Ru
15:01 / 14 May 2024

Gürcüstanda iqtidardan narazı olmayan xalq niyə etirazlara qalxdı? - ŞƏRH

1609
“Gürcüstanda keçirilən izdihamlı etiraz aksiyalarını ənənəvi Qərb meyilli müxalifət partiyaları təşkil etmir və önündə getmir. Heç bir ənənəvi siyasətçi tribunalarda çıxış etmir, ümumiyyətlə, etirazların hansısa parlaq lideri və natiqi yoxdur. İnsanları küçələrə liderlər və siyasətçilər yox, ideya çıxarıb. Bu ideyanı qəbul edə və ya etməyə bilərsiz. Onu səhv, ya düz, ya da təbliğatın nəticəsi də hesab edə bilərsiz. Bu, mahiyyəti dəyişmir. Maraqlı bir vəziyyət yaranıb. Hakimiyyət ciddi-cəhdlə bu etiraz aksiyalarının məsuliyyətini əsas müxalifət partiyası olan Vahid Milli Hərəkatın üzərinə qoymaq istəyir. Bununla da həmin etiraz aksiyalarını gözdən salmağa çalışır. VMH isə etiraz aksiyalarının əsas hərəkətverici qüvvəsi roluna iddia etmədiyini göstərir. Belə görünür ki, Saakaşvili və onun partiyasına vəziyyət izah edilib. Bildirilib ki, onların bu etirazların önünə çıxmaq və başçılıq etmək cəhdləri etiraz aksiyasında iştirak edənlərə mənfi təsir edə və onları iştirakdan çəkindirə bilər. Ona görə də onlar xüsusi canfəşanlıq etmirlər”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, bu etiraz aksiyalarında daha çox son illərdə seçkilərdə iştirak etməyən həm hakimiyyətdən, həm də ənənəvi Qərbmeyilli müxalifətdən narazı əhali kütləsi iştirak edir. Yəni, ordakı etirazçıların bəlkə də yarıdan çoxu məsələn, Saakaşvilini qəbul etmir, istəmir. Əəgər o, bü gün etirazçıların önünə çıxmaq istəsə, ən azından insanların yarıdan çoxu aksiyalara qatılmayacaq:

“Əhali əslində indiki hakimiyyətdən narazı deyildi. Elə Qərb institutlarının son illərdə keçirdiyi sosioloji sorğular da əslində hakim "Gürcü Arzusu"nun mövqelərinin daha da yaxşılaşdığını göstərirdi. Bəlkə də bu indiki hakimiyyətə əminlik verdi ki, xarici agentlərlə bağlı qanunu parlamentdən rahat keçirə biləcəklər".

Ekspert qeyd edib ki, "Gürcü Arzusu"nun mövqelərinin yaxşılaşmasının isə 2 səbəbi var:

"Birinci, iqtisadi indikatorlar həqiqətən də yaxşılaşırdı. İkincisi, əhali indiki hakimiyyətin Rusiya ilə qarşıdurmadan yayınmaq siyasətini dəstəkləyirdi. Eyni zamanda hakimiyyətin hazırkı müxalifətin ölkəni Rusiya ilə qarşıdurmaya aparmaq istədiyi barədəi təbliğatına inanırdı. Bu siyasət hakim "Gürcü Arzusu"na dəstəyin son 2 ildə artmasında mühüm rol oynadı. Ancaq əhali hakimiyyətin Rusiya ilə münaqişədən qaçmaq siyasətini dəstəkləsə də, sözügedən qanunun qəbul edilməsi cəhdini ölkəni Rusiyanın təsir dairəsinə qaytarmaq və Avro-Atlantik məkanından imtina etmək kimi qiymətləndirdi. Hakimiyyətin istəyi həqiqətən belədir, ya belə deyil, bu, başqa məsələdir. Əsas odur ki, elə gördülər”.

Politoloq qeyd edib ki, beləliklə, iki fərqli trend - hakimiyyətə dəstəyin artması və Avro-Atlantik məkana inteqrasiya tərəfdarlarının çoxalması ilə bağlı ziddiyyət hansısa formada ortaya çıxmalı idi:

"Çıxmaya da bilərdi. Ancaq hakimiyyət sanki bu qanun layihəsi ilə həmin ziddiyyətin ortaya çıxmasına təhrik etdi. Hələlik bir nəticə ortadadır. Bu qanunun həqiqətən də Rusiyanın istəyi ilə ortaya atılıb-atılmamasından asılı olmayaraq, 2008-ci ildən sonra Rusiyanın Gürcüstanda imicinə ikinci böyük zərbə dəydi. İndiki hakimiyyətə indən sonra Rusiya ilə münasibətləri normal saxlamaq daha çətin olacaq. Rusiya isə indiki hakimiyyətdən onunla daha yaxşı münasibətlər saxlamağa çalışan başqa hökuməti yaxın zamanlarda görməyəcək”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər