Ru
16:25 / 01 Avqust 2022

"Bu, dilimizə növbəti zərbə idi" - Dilçi alim akademikləri tənqid etdi

3922
“Ana dilinin təbliği, öyrənilməsi, onun sevdirilməsi istənilən səviyyədə deyil. Hələ də əcnəbi dilləri üstün tutanlar var”.


Bu fikirləri Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Bakupost.az -a deyib.


Professor ana dili ilə bağlı müəyyən problemlərə diqqət çəkib:

“İnsanlar arasında qəribə tendensiya yayılıb ki, Azərbaycan dilində çox fikirləri ifadə etmək olmur. Guya Azərbaycan dilinin ifadə imkanları məhduddur. Bu, kökündən yanlış fikirdir. Təəssüf ki, Azərbaycan dili son onilliklərdə o qədər dərindən öyrənilməyib. Eyni zamanda onun tarixi tədqiq olunmayıb. 1620-ci ildə Səfəvilər dövlətində Azərbaycan dili beynəlxalq dil səviyyəsində, həmçinin saray dili idi. Bu dilin ifadə imkanları çox genişdir. Hətta Azərbaycan dilində olan bəzi qrammatik zaman formaları fransız, italyan dilində heç yoxdur. Dilimizdə zaman formaları çox zəngindir”.

İ.Abbasov Azərbaycan dilinin təbliği ilə bağlı məsələyə də diqqət çəkib:

“Bizə elə təbliğ ediblər ki, guya dilimiz kütdür, məhduddur, başqa dillər daha zəngindir. Əbəs yerə deyil ki, rus dilini öz dilimizdən gözəl öyrənirdik. Halbuki rus dilində "a" və "f" hərfilə başlayan rus sözü yoxdur, hamısı alınmalıdır. Azərbaycan dilində oturuşmuş əcnəbi sözlər var. Deyirik ki, bu alınmadır və bunu dəyişək. Bu da yanlış fikirdir”.

Professorun sözlərinə görə, dilimizi dilçilərdən qorumaq vəziyyətinə gəlib çıxmışıq:


“Akademik alimlərin əksəriyyəti boş-bekar qalanda dil üzərində əməliyyatlar apararaq,orfoqrafiya, yazı qaydalarını dəyişməyə başladılar. Bu, dilimizə növbəti zərbə idi. Tarixə baxdıqda ən çətin orfoqrafiyası olan fransız dilində belə bu dəyişiklikləri etmirlər. Amma bizdə iş görüntüsü yaratmaq üçün bunu etdilər. 2017-2018-ci ildə hətta sürətlə bunun üstünə düşdülər. Bu, dilə vurulan zərbədir. Həmişə deyirdim ki, onu etmək əvəzinə dilimizin dünya kitabxanalarında əlyazma şəkilində saxlanılan, Qərb dilçiləri tərəfindən yazılan qrammatikalarını araşdıraq.

Təsəvvür edin, Şah Abbasın sarayında xidmət edən italyan səyyah Azərbaycan dilinin beynəlxalq statusa malik olduğunu deyir. Orta Asiya, Gürcüstan, Yaxın Şərqdə dilimizi bilirdilər. Sovet dövründə az öyrənilsə də, dilimiz yaxşı mənimsənilmişdi. Hətta dilin tələffüzünü öyrənmək üçün çox istərdim ki, 70-80-ci illərdə olan aktyorların diksiyasına qulaq asaq. O zaman radioda "Poeziya buketi", "Nəğmə çələngi" verilişi verilirdi. Dilimizin gözəlliyi orada əks olunurdu. Məşhur aktyor Rasim Balayev, Əminə Yusifqızının ifasında səslənmdirmə çox gözəl idi. Onlar bu dili bizə çox gözəl sevdiriblər. İndi başqa dillər ölkəmizə daxil olub deyə mənzərə dəyişib”.


Şöbə müdiri Ana dili iə bağlı məktəblərdəki vəziyyəti də şərh edib:


“Məktəblərdə ilk növbədə ixtisaslı müəllimlər olmalıdır. Son onilliklərədə daha sanballı dil müəllimlərinin yetişdiyinə inanmıram. Dili ədəbiyyatsız öyrənmək mümkün deyil. Şagirdlərin çoxu artıq şeir bilmirlər. Hekayələrə maraq göstərmirlər. "Dili qoruyaq" deyirik, amma bunu əməldə yerinə yetirmək lazımdır”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər