İsrailin İrandakı müxtəlif hədəflərə hücumları heç bir preambula olmadan başlayıb və İran ərazisinə müdaxilə hesab edilir.
Bakupost.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçi bu gün, iyunun 15-də səfirlər, Tehrandakı müvəqqəti işlər vəkili və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşündə bildirib.
O deyib ki, Natanz nüvə obyekti, eləcə də Tehran daxilindəki bəzi hədəflərə zərbələr Tehranda və müxtəlif şəhərlərdə çoxlu sayda sadə insanın şəhid olmasına səbəb olub:
“Bu, ABŞ-la nüvə məsələsi ilə bağlı danışıqlar apardığımız vaxt baş verdi və altıncı raund bu gün keçirilməli idi.
İsrail rejimi beynəlxalq hüququ pozmaqda sərhəd tanımır. Fələstində günahsız uşaqlar və qadınlar öldürülüb, Qəzzada insan haqları və bütün beynəlxalq standartlar pozulub. Bu dəfə rejim beynəlxalq hüquqda yeni qırmızı xətti keçdi. Bu, nüvə obyektlərinə hücumdur və beynəlxalq hüquqda qadağandır”.
O, BMT Təhlükəsizlik Şurasının baş verənlərə biganə qalmasından təəssüfləndiyini qeyd edib:
“Bu təcavüzü pisləyən ölkələrə təşəkkür edirəm, lakin Avropada özlərini sivil adlandıran və İsraili qınamaq əvəzinə İranı qınayan ölkələr var idi. Biz bu hücumlara cavab verdik və bu, öz xətlərimizi qorumaq prinsipinə əsaslanır. Təcavüzdən özünü müdafiə etmək hər bir ölkənin qanuni hüququdur və silahlı qüvvələrimiz iki gün əvvəl bunu etməyə başladı.
Münaqişənin Fars körfəzinə sürüklənməsi strateji səhvdir və onun məqsədi müharibəni İran ərazisindən kənara çıxarmaqdır.
Bu regionda istənilən hərbi inkişaf bütün dünyaya təsir edə bilər və biz ümid edirik ki, beynəlxalq ictimaiyyət cinayətlərin qarşısını almaq üçün hərəkətə keçəcək.
İran özünü qətiyyətlə müdafiə etməyə davam edəcək. Natanz nüvə obyektinə hücumla bağlı mən baş direktordan (MAQATE rəhbəri Qrossi – red.) bazar ertəsi növbədənkənar iclas keçirməyi xahiş etmişəm. Ümid edirəm ki, nüvə obyektinə hücum edən rejim sərt qınaqla üzləşəcək.
Sionist rejimin pislənəcəyini və hətta cəzalandırılmasını gözləyirik. Əgər beynəlxalq ictimaiyyət bu qırmızı xətlərə laqeyd yanaşarsa, bunun bütün ölkələr üçün nəticələri olacaq”.
Aygün,
BakuPost