Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 19-da Türkiyəyə səfəri və Kahramanmaraş şəhərində inşa olunmuş “Azərbaycan” məhəlləsinin açılışında iştirakı iki qardaş ölkə arasında sarsılmaz həmrəyliyin, qarşılıqlı etimadın və strateji əməkdaşlığın daha bir bariz nümunəsi kimi tarixə düşdü.
2023-cü ildə baş vermiş dağıdıcı Kahramanmaraş zəlzələsi zamanı Azərbaycan xalqı və dövləti dərhal qardaş ölkəyə yardım əlini uzatdı, Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərinə qoşuldu, yardımlar göndərildi. İndi isə həmin yardımların davamı olaraq, Azərbaycan tərəfindən Kahramanmaraşda salınan və tam yaşayış şəraiti ilə təmin olunmuş “Azərbaycan” məhəlləsi zəlzələdən zərər çəkmiş ailələr üçün yeni bir ümidə çevrilir.
Prezident İlham Əliyevin şəxsən bu məhəllənin açılışına qatılması, bu layihəyə verilən əhəmiyyətin göstəricisi olmaqla yanaşı, Azərbaycan–Türkiyə münasibətlərində insani dəyərlərin prioritet olduğunu da nümayiş etdirdi.
Prezident İlham Əliyev son illərdə bir çox çıxışlarında dəfələrlə bəyan edib ki, beynəlxalq münasibətlər sistemində mürəkkəbləşmə prosesi gedir, güc mərkəzləri arasında qarşıdurmalar artır, qlobal təhlükəsizliyə təhdidlər çoxalır.
Belə bir dövrdə dövlətlərin etibarlı tərəfdaşlara, real müttəfiqlərə ehtiyacı daha da aktuallaşır. Məhz bu mənada İlham Əliyevin Türkiyəyə səfəri yalnız humanitar dəstəyin davamı deyil, həm də strateji sabitlik və regional əməkdaşlıq üçün verilmiş mühüm mesajdır.
Milli Məclisin deputatı
Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında bildirib ki, yeni dünya nizamının formalaşmasına doğru gedən olduqca mürəkkəb strateji proseslər kontekstində Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etməsi, öz təhlükəsizlik maraqlarını birləşdirməsi və Türk dünyasına liderlik etməsi bir çox mərkəzlərin yuxusunu qaçırır.
“Ona görə də həmin mərkəzlər bu və digər formalarda, müxtəlif metod və üsullarla iki ölkə arasında münasibətləri korlamağa çalışırlar. Türkiyə və Azərbaycanın dostlarını və müttəfiqlərini də bu isti münasibətlərdən çəkindirməyə əl atırlar.
Bu səbəbdən Türkiyə-Azərbaycan münasibətləri daha da möhkəmlənməlidir. Bu istiqamətdə ən böyük tarixi şansımız ondan ibarətdir ki, indiki mürəkkəb mərhələdə Azərbaycan və Türkiyənin dünyada baş verən prosesləri analiz edib və strateji qərarlar qəbul edəcək qətiyyətli liderləri var. Ona görə də bu birliyi istəməyənlərin əl atdığı bütün metodlar bir növ sıradan çıxarılır.
Bunun ən bariz nümunələrindən birini Azərbaycan prezidentinin qardaş Türkiyəyə səfəri zamanı gördük. Səfər çox əhəmiyyətli bir tarixi hadisəyə həsr olundu. Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirildi.
Azərbaycan maliyyəsi ilə tikilən bu şəhərcik əslində Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına qoyulmuş maddi və mənəvi abidədir. Ona görə maddi və mənəvi abidədir ki, bu, 1100-dən çox ev, 1100-dən çox ailəyə yurd olacaq. Ona görə mənəvi abidədir ki, bu, yalnız kahramanmaraşlıların deyil, bütün Türkiyə xalqının ürəyində əbədi bir abidə olaraq yaşayacaq".
Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikilməsi, orada çoxlu iş yerlərinin yaradılması, insanlar üçün ən yaxşı şəraitin formalaşdırılması Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olmasının bariz nümunəsidir:
“Azərbaycan Türkiyənin dərdini öz dərdi bilir və eyni zamanda Türkiyə də Azərbaycanın dərdini öz dərdi kimi qəbul edir. Bu, bizim münasibətlərimizin ən yüksək səviyyədə olmasının əsas sübutudur.
Bilirsiniz ki, dünya nizamı yenidən formalaşır, çox təəssüflər olsun ki, beynəlxalq güclər öz maraqlarını həyata keçirmək və istəklərini reallaşdırmaq üçün bəzən diplomatik masadan qalxaraq güc tətbiq etməyə çalışırlar.
Bu proseslərdə də Azərbaycan ilk növbədə öz sərhəd təhlükəsizliyini təmin etməlidir. Bu da bu günə qədər Azərbaycan dövləti tərəfindən çox uğurla həyata keçirilir. Türkiyə-Azərbaycan birliyi də bu təhlükələri və riskləri azaldır.
Bu gün regionumuzdakı hava məkanına baxsaq, görərik ki, Azərbaycan və Türkiyə üzərindən keçən hava məkanı Qərblə Şərqi birləşdirən yeganə təhlükəsiz hava məkanıdır. Eyni zamanda, Orta Dəhlizin Azərbaycan ərazisindən keçərək Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanması da onu deməyə əsas verir ki, Azərbaycanın indiyə qədər reallaşdırdığı bütün beynəlxalq layihələr bu gün və gələcək üçün hesablanıb. Azərbaycan sözün əsl mənasında bir təhlükəsizlik adasına çevrilib.
Çox təəssüflər olsun ki, Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq və regionda baş verən prosesləri əleyhimizə çevirmək istəyən qüvvələr var. Ancaq görürsünüz ki, bu səfər yaxşı bir cavab oldu. Həmin qüvvələr və onların arxasında duran güclər anladılarr ki, Türkiyə-Azərbaycan qardaşlığını və münasibətlərini heç kim poza bilməz, bu münasibətlərə heç kim xələl gətirə bilməz.
Biz bütün problemləri birlikdə həll edirik, bunu dəfələrlə etmişik və bugündən sonra da edəcəyik".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" məhəlləsinin açılış mərasiminin eyni kökdən gələn qardaşların bir-birinə yardımından daha köklü, konseptual məsələ olduğunu vurğulayıb:
“Birincisi, biz dünya nümunəsinə baxsaq, çoxsaylı eyni kökdən gələn dövlətlər var ki, bu gün təməl diplomatik münasibətlər qura bilməyiblər və yaxud çoxsaylı müharibələr var ki, elə eyni kökdən olan xalqlar arasında gedir.
İkincisi, 90-cı illərdə Azərbaycan-Türkiyə münasibətlərinə baxsaq, o zaman hökumətlər məcburi köçkünlərin çıxarılması üçün iki helikopter verilməsi məsələsində ortaq mövqeyə gələ bilmirdilər. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə münasibətləri eyni kök, din, dil, qan qardaşlığı ilə bərabər, daha vacibi bir amilin - liderlərin qətiyyətinin üzərində dayanır.
Üçüncüsü, ümumbəşəri dəyərlər prizmasından baxsaq, Azərbaycanın bu addımı, yəni Türkiyənin köməyinə çatması birmənalı şəkildə ölkəmizin ümumbəşəri dəyərlərə, BMT Nizamnaməsi başda olmaqla beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə əsaslanaraq ümumbəşəri dəyərlərə göstərilən münasibət idi.
Digər tərəfdən, xatırlayaq, Kahramanmaraşda zəlzələ olanda Azərbaycanda vəziyyət necə idi? Təsəvvür edin, müharibə yenicə başa çatmışdı, minalardan təmizləmə, quruculuq-bərpa prosesi başlanmışdı, eyni zamanda Azərbaycan ərazisində hələ separatizm ocağı mövcud idi. Belə bir situasiyada Azərbaycan özü "beynəlxalq ictimaiyyət" adlandıran subyektlərin ədalətsiz hücum kampaniyalarına məruz qalmışdı. Üstəlik, heç bir zərurət olmadan, yalnız təzyiq məqsədi ilə Azərbaycanın məsələləri BMT Təhlükəsizlik Şurasında qaldırılırdı. Separatçıların aclıq və TIR şouları kimi təxribatçı addımları da həmin dövrün xarakterik xüsusiyyəti idi. Azərbaycan o zaman bu problemlərin içində ola-ola tərəddüdsüz Türkiyənin yardımına çatdı.
Hər kəs gördü ki, Azərbaycan-Türkiyə qardaşlığı Şuşa Bəyannaməsi imzalandıqdan sonra yalnız sənəd üzərində niyyət deyil, həmçinin birgə hərəkət imkanıdır. Bir sözlə, cənab İlham Əliyev bizim strateji müttəfiqliyimizi, qardaşlığımızı praktik zəmində bütün dünyaya bir daha nümayiş etdirə bildi”.
Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi əsasında müttəfiqlik münasibətləri indi təkcə siyasi bəyanatlar deyil, konkret sosial və iqtisadi layihələrlə, humanitar təşəbbüslərlə də möhkəmləndirilir. Kahramanmaraşda salınan "Azərbaycan" məhəlləsi də bu yanaşmanın bir hissəsidir.
Beləliklə, Prezident İlham Əliyevin Türkiyəyə səfəri, Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışında iştirakı həm Azərbaycan xalqının qardaş Türkiyə ilə həmrəyliyinin növbəti göstəricisi, həm də regionda sülh, sabitlik və insanpərvərlik uğrunda göstərilən birgə iradənin ifadəsidir.
Aysel,
BakuPost
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.