ABŞ ordusu İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib.
Bakupost xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum zamanı bunker əleyhinə bombalar və “Tomahawk” tipli qanadlı raketlərdən istifadə olunub. Xüsusilə İranın Fordo bölgəsindəki yeraltı gizli nüvə kompleksi hədəf alınıb. Bildirilir ki, bu obyektə ABŞ-ın “B-2 Spirit” tipli görünməz bombardmançı təyyarələrindən 5-6 güclü bomba atılıb. Halbuki əvvəllər bu obyektin sıradan çıxarılması üçün 2 bombanın yetərli olacağı düşünülürdü.
“Fox News”un iddiasına görə, bu hücumlarla “İranın nüvə ambisiyaları rəsmən ölüb”.
Fordodan əlavə, İranın digər iki nüvə obyektinə – İsfahan və Nətənz bölgələrində yerləşən mərkəzlərə də zərbələr endirilib. Məlumatda qeyd olunur ki, həmin hədəflərə təxminən 640 km məsafədə yerləşən ABŞ sualtı qayıqlarından 30-dan çox “Tomahawk” raketi buraxılıb.