Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Hüseynağa Bağırova məxsus “VAZ-2107” markalı minik avtomobilində qəfil yanğın baş verib. Nəticədə maşının salonunda olan Seyfəl Bağırlı yanaraq həyatını itirib.
İlkin məlumata görə, hadisə ata avtomobili təmir edərkən baş verib. Belə ki, azyaşlı atasının yanında olub və təmir prosesi zamanı avtomobilin salonuna daxil olaraq orada oturub. Hüseynağa Bağırov qısa müddətlik işini yarımçıq qoyaraq oradan uzaqlaşıb, geri qayıtdıqda isə nəqliyyat vasitəsindən tüstü çıxdığını görüb.
Atası uşağı xilas etmək məqsədilə dərhal avtomobilin qapısını açsa da, alov daha da güclənib. Nəticədə alovun içində qalan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.