Dünən paytaxt Bakının demək olar ki, bütün sakinlərinin eşitdiyi və böyük yanğınla müşayiət olunan güclü partlayışlar haqda yayılan informasiyalar ciddi narahatlıq yaradır.
Bakupost.az xəbər verir ki, güclü partlayışdan qısa müddət sonra hadisənin Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda deyil, yaxınlıqda yerləşən “Azərbaycanfilm” Kinostudiyasının saxlanc anbarında baş verdiyi bildirildi.
Mədəniyyət Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, partlayış Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda baş verib. “Uzun müddətdir istifadə olunmayan” sözlərindən belə aydın olur ki, anbarın qarovulçusu olmayıb və ümumiyyətlə, anbar tam istifadəsiz imiş.
Buna baxmayaraq, bu gün Baş Prokurorluğun yaydığı açıqlamadan da aydın olur ki, bu “uzun müddətdir istifadə olunmayan” anbarda “film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələr” saxlanılıb.
Maraqlıdır:
1. Mədəniyyət Nazirliyi partlayıcı maddələri niyə uzun müddətdir istifadə olunmayan anbara yığıb saxlayıb? Hansı film və ya filmlərin çəkilişlərində bu protexniki vasitələr alınıb və “artıq qaldığı” üçün geri qaytarılmaq əvəzinə anbara yığılıb?
2. Əgər uzun müddətdir istifadə olunmayan anbardırsa, deməli, o anbara yığılan partlayıcı maddələrin çəkilən hər hansı filmdə istifadə ediləcəyi haqda təsəvvür belə olmayıb. Belə olduğu halda Mədəniyyət Nazirliyi niyə o partlayıcı maddələri saxlamağa davam edib?
3. Mədəniyyət Nazirliyi anbarda təhlükəsizliyi niyə təmin etməyib? Məsələn, partlayıcı dolu anbarın niyə gözətçisi yoxdur?
4. Niyə bu partlayıcı dolu anbar məhz 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günündə partlayır?..
Son sualın cavabının tapılması çox mühümdür. Xalqın böyük rəğbəti və sevgisi ilə keçirilən Qalib Azərbaycan Ordusunun Günündə baş verən güclü partlayış təsadüfə çox az bənzəyir.
Yəqin ki, istintaq bu suallara aydınlıq gətirəcək. Ancaq Mədəniyyət Nazirliyi istintaqdan əvvəl o istifadəsiz anbara protexniki vasitələrin necə və niyə yığılmasını ictimaiyyətə açıqlamalıdır.
Aygün,
BakuPost