Ru
14:59 / 01 Aprel 2024

Jurnalistlə qalmaqalıyla məşhurlaşan ustad tarzən Qədir Rüstəmovla bağlı sirri açdı - VİDEO

4161
“Qədiri o oxutdu, başqa tarzən olsaydı “Sona bülbüllər” də olmayacaqdı”...

“BakuPost” un “Müsahibə vaxtı”nda ustad tarzən Elxan Müzəffərov olub. Təkcə tar ifaçılığı ilə məşğul olanlar deyil, demək olar ki, bütün muğam ifaçıları eyni fikri qətiyyətlə təsdiqləyir: “Gizli xəzinə” ondadır, muğamın hər bir şöbə və guşəsini mükəmməl formada bilən, yaşı 80-ni ötməsinə baxmayaraq, bu günün özündə belə onu şövqlə tədris edən odur - ustad tarzən Elxan Müzəffərov.

Müsahibə zamanı keçdiyi sənət yoluna işıq salan Elxan müəllim uzun illər Asəf Zeynallı adına Musiqi Kollecində böyük sənətkarlarla birgə çalışdığını və onları müşayiət etdiyini, həmçinin bu müddət ərzində kifayət qədər tələbə yetişdirdiyini vurğulayıb:


“Çox müəllimlərim olub, amma ilk ustadım böyük sənətkar Əhməd Bakıxanov olsa da, ustad tarzən Əhsən Dadaşovdan daha çox bəhrələnmişəm. Tələbələrim də çox olub, bu gün tanınan adlı-sanlı tarzənlərin demək olar ki, hamısı mənim tələbəm olub, biliyimi də onlardan heç zaman əsirgəməmişəm, amma məni əvəzləyəcək və bu sənəti ləyaqətlə davam etdirəcək yeganə tələbəm istedadlı gənc tarzən Bəhram Hüseynzadədir. O, mənim həm sonuncu, həm də ən sevimli tələbəm olub. Uzun illər ona bu sənətin sirlərini öyrətmişəm. Nəyi bilirəmsə o da mükəmməl formada onu bilir, yəni bütün bildiklərimi məndən olduğu kimi əxz edə bilib. Beynimi onun beyninə köçürmüşəm, artıq...”.

Müsahibənin ən maraqlı hissəsi Qədir Rüstəmovun məşhur “Sona bülbüllər”i ilə bağlı olub. Sən demə, bu xalq mahnısının muğam hissəsini Əhsən Dadaşov Qədir Rüstəmova 17 variantda oxudub, sonuncu variant daha mükəmməl alınıb. Əhsən Dadaşov elə həmin gün axşamdan səhərə kimi Qədir Rüstəmovun yanıqlı “Segah”nı 52 (!) yerdən montaj edərək, bu möcüzəvi və təkrarsız sənət əsərini ortaya çıxara bilib. Beləliklə, iki böyük sənətkarın birgə işbirliyi nəticəsində insan qəlbinin ən munis nidasını 1968-ci ildə ərşə bülənd etmək mümkün olub.

Sonda “Rast” muğamının Xocəstə şöbəsini özünəməxsus tərzdə ifa etməklə ruhumuza bir ayrı ruh qatdı Elxan Müzəffərov... Bununla bir daha isbat etdi ki, tar ifaçılığı sənəti bu xalqın əzəli və əbədi sərvətidir, onu olduğu kimi yaşadanlar dünən də olub, bu gün də var, sabah da olacaq.

Amma bu böyük sənətkarın indiyədək heç bir fəxri adla təltif olunmaması təəccüb və təəssüf hissi doğurmaya bilməz. Muğam ifaçılığında özünəməxsus dəst-xətti olan və çoxdandır adı brendə çevrilən bir ustad sənətkarın bu qədər diqqətdən kənarda qalması təbii ki, üzücü haldır. Nə edək ki, - istəməsək də, məqbul bilməsək də, bu, mədəniyyət və incəsənətimizin həm də aşkar simasıdır...

Düşünürük ki, ustad tarzənlə müsahibə dəyərli oxucularımız ücün də maraqlı olacaq...



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər