Ru
09:39 / 12 Avqust 2023

Dünya təhlükə qarşısında: Ölümcül istilər yeni fəlakətlər gətirir - Araşdırma

21126
Artıq bir neçə gündür ki, isti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində anomal istilər müşahidə olunur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvanda 42 dərəcəyədək, Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.






Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın dediyinə görə, ölkə ərazisində isti hava şəraiti avqustun ortalarınadək davam edəcək.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, bəzi yerlərdə 41-42 dərəcə, bölgələrdə 37-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq ərazilərdə isə 29-34 dərəcəyədək isti olacağı
gözlənilir.

Yüzillik meteoroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə, Mərkəzi Aran rayonlarında isə 43 dərəcə olub.

Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir, lakin 100 illik meteoroloji müşahidələrə görə son illər yay dövründə, xüsusən də iyul-avqust aylarında anomal isti günlərin sayı artmaqdadır, “isti dalğaların” davamiyyəti daha uzunmüddətlidir.


Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də hiss olunur və ciddi problemlər yaradır.


İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən, antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar - karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir.


Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferden, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə günəş şüalarıyla istilənən, amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır.



Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər isinirdisə, artıq isinmə 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da isinməsinə səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.






Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutundan bildirilib ki, iqlim dəyişikliyinə təbii və antropogen amillər təsir edir.


Təbii amillərə vulkan püskürmələri, meşə yanğınları və sair aiddir. Bunlar atmosferə müxtəlif zərərli qazlar buraxır, qaz tərkibini müəyyən qədər dəyişir, bu da Yerin Günəşdən aldığı istiliyi artırır. Antropogen amillərdən isə sənaye müəssisələrinin inkişafı, avtomobillərdən atılan qazlar, təmizləyici qurğuların olmaması, səhralaşma prosesi iqlimin dəyişməsinə təsir edir. Qlobal istiləşmə nəticəsində təbii zonaların, iqlim qurşaqlarının sərhədləri dəyişə, meşələr təbii şəkildə məhv ola, səhralaşma prosesi baş verə, torpaq eroziyası güclənə, güclü tayfunlar, tornadolar müşahidə edilə bilər. Həmçinin, isti hava dalğalarının təkrarlanması müşahidə edilir. Bunlar hamısı həm cəmiyyətə, həm də təbiətə mənfi təsir göstərən amillərdir.



Qlobal istiləşmənin qarşısının alınması üçün bütün zavod, fabrik, müəssisələrdə təmizləyici qurğuların dəqiq işləməsini, qurulmasını təmin etmək lazımdır ki, atmosferə atılan zərərli qazların miqdarı azalsın. İkinci növbədə avtomobillərin az olmasına diqqət edilməlidir. Bunlar texniki cəhətdən həyata keçirilməsi mümkün olan tədbirlərdir. Bundan başqa, hər ölkədə atmosferə buraxılan karbon qazının utilizasiya edilməsi, meşələrin sahəsinin artırılması, torpaqların qayğısına qalmaq, səhralaşma, eroziya prosesinin qarşısını almaq lazımdır. Bu tədbirlər gələcəkdə iqlim dəyişikliyi ilə bağlı fəsadların bir qədər yumşaldılmasına kömək edər.





Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir:


"Bu, təkcə ətraf mühitə deyil, həm də bütövlükdə iqtisadiyyata və cəmiyyətə təsir göstərir. Elmi araşdırmalar göstərir ki, artıq qlobal istiləşmənin təsirlərini daha tez-tez və intensiv şəkildə baş verən təbii fəlakətlər, dəniz səviyyəsinin dəyişməsi və anomal hava şəraiti ilə müşahidə edirik. Bu çağırış qarşısında özümüz və planetimiz üçün daha dayanıqlı gələcək qurmaq üçün kifayət qədər imkanlarımız var".



Nazirin dediyinə görə, iqlim dəyişiklikləri ilə mübarizə Azərbaycan hökuməti üçün də əsas prioritetlərdəndir. Hökumət iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün müvafiq tədbirlər görür.



Ekoloq Toğrul Xəlilov deyir ki, hazırda qlobal istiləşmənin təsiri bütün dünyada hiss olunmaqdadır: buzlaqlar əriyir, temperatur həddən artıq yüksəlir, fəsillərarası fərq itir:



“Kimyəvi silahlar, atom bombaları, nüvə enerjisi təbiətin korlanmasına gətirib çıxarır. Karbohidrogen qazı təbiətə böyük ziyan vurur. Bunun nəticəsidir ki, uzun müddətdir istiləşmə prosesi davam edir və buzlaqlar əriyir. Ən soyuq ölkələrdə belə qar yağmır. Meşə yanğınları artıq adi hala çevrilib. Bu doğurdan da çox ciddi bir problemdir. İqlim dəyişmələriylə daha çox buxarlanma nəticəsində dəniz səviyyələri enir, çaylarda su azalır. Xəzərin səviyyəsinin enməsi nəticəsində sahillərinin daxilə çəkilməsi də iqlim dəyişikliyinin fəsadlarıdır. Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına baxsaq, son vaxtlar Kür və Araz çaylarında da su azalıb. Yağıntılar olmadıqca, təbii ki, çayların suyu azalır, bu da kənd təsərrüfatı sahəsi ilə məşğul olan insanların fəaliyyətinə mənfi təsir göstərir. Son onilliklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. Kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü, yer sürüşmələri, vulkanların aktivləşməsi prosesləri narahatlıq doğurur. İqlim dəyişmələri nəticəsində dünyada bioloji resursların da sayının azalması xüsusi qeyd olunmalıdır. Bunun qarşısını almaq üçün dünya dövlətləri bir araya toplaşıb qərara gəlməlidirlər. Ekoloji tarazlığın bərpası üçün təbiətə vurulan ziyanın həcmi azaldılmalıdır. Son illər ərzində iqlim dəyişikliyinin ağır fəsadları müşahidə olunmağa başlayıb. Bunun nəticəsidir ki, artıq fəsillər öz yerini dəyişib. Şübhəsiz ki, istilik artdıqca təbiətə dəyən ziyanın miqdarı da artacaq. 50 ildir ki, alimlər bu haqda elmi tədqiqat işləri aparır. Amma hələlik ciddi nəticə yoxdur. Müxtəlif qabaqlayıcı tədbirlər planı hazırlansa da, nəticə qənaətbəxş deyil. Ona görə də bu istiqamətdə ciddi iş aparılmalıdır”.

Ekoloqun sözlərinə görə, dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, dəniz suyunun səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkiləri artır. Qlobal istiləşməylə əlaqədar dünyanın bəzi bölgələrində qasırğa, sel və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı quraqlıqlar və səhralaşma baş verir. Qışda temperatur yüksək olur, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni iqlim dəyişir. Yeni iqlim şəraitinə dözə bilməyən bitki və heyvan növləri isə ya azalır, ya da tamamilə yox olur. Qlobal istiləşmə insan sağlamlığına da ciddi təsir göstərir. Alimlər iqlim dəyişikliklərinin ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsir göstərəcəyi qənaətindədirlər.



Ekoloq qeyd edib ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün daha asan yollar da mövcuddur. Alternativ enerji mənbələrini artırmaqla, eləcə də atmosferə atılan istixana qazlarını azaltmaqla iqlim dəyişikliklərinin qarşısını almaq mümkündür:




“İqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab vermək mümkündür. Mitiqasiya dedikdə, istixana qazı emissiyalarının azaldılması və atmosferdən çıxarılması nəzərdə tutulur. Bu metodlara külək və günəş kimi az karbonlu enerji mənbələrinin inkişafı və effektiv şəkildə istifadəsi, kömürdən istifadənin tədricən dayandırılması, enerjinin səmərəliliyinin artırılması, meşələrin bərpası və qorunması daxildir. Adaptasiya isə inkişaf etdirilmiş sahil qorunması, fəlakətlər zamanı daha yaxşı idarəçiliyin təşkili və daha dayanıqlı məhsulların inkişafı vasitəsilə faktiki və ya gözlənilən iqlimə uyğunlaşmaqdan ibarətdir”.





Gülşad Məmmədova qeyd edib ki, qütb və yüksək dağlıq bölgələrdə baş verən istiləşmə bütün planetə təsir edir. Bütün bu proseslər isə bizim regiondan da yan keçmir:


“Bu ilin yazında Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) El Nino fenomeninin aktivləşməsini proqnozlaşdırmışdı. Bu, antropogen iqlim dəyişmələri fonunda baş verən təbii hadisədir ki, bu da qlobal temperaturun artmasına səbəb olur, mövsümi yağıntıların normalarına təsir edir və atmosfer havasını daha ekstremal edir. Artıq planetin tarixində bu ilin ən isti illərdən biri olacağı bildirilirdi. El Niño hər üç-səkkiz ildən bir baş verən və 8-10 ay davam edən, şərq ekvatorial Sakit okeanının sularında istiləşmə ilə əlaqəli bir fenomendir. Min illərdir davam edən El Niño dünya iqliminə böyük təsir göstərir”.

Havaların anomal isti keçməsi insan sağlamlığına da ciddi zərər verir.






Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib ki, ifrat istilər insanların sağlamlığı ilə bağlı əvvəllər mövcud olan vəziyyəti daha da pisləşdirir, xüsusən ürək-damar, diabet və astma xəstələrini narahat edir.


ÜST son günlər üç qitədə milyonlarla insanın temperatur rekordları ilə bağlı davamlı təhlükəli istilərə məruz qaldığını qeyd edib:


"Həddindən artıq istilər yaşlı insanlar, körpələr və uşaqlar, yoxsullar və evsizlər də daxil olmaqla, həssas qruplara ən çox ziyan vurur. Bu, həm də səhiyyə sistemlərinə təzyiqi artırır. İfrat istiyə məruz qalma sağlamlığa mənfi təsir göstərir, əvvəllər də mövcud olan şərtləri ağırlaşdırır, vaxtından əvvəl ölüm və əlilliklə nəticələnir".


Mütəxəssislər deyir ki, anomal istilərdən qorunmaq üçün günün müəyyən saatlarında, vacib olmadığı təqdirdə çölə çıxmamaq lazımdır.


Vacib hallarda isə şlyapa və digər günəşdən qorunmaq üçün geyimlərdən istifadə edilə bilər. İsti hava ilə birlikdə bədənimizdəki maye buxarlanır. Yəni orqanizm çoxlu maye itirir. Ona görə də gün ərzində ən azı 3 litrə yaxın su içməkdə fayda var. Maye itirdiyimiz zaman qanımızda laxtalanma gedir və beyin qanla tam təmin olunmur. Bir çox insanlarda bayılma halları müşahidə olunur. Yay aylarında çoxlu meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Maye ilə bərabər, bədənimizdəki duzlar da xaric olunur. Ona görə də çoxlu vitaminli qidalar qəbul etməliyik. Qida rasionunda qarpız və yemişə xüsusi yer ayırmaq lazımdır. Çünki bu iki qida məhsulunun tərkibində xeyli sayda vitaminlər var. Metohəssas insanlar isə belə havalarda daha diqqətli olmalıdır. Belə insanlar ümumiyyətlə, isti havalarda çölə çıxmamalıdır. Günəş şüaları onların orqanizmində daha ciddi fəsadlara yol aça bilər.




Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər