Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar.
Bakupost.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər.
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva daha sonra uşaqlarla söhbət edib və şəkillər çəkdiriblər.
Qeyd edək ki, gözdən əlil uşaqlar üçün internat məktəbi 1961-ci ildə inşa edilib. Məktəb 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, yeni sinif otaqları, kompüter zalı yaradılıb və müasir avadanlıqla təchiz olunub.