Fermer təsərrüfatlarında işləyənlər işçilərin əməyinin istismar edilməsindən şikayətçidir. Onlar bildirirlər ki, 8 saatdan artıq işləyirlər, sahibkarlar günorta yeməyini vermirlər, amma işçilərə günə 8-10 manat pul ödəyirlər. Bu da ayda 240-300 manat arası pul edir. Əmək qanunvericiliyinə görə isə, işçini 8 saatdan çox işlətmək olmaz, əlavə iş saatına görə artıq pul verilməlidir.
Məsələ ilə bağlı
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov Bakupost.az -a açıqlama verib.
O bildirib ki, 300 manatdan aşağı əməkhaqqının verilməsi düzgün deyil:
“İşçi ilə Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi bağlanmalı və qanunvericiliyinin bütün tələbləri yerinə yetirilməlidir. Həm işə götürən, həm də iş üçün müraciət edən buna diqqət etməlidir. İkinci məsələ isə odur ki, Azərbaycanda 300 manatdan aşağı əməkhaqqı ödənməməlidir. Əmək qanunvericiliyi ilə işlərin tənzimlənməsi mövcuddur. İşçi 8 saat və ya artıq, istirahət günləri də işləyirsə, burada tənzimləmənin necə olacağı barədə Əmək Məcəlləsində qeyd olunub. Bu prosedurların pozuntusu qanun pozuntusu deməkdir. Hesab edirəm ki, həmin şəxs bu prosesləri sistemləşdirən, tənzimləyən, qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət edən Əmək Müfəttişliyinə müraciət edə bilər”.
Millət vəkili mövsümi kənd təssərrüfatı işlərinə də diqqət çəkib:
“Bu işlərdə işçi ilə işə götürənin öz razılaşmaları olur. Çiyələk yığımını misal götürək. Çiyələk müəyyən müddət sonra keyfiyyətini itirə, xarab ola bilər. Ona örə də həmin məhsulu gün ərzində yığmaq lazımdır. Burada mövsümi xarakter daşıdığı üçün müxtəlif yanaşmalar var. Hər bir iş qanunvericiliklə tənzimlənməklə yanaşı, mövsümi işlərin öz xüsusiyyətləri də var. Məsələ buradadır ki, işçinin çəkdiyi əziyyət müqabilində qarşılığı da ödənilməlidir”.
Hüquqşünas Ələsgər Məmmədli isə qeyd edib ki, “işçini 8 saatdan çox işlətmək olmaz” ifadəsi birmənalı deyil:

“Qanunvericilikdə müxtəlif hallar nəzərdə tutulur, yəni 8 saatdan çox işləmək olar. Bu baxımdan hansısa yanlışa yol verməyək. Əmək Məcəlləsində iki növ iş nəzərdə tutulur ki, bunlar işəmuzd və günəmuzddur. İşəmuzd işin görülüb bitməsinə qədər, günəmuzd isə bəlli gündə, saatlardadır. Şəhərdə yaşayan insanlar daha çox günəmuzd işləyir. Yəni konkret olaraq bir gün ərzində 8 saat işləyirik. Hətta siz 5 saat da işdə olsanız, bütün günün pulunu alırsınız. İşəmuzd isə konkret olaraq bir işin görülməsi üçün öhdəlik məsələsidir, iş bitənə qədər işləməlisiz. İstərsə, bir gündə 6 saat, istərsə, bir gündə 8-12 saat. Bu asılıdır müqavilənin xarakterindən. Kənd təsərrüfatı sahəsində xartakter etibarilə 8 saatlıq iş saat 9-da başlayıb 6-da bitəcək deyə bir şey yoxdur. Ona görə ki, günəş səhər 5-də doğur, axşam saat 9-da batır. Günorta saat 11-dən 3-4-ə qədər açıq havada işləmək mümkün deyil. Bu, hansısa zavoddakı, fabrikdəki, şəhərdəki ofisdəki iş strukturu deyil ki, eyni şeyi tələb edəsən. Burada qarşılıqlı şəkildə öhdəlik götürülür. Məsələn, iş 1 hektar pambıq sahəsinin alaqdan təmizlənməsidir. Həmin işçiyə hektar başına, yəni konkret sahənin təmizlənməsinə görə ödəniş verilir. Əgər işçi istəsə, səhər saat 5-də gəlib 9-da gedə və yaxud axşam 5-də gəlib axşam saat 9-da gedə bilər. Yaxud da bütün günü işi görüb 1-2 saat içində bitirə də bilər”.
Ə.Məmmədli məsələnin qanunvericiliklə tənzimləmə və insani tərəflərinə də toxunub:
“Əlbəttə, burada önəmli olan insani davaranmaq və qanunvericiliyə riayət etməkdir. Məsələn, temperatur 40 dərəcədən yuxarı olduğu halda açıq havada işləmək olmaz. Bu, artıq ümumi normalardır və hər kəs üçün keçərlidir. Bunun xaricində, tərəflərin öhdəlik müqaviləsinə baxılmalıdır. Eyni zamanda, müqavilə tərəflərin iradəsi ilə deyil, qanunauyğun olmalı və şərtlər orada göstərilməlidir. Digər tərəfdən, insan sağlamlığı üçün zərərli ola biləcək havalarda həyatına təhlükə yarada biləcək işlərə o saatlarda cəlb olunmamalıdır. Əsasən, buna Əmək Müfəttişliyi nəzarət etməlidir. Həmçinin, Əmək Müfəttişliyi bu növ şikayətlər olarsa, bəlli bir praktikanın formalaşması üçün tövsiyələr də verə bilər”.
Fəridə
Baku Post