Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
***
Bu gün Azərbaycan qazı Suriyaya nəql ediləcək. Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü dövlət olacaq. Bunadək Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdi".
Bakupost.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsi ilə nəql ediləcək:
"Bu o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti 2 milyard kub metrədək yüksəldilə biləcək. Azərbaycan qazı vasitəsi ilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə, Azərbaycan qazından istifadə etməklə Suriya daxilii elektrik enerjisi təminatını 2 dəfə yaxın yaxşılaşdıra biləcək. Suriyanın enerji təlükəsizliyinə töhvə Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycanın yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin də enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır.
Regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhvə verən təşəbbüslərdən biri məhz Cənub Qaz Dəhlizinin reallaşması oldu. Bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr təbii qazın Türkiyə, Avropaya və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyin daha da güclənməsinə nail oluna bilindi.
Bütövlükdə, Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsi ilə öz enerji təhlükəsizliyini gücləndirəcək".