Ru
11:42 / 27 Mart 2024

Efir vaxtı azaldılmasın, tamam bağlansın - Saqqallı oğlanlar, lüt qızlar uzaqlaşdırılsın

3406
“Biz sosial veriliş deyəndə nəyi nəzərdə tuturuq? Kənddən, kəsəkdən unudulmuş, atılmış, cəmiyyət üçün yararsız adamları efirə çıxarmaq sosial problemi həll etmək deyil axı. Ona görə bu verilişlərin adını dəyişmək lazımdır”



Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Şeyx Əbdül efirlərimizdə ailə-məişət mövzusundan bəhs edən verilişlərin cəmiyyəti uçuruma apardığını bildirib:

“Şapalaqla üz qızarda-qızarda, yalan danışa-danışa hara kimi gedəcəyik? Prinsip etibarıyla söhbət o verilişlərin efir vaxtından deyil, efirdəki rüsvayçı, biabırçı hallardan getməlidir. Əlaqədar dövlət strukturları bu haqda niyə danışmırlar?! Əgər bir rayonun məişət, sosial problemini hansısa veriliş həll edirsə, onda onlar rayonda niyə oturublar? Bütün bu məsələlər kompleks həll edilməlidir”.


Şeyx Əbdül vurğulayıb ki, bu gün dünyada həlli vacib olan daha ciddi problemlər var:


“Bu gün dünyada böyük müharibələr, iqlim dəyişiklikləri bir nömrəli sosial problemə çevrilib. Yaxın yarım ildə bütün dünyanın bir nömrəli problemi neft-qaz deyil, içməli su olacaq. Bütün bunlar günümüzün reallığıdır. O verilişlərə nə ehtiyac var, onlar hansı xalqı, dövləti təmsil edir ki? Onların yerinə daha yaxşı verilişlər təqdim edə bilərik. Nə Gürcüstanda, nə də Ermənistanda belə verilişlər yoxdur”.

Xalq artisti ifaçılıq mədəniyyətimizin də bərbad hala salındığını deyib:


“Meyxana ritmiylə mahnı oxuyanlar, sözü bərbad olan bayağı mahnılar efirləri zəbt edib. Niyə bu məsələlərə münasibət bildirilmir? Azərbaycanın mədəni faciəsi məhz o eybəcər müğənnilərin, mahnıların, sözü, ifası, geyimi bərbad adamların efirə çıxarılmasıdır. Bu gün bütün meyxanaçılar mahnı oxumağa başlayıb. Bizim ifa mədəniyyətimizi məhv edirlər. Saqqallı oğlanlar, açıq-saçıq geyinən qızlar efirləri bərbad günə qoyub. Ona görə Azərbaycan ziyalılarına müraciət edirəm ki, bu məsələyə öz mövqelərini bildirsinlər. Gəlin musiqi, ifa mədəniyyətimizi bu adamlardan xilas edəyin”.





Qeyd edək ki, kanallarda yayımlanan bir sıra reytinqli verilişlərlə bağlı ciddi tədbirlər görülməyə başlanılıb. Bu verilişlərə görə ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunmuşdu. Dünən isə ATV kanalının rəhbərliyi Zaur Baxşəliyevin “Bizimləsən” verilişi ilə bağlı qərar qəbul edib. Beləki, verilişin efir vaxtı qısaldılıb. Eyni zamanda ARB-də Xoşqədəm Hidayətqızının efir vaxtı azaldılıb.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər