Ru
11:11 / 26 Yanvar 2023

Həbsə düşən idmançılarımız - “Bu hadisələrin baş verməməsi üçün...” - Deputat

12573
Ötən gün Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarovun həbs edilməsi ilə bağlı xəbər vermişdik.

Son günlər bu kimi halların - idmançılar arasında həbslərin sayının artdığını müşahidə edirik.


Elə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov da komitənin bugünkü iclasında qeyd etdiyimiz məsələyə toxunub və gənclərə dəstəyin vacib olduğunu bildirib: “Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”.




Məsələ ilə bağlı Bakupost.az –a açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, belə halların baş verməməsi üçün əməli işlər görülməlidir:

“İdman həm fiziki, həm də mənəvi sağlamlıqdır. İdman sülhdür, dostluqdur, əmin-amanlıqdır. Azərbaycan idman ölkəsi kimi artıq özünü dünyada tanıdıb. Ölkəmizdə dövlət tərəfindən idmançılarımıza dəstək, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün bir çox işlər görülüb. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq turnirlər, Avropa çempionatları üçün bütün infrastruktur yaradılıb. Əlbəttə, çox təəssüf ki, bəzən idmançılar tərəfindən hansısa cinayət əməli törədilir. İstənilən ölkədə belə hadisələr olur. Hətta ən tanınmış idmançılar tərəfindən bəzən ən ağır cinayət hadisələri törədilir. Ölkəmizdə baş verən bu hadisələr hər birimizi düşündürür. Belə halların baş verməməsi üçün əməli işlər görülməlidir. İdmanla məşğul olan yeniyetmə uşaqlarımız bu ruhda böyüməməlidirlər.
İdmançılarımızın bu cür əməl törətməsi təsadüfi hadisələr nəticəsində, kiminsə öz səbrinə yiyələnməməsi ucbatından da ola bilər. Yaxud onlar ola bilsin, hansısa qruplaşmanın üzvü olaraq belə cinayətlər törədirlər. Bu hər kəsi düşündürən məsələdir".

Deputat bildirib ki, belə halların baş verməməsi üçün maarifləndirmə işinə fikir verilməlidir:

"Ailədə, məktəbdə, idmanla bağlı təhsil müəssisələri və təşkilatlarda müəllimlər, məşqçilər tərəfindən maarifləndirmə işləri aparılımalıdır ki, idmanla məşğul olanlar öz gücünü cinayətə istiqamətləndirməsin. Tam əksinə bu gücü sülhə, dövlətçiliyimizin, zəiflərin qorunmasına və ölkəmizin adının dünya arenalarında layiqincə təmsil edilməsinə sərf etsinlər”.

Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər