Ru
12:16 / 01 İyul 2022

Dinlər mənim dostumdur - Tolerantlığın Azərbaycan modeli

43565
Tolerantlıq Azərbaycan xalqının yüksək mədəni səviyyəsinin göstəricisidir. Tarixi faktlar sübut edir ki, Azərbaycan hər zaman dinlərin və mədəniyyətlərin qovşağı olub.


Azərbaycana bütün dövrlərdə dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanların sığınacaq, yurd yeri olub. Dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanlar ölkəmizə üz tutub, yurd salıb burada yaşamağı seçiblər. Təkcə yəhudi və xristianlığın mənsubları deyil, müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən, sıxışdırılan İslamla bağlı məzhəblərin nümayəndələri də bizə pənah gətiriblər. Bu baxımdan Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir.





Sevindirici haldır ki, Azərbaycanda müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayılmasına baxmayaraq, etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Azərbaycanda məskunlaşan dini-etnik qrupların nümayəndələri burada özlərini yad yox, öz doğma vətənlərindəki kimi hiss ediblər. Onlar yerli əhali ilə qaynayıb-qarışıb, hətta qohumluq əlaqələri də qurublar.


Azərbaycanda tolerantlığın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dini tolerantlığın inkişafı və qorunması istiqamətində də mühüm addımlar atılıb.


Heydər Əliyev hesab edirdi ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir: “Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.


Dini tolerantlığın qorunması Prezident İlham Əliyevin siyasətində özünə mühüm yer tutur. Prezidentin tapşırığı ilə bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilən Azərbaycanda tolerantlığın daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.


Prezident bildirib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk. Tarixən dinindən, dilindən, irqindən asılı olmayaraq ölkəmizdə müxtəlif xalqların nümayəndələri həmişə bir ailə olaraq dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar. Bu mütərəqqi ənənə indi də davam edir və qeyd olunduğu kimi, Azərbaycanın əsas xarakterik xüsusiyyətləri sırasında yer alır. Azərbaycan burada yaşayan hər bir xalqın vətənidir. Azərbaycan dövləti bütün gücünü ortaya qoyur ki, ölkəmizdə yaşayan bütün xalqlar özlərini rahat hiss etsinlər, vahid ailə kimi yaşayaq. Bu gün dünyada Azərbaycanın adı çəkiləndə təkcə neftdən söhbət getmir. Eyni zamanda, millətlərarası münasibətlərdən söhbət gedir. Azərbaycan artıq bölgədə və dünyada bir model rolunu oynamağa başlamışdır. Təsadüfi deyildir ki, ölkəmizdə dini, milli tolerantlıq, dözümlülük mövzularında müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu, bizim ən böyük gücümüzdür, ən böyük sərvətimizdir və biz bu sərvəti qorumalıyıq. Prezident, hər bir məmur, millət vəkili, hər bir vətəndaş, hər bir insan bu sərvəti öz əməyi, öz münasibəti ilə qorumalıdır".


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tariximəkandır. Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda, vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına görə regionun lider dövlətidir:




“Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olan Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar”.


G. İsmayılov qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub: “Azərbaycanda və bütün regionda ilk dəfə 16 noyabrın Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi məhz Ümummilli liderin təşəbbüsü və göstərişi ilə olub”.


Sədr müavininin dediyinə görə, bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfi ndənqanun çərçivəsində lazımi dəstək verilir: “Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifi k keyfi yyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm də mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etirafıdır”.




Hazırda ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır.


Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün lazımı şərait yaradılıb.


Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev deyir ki, Azərbaycanda yəhudi xalqının yaşayıb inkişaf etməsi, dini ayin və mərasimlərini sərbəst şəkildə yerinə yetirməsi üçün digər dövlətlərdən də yaxşı şərait var: "Bu gün Avropada gedib bir sinaqoqa sərbəst şəkildə girə bilməzsiniz. Avropada hər 10 addımdan bir bu məkanları avtomatlı, silahlı əsgərlər qoruyur. Ancaq Azərbaycanda əksinə, sinaqoqların qapısı insanların üzünə hər zaman açıqdır. İnsanlar burada bütün dini ayinlərini sərbəst şəkildə, rahatlıqla yerinə yetirirlər. Belə bir nümunə heç bir ölkədə yoxdur. Tolerantlığın Azərbaycan modeli doğurdan da sözün əsil mənasında bütün dünyaya üçün, xalqlar üçün bir örnəkdir”.


Alban-udi dini icmasının sədri Robert Mobilinin sözlərinə əsasən, tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi, Azərbaycanda yaşayan xalqlara, o cümlədən udilərə öz varlığını, adət-ənənələrini qoruyub saxlamağa imkan verir. Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır: “Hazırda Azərbaycanda udilər kompakt halda Qəbələ rayonunun Nic kənində və Oğuz rayonunda yaşasalar . Bu gün Nic kəndi Azərbaycanda müxtəlif dinlərə tapınan, fərqli dillər də danışan insanlar arasında tarixən birgəyaşayış normalarının yaranmasının bariz nümunələrindən biridir. Əhalisi təqribən 6800 nəfər olan bu kənddə iki məscid və üç kilsə var. Buradakı beş məktəbdə Azərbaycan dili ilə yanaşı udi dili də tədris olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqa malikdir. Prezident bildirib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri , eyni səviyyədə yaşayır və bundan sonra belə də olacaq: “Azərbaycan Respublikasının Prezidenti kimi mən bundan sonra da əlimdən gələni edəcəyəm ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü burada rahat hiss etsin”. Bizə yaradılan bu şəraitə görə Prezidentə, xalqımıza udilər adından öz təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda Alban kilsəsinin bərpası və intibahı ilə bağlı müxtəlif beynəlxalq konfransların keçirilməsi, udilərin alban xristian ibadətlərini özünəməxsus şəkildə dini və məişət ənənələrində davam etdirə bilməsi, bununla da öz mədəniyyətini, dilini, dinini, etnik kimliyini və etnik adını günümüzədək qoruyub-saxlaya bilməsi Azərbaycanın hər zaman sadiq qaldığı tolerantlıq ənənələrindən irəli gəlir. Bu gün Nic kəndi müsəlman və xristian udilərin birgə yaşadığı, kilsə və məscidin yan-yana fəaliyyət göstərdiyi Azərbaycan tolerantlığının kiçik bir modelidir”.


Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan ta qədimdən bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daima sülh və əmin-amanlıq şəraitində yaşayıb, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar:




“Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma müşahidə edilməyib. Onlar burada özlərini öz doğma vətənlərindəkikimi hiss ediblər. Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə çalışıb".


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov vurğulayıb ki, Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir: “Tolerantlığın Azərbaycan nümunəsi bütün dünyada böyük rəğbət və maraqla qarşılanır. İllər ərzində Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib. Həmçinin, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib”.



A. İsgəndərovun dediyinə görə, Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Azərbaycanın dövlət-din münasibətləri modelini təşviq edən dini maarifləndirmə işinin aparılması, mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətlərinin inkişafına dair proqramların hazırlanaraq həyata keçirilməsi və sair baxımdan böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dini-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir”.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər