Braziliya polisi doğum evində yenicə doğulmuş körpəni anasından almağa cəhd edən cütlüyü həbs edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Último Segundo” nəşri məlumat yayıb.
Amazonas ştatının polisi yeni doğulmuş körpələrin qanunsuz övladlığa götürülməsi sxemində şübhəli bilinən üç nəfəri saxlayıb. Məlumata görə, cütlük Manakapuru bələdiyyəsindəki doğum evində yenidoğulmuş körpəni 500 reala (təxminən 89,34 ABŞ dolları) almağa çalışıb.
Hüquq-mühafizə orqanları anonim mesaj əsasında planlaşdırılan sövdələşmədən xəbər tutub və dərhal tibb müəssisəsinə yollanıblar.
Yoxlama zamanı polis müəyyən edib ki, saxlanılan şəxslərdən biri özünü körpənin bioloji atası kimi təqdim edərək uşağı rəsmi qeydiyyata salmağa cəhd edib, lakin bu mümkün olmayıb. Araşdırma nəticəsində məlum olub ki, maddi vəziyyəti ağır olan körpənin anası borclarını ödəmək məqsədilə uşağı satmağa razılaşıb.
Şübhəlilər ifadələrində körpəni San-Paulo şəhərinə aparmaq niyyətində olduqlarını bildiriblər. Onlara əvvəllər də qanunsuz övladlığa götürmə hallarında iştirak etmiş bir qadının yardım etdiyi müəyyən edilib. Həmin qadın da saxlanılıb.
İlkin istintaq zamanı məlum olub ki, cütlük daha əvvəl övladlığa götürmə prosesini rəsmi qaydada həyata keçirməyə çalışıb, lakin zəruri sənədlərin olmaması səbəbilə bu proses baş tutmayıb.
Lalə,
BakuPost