhaliyə şamil edilməlidir. Təhsil haqqının ödənişində qayıdan ailələrin uşaqlarına imtiyazlar tanınmalıdır. Məcburi köçgünlərə tibb sahəsində verilən imtiyazlar ləqv edilməli və onlara bəzi əlavələr də edilərək qayıdan ailələrin üzvlərinə verilməlidir.

14. Bütün iş sahələrində özəl sektor təmsilçiləri üçün istisnalar tanınmalı, açılacaq olan iş yerlərinə ərazi ayrılması, bölgəyə gətiriləcək olan idxal malların gömrükləndirilməsi və b. kimi sahələrdə müəyyən müddətlər (10-20 il) ərzində vergi güzəştləri edilməlidir.

15. Bölgənin demografik inkişafı üçün çoxuşaqlı ailələrin artması məqsədilə, bir müddətdir sosial sifariş kimi irəli sürülən uşaq pulu məsləsinin həllinə bu rayonlardan başlamaq və başqa rayonlarla müqayisədə məbləği (1 – 1,5 – 2 dəfə) daha yüksək müəyyənləşdirmək olar. Həmçinin, çoxuşaqlı ailələrə xüsusi yardımlar və s. barədə düşünmək lazımdır. Çoxuşaqlı ailələrdə özəl analıq statusu, özəl mükafatlar və b. müəyyənləşdirilib tətbiq edilə bilər.

16. Bölgənin mədəni, elmi, iqtisadi, demografiik inkişafını sürətləndirmək üçün bölgədə ali məktəblərin uyğun fakültələrinin filialları açılmalıdır. Daha uyğun olan bir mərkəzdə isə yeni bir universitet yaradılmalıdır.

17. Bölgədə inzibati, sənaye və yaşayış obyektlərinin tikilməsi, bu obyektlərdə iş və yaşayış şəraitinin təmin edilməsi məqsədilə lazımi avadanlıq və məişət əşyalarının birbaşa bölgədə istehsalı üçün uyğun istehsal sahələri güzəştli şərtlərlə yaradılmalı və fəaaliyyətə başlamalıdır. Yaranacaq olan böyük bazar da nəzərə alınaraq, burada ölkə sənayeləşməsinin təməli qoyulmalıdır.

18. Bu coğrafiyaya təşviq barədə düşünülməlidir. Müxtəlif peşə sahiblərinin (müəllim, həkim, kənd təsərrüfatı ixtisasları və b.), xüsusilə də gənc mütəxəssislərin bölgəyə cəlb edilməsi üçün maaşlara "bölgə bəxşişi” adı altında müəyyən məbləğdə əlavənin edilməsi barədə hüquqi baza yardılmalıdır.

19. Əhali arasında aidiyyəti üzrə müxtəlif sahələrdə geniş miqyaslı rəy sorğularının keçirilməsi sakinlərin səfərbər olması üçün atılan addımlardan biri və birincisidir. Yaxşı olar ki, bu mövzu geniş ictimaiyyətin müzakirəsinə buraxılsın, milli səfərbərliyin tam baş tutması üçün KİV-lərdə dialoqlar qurulsun, müzakirələr aparılsın.

20. Qayıdışla əlaqədar yaranmış çoxsaylı suallara qanunçuluq əsasında cavab verilməlidir. Aralıq söz-söhbətlərinə, məqsədyönlü aparılan müxtəlif siyasi, psixoloji və mənəvi diversiya əməllərinə qarşı lazımı tədbirləri görmek, ayıq-sayıq olmaq vacibdir.

21. Qayıdıb öz yurdunda məskunlaşan insanların məcburi köçgün olaraq keçmiş olduqları məşəqqətli həyatı nəzərə alaraq, onların təqaüd yaşı mövcud təqaüd yaşından 3-5 il daha aşağı çəkilməlidir.

22. Bölgə xalqı üçün xeyriyyə məqsədilə ev tikmək istəyən iş adamlarının fəaliyyətini əlaqələndirmək üçün bir quruma tapşırıq verilməli və ya xüsusi bir koordinasiya qurumu yaradılmalıdır. Bu qurumlar iş adamlarının bu məqsədlə haraya və necə müraciət edəcəkləri barədə bilgi verməlidir. Hətta elə bir sistem tətbiq edilə bilər ki, ölkədəki bütün şirkətlər orada xalq üçün evlər tikməyə maraq göstərər. Bunun üçün bu şirkətlərə müəyyən imtiyazlar tanınmalı, məsələn, xeyriyyə məqsədilə ev və ya ictimai bina tikmək istəyən şirkətlərə ciddi vergi güzəştləri edilməlidir. Buna bəzi başqa imtiyazlar da əlavə etməklə şirkətlər xeyriyyə fəaliyyətlərinə yönəlidilər. Beləliklə dövlət büdcəsinə düşən yükün ciddi bir bölümü özəl sektorun payına düşər.

23. Dövlət kənar güclərin (bu məsələdə mənfi mövqə tutan qonşu dövlətlərin) prosesə müdaxilə etməsinə imkan verməməli, onların məsələyə münasibətini nəzərə almalı, ancaq öz planını israrla tətbiq etməlidir. Çünkü xalq arasında, xüsusilə Rusiyanın bu məsələdə mənfi mövqedə olduğu, geri qayıdışa mane olmağa çalışdığı və iqtidarın da buna etiraz edə bilmədiyi barədə bir fikir formalaşdırılmışdır. Bu durum Qayıdış Hərəkatının uğurla və heç bir gərginlik yaşanmadan gerçəkləşməsinə mane ola bilər. Bu sahədəki yanlış anlaşılmaları ortadan qaldırmaq hökümətin vəzifəsidir və bunu yerinə gətirməldir.

24. Öz evini şəxsi imkanlarıyla tikmək istəyən adamların dövlət tərəfindən siyahıları tutulmalı, onlara uyğun qiymətlərə inşaat materialları satılmalıdır. Ehtiyacı olanalara ise uzun müddətli, faizsiz kreditlər ayrılmalı və gedib bölgədə evlərini tikmələrinə öncəliklə icazə verilməlidir. Bunun sayəsində minlərlə ev tikilə biləcək və xərcləri dövlət deyil vərtəndaşlar tərəfindən ödənəcəkdir. Beləliklə, dövlət ağır yükün bir hissəsindən qurtulacaq, buraya yönəldəcəyi vəsaiti başqa işlərdə istifadə etmək imkanı yaranacaq.

25. Öncəliklə mərkəzi dövlət idarələri, yerli idarəətmə orqanları, xəstəxanalar, məktəblər rayon və kəndlərə yerləşməlidir. Xalqın bölgəyə kütləvi şəkildə yerləşməsi yalnız bundan sonra sürətlənə bilər.

26. Bölgə ilə əlaqədar xüsusi nümayəndəlik institutu müşavirlik xidməti mənasında bəlkə uğurlu bir seçim ola bilər. Ancaq Qayıdışın uğuru və bölgənin qısa zamanda məskunlaşdırılması baxımından heç bir yararı olmayan, hətta işləri çətinləşdirən, bürokratik əngəl təşkil edə bilən bir seçimdir. Qayıdış kimi mürəkkəb bir proses ancaq güclü yerli idarə orqanları sayəsində gerçəkləşdirilə bilər. Ümumiyyətlə, xüsusi nümayəndəlik kimi bir strukturun dünyada bənzəri yoxdur. Rusyada bölgələrin səlahiyyətlərini məhdudlaşdırmaq üçün yaradılan xüsusi nümayəndəlik statusu və strukturlarının təqlid edilərək mexaniki tətbiqi isə ölkəmizin şəriatinə uyğun deyil. Qayıdış Hərəkatına mənfi təsir göstərəcəyi nəzərə alınaraq xüsusi nümayəndəlik institutunun yaradılması barədə qərar yenidən gözdən keçirilməlidir.

27. Qayıdış Hərəkatı bir çox idarə, müəssisə, çox sayıda əhalinin iştirakı ilə gerçəkləşən, ictimai-siyasi, iqtisadi, təhlükəsizlik və sair faktorların təsir göstərdiyi misli görünməmiş mürəkkəb bir prosesdir. Buna görə də müasir informasiya texnologiyaları əsasında bu prosesin bir neçə modelinin yaradılması və bilgisayar simulyasiyasının gerçəkləşdirilməsi faydalı olar.

28. Qayıdış Hərəkatında aktiv rol oynaması nəzərdə tutulan məmurların, mütəxəssislərin, fəhlələrin və xüsusən də könüllülərin hər birinin öz işinə görə uyğun təlim-tədris kurslarında təlimatlandırılması, bu iş üçün hazırlaşdırlması lazımdır. Bölgədə fəaliyyət göstərmək istyəyən könüllülər diqqətlə seçilməli, maarifləndirilməli, ixtisaslarına görə qruplaşdırılmalıdır. Türkiyə istisna olmaqla, başqa ölkələrdən könüllü qəbul edilmemelidir.

29. "Qayıdış Hərəkatının Mətbuat Xidməti” və ya başqa bir uyğun ad altında bir qurum yaradılaraq, bu qurumun mövzu ilə əlaqədar bütün məsələlər barədə yerli və xarici mətbuatı, eyni zamanda xalqı müntəzəm olaraq məlumatlandırması lazımdır. Elə etmək lazımdır ki, bütün informasiyalar planlı-proqramlı və obyektiv bir şəkildə lazımi ünvanlara çatdırıla bilsin.

30. Bölgə torpaqlarında (istər pay torpaqları, istər başqaları) orqanik kənd təsərrüfati fəaliyyətləri üçün şərait yaradılmalı, uzun illər kimyəvi maddələrin istifadə edilmədiyi bu ərazilərdə hormonsuz, orqanik məhsullar istehsal edilərək bunların ixracatı təşkil edilməlidir. Bələliklə bölgə əhalisi üçün ciddi bir gəlir qaynağı yaradılmış olar. Bu sahənin gəlirləri turizmdən də, əyləncə sektorundan da, hətta sənayedən də yüksəkdir.

31. Ağıllı kəndlər, ağıllı şəhərlər yaradıla bilər. Lakin mövcud kəndlər, qəsəbələr, şəhərlər də modern prinsiplərə görə bərpa olunub son texnologiya ilə tam təchiz edilə bilər. Beləliklə, həm qayıdan əhalinin yerləşməsi təmin edilər, həm də ənənəvi mədəni-tarixi miras canlandırılar ki, bu daha məqsədəuyğun bir həll yoludur. Ənənəvi yaşayış məntəqələri yaşıl enerji ilə təmin edilib, müasir kommunikasiya imkanları yaradılarsa əhalinin tələb və ehtiyaclarına daha uyğun olar. Yerli sakinlərin ağıllı kənd ideyasına soyuq baxdığını dövlət orqanları nəzərə almaldıır. Bunun əvəzinə bölgədə yüksək texnologiyalara əsaslanan iş yerlərinin, yaşıl enerjidən istifadənin və buna bənzər fəaliyyətlərin təşviq edilməsi daha məqsədəuyğun olar.

32. Hər yerin, hər kəndin öz tarixi ənənəsi və etnoqrafiyası var. Bunlar mümkün olduğu qədər bərpa edilməlidir. Bu məqsədlə yerli əhalinin yaşlı nümayəndələrindən, etnoqraf-sosial antropoloq, folklorçu, tarixçi və başqa mütəxəssislərdən ibarət bir komissiya və onun rayon qrupları yaradıla bilər.

33. Qayıdış prosesində yalnız Azərbaycanda yaşayan məcburi köçgünlərin deyil, başqa ölkələrdə yaşayanların da iştirak etmələrini təmin məqsədilə çağırış etmək, onları məlumatlandırmaq lazımdır.

NƏTICƏ

Yuxarıda təqdim edilən təkliflər, ola bilsin ki, Qayıdış Hərakatının bütün aspektlərini və problemlərini əhatə etmir. Lakin ilk mərhələdə bunlara özəlliklə diqqət edilməsi gərəkdiyini düşünürük. Eyni zamanda MHB olaraq gələcəkdə başqa təkliflərin hazırlanmasına və ictimaiyyətlə bölüşülməsinə də hazırıq.

Yuxarıda da deyildiyi kimi, burada bütün təkliflər yalnız müzakirə məqsədilə təqdim edilir. Bunların əlaqədar dövlət orqanları, mütəxəssislər və xalqın bütün təbəqələri tərəfindən geniş müzakirəsi bu sənəddə nəzərdə tutulmayan və ya səthi toxunulan bir çox məsələnin daha dərindən araşdırılmasına, daha əsaslı və önəmli olan yeni təkliflər verilməsinə imkan yarada bilər. Nəzərə almalıyıq ki, cəmiyyətimiz narahatdır. Yerli sakinlər bir an öncə yurdlarına yerləşməyə tələsir, vaxt get-gedə daralır. Cəmiyətdəki bu gərginliyi azaltmaq, yurda dönmək üçün gün sayan sakinlərin həvəsindən və enerjisindən faydalı şəkildə istifadə etmək meqsedile ləngimədən fəaliyyətə keçmək lazımdır. Ona görə bütün əlaqədar təşkilatları və şəxsləri müzakirələrdə aktiv iştirak etməyə, Qayıdış Hərəkatının uğurla gerçəkləşməsinə öz töhfələrini verməyə çağırırıq.

Azərbaycan dövlətinin strateji maraqları bizdən bunu tələb etməkdədir.

Sayğılarımızla,
Milli Hərəkatçılar Birliyi (MHB) İctimai-Siyasi Maarifçilik Hərəkatı
26 aprel 2022-ci il"

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər