Ru
16:05 / 02 May 2024

Hüseynbala Mirələmova ASES təşkilatının xüsusi mükafatı verildi - FOTO

2145
Mayın 2-də Bakıda Atatürk Mərkəzində Türkiyənin Egetim və Bilim Çalışmaları Akademiyasının (ASES) Kongre və Orqanisyon Yayınçılıq təşkilatının yazıçı-dramaturq Hüseynbala Mirələmova “Bilim və türk dünyasına katkı və dəstəklərinə” görə xüsusi mükafatının təqdimat mərasimi keçirildi.


Bakupost.az xəbər verir ki, təqdimat mərasimində Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru , Əməkdar elm xadimi AMEA-nın həqiqi üzvü professor Nizami Cəfərov, Milli Məclisin deputatı, ”Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli, filologiya elmləri doktoru, professor İslam Qəribli, Türkiyədən gələn qonaqlardan professor, doktorlar Çengiz Şahin, Mustafa Talas, Lokman Zor, ASES-in prezidenti Taner Əli Söyləməz və digər şəxslər iştirak edirdilər.


Təqdimat mərasimini ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Elman Quliyev açaraq bildirdi ki, Azərbaycanda kifayət qədər yaxşı tanınan yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi yaradıcılığı qardaş Türkiyədə də sevilə-sevilə izlənir. Yazıçının bir neçə əsəri artıq türk oxucuları tərəfindən sevilə-sevilə oxunur və yüksək dəyərləndirilir.


Natiq Hüseynbala Mirələmovun ədəbi fəaliyyəti haqqında geniş məlumat verərkən bidlirdi ki, yazçının son illərdə nəşr olunan “Yurda fəda üç paşa” seriyasında olan “Ənvər paşa” əsəri ötən il Türkiyə türkcəsində işıq üzü görüb və qardaş ölkədə geniş yayılıb. Bu ilin mart ayında isə yazıçı Hüseynbala Mirələmovun Türkiyənin bir neçə şəhərində oxucularla maraqlı və yaddaqalan görüşləri keçirilib.


Toplantıda çıxış edən professor Nizami Cəfərov, Milli Məslisin deputatı Bəxtiyar Sadıqov, professorlar İslam Qəribli, Minaxanım Təkləli və türkiyəli qonaqlar yazıçının ədəbi yaradıcılığı, elmi- siyasi və ictimai fəaliyyəti haqqında söhbət açaraq bildirdilər ki, Hüseynbala Mirələmov ədəbi-siyasi yaradıcılığı ilə Türkiyə – Azərbaycan dostluğunun möhkəmlənməsinə, bu iki dövlətin xalqlarını birləşdirən ortaq dəyərlərin təbliğ olunmasına çox qiymətli töhfələr verib. Bu gün Türkiyənin ASUS təşkilatının Hüseynbala Mirələmova təqdim etdiyi bu mükafat onun bu sahədəki ədəbi fəaliyyətinə verilən yüksək qiymətdir.


Sonra Türkiyəli qonaq ASES-un prezidenti Taner Əli Söyləməz mükafatı yazıçı dramaturq Hüseynbala Mirələmova təqdim etdi. Təbrik çıxışında yazıçıya yaradıcılığında yeni uğurlar arzulayan Taner Əli Söyləməz əmin olduğunu bildirdi ki, Hüseynbala Mirələmov ərsəyə gətirəcəyi növbəti əsərləri ilə ortaq tariximizin bir çox qaranlıq məqamlarına da işıq salmaqla iki dövlət, bir millət arasında qardaşlıq münasibətlərinin yeni səviyyəyə qalxmasına dəyərli töhfələr verəcək.


Mərasimin sonunda çıxış edən yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbirdə iştirak edənlərə, onun uğurlarına sevinənlərə və yüksək dəyər verənlərə minnətdarlıq edərək bildirdi ki, türk qardaşlarının ona təqdim etdikləri bu mükafat onu daha böyük həvəslə işləməyə və əsərlər yazmağa sövq edir.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər