Ru
16:50 / 08 May 2025

Kartlardan pulu ən çox bu üsullarla oğurlayırlar - Ekspertdən XƏBƏRDARLIQ

Kartlardan pulu ən çox bu üsullarla oğurlayırlar -  Ekspertdən XƏBƏRDARLIQ
Eye

Azərbaycanda kiberdələduzluq halları artmaqda davam edir. Hər gün bank kartlarından ümumilikdə 25-30 min manat arasında məbləğ kibercinayətkarlar tərəfindən mənimsənilir.

Daxili İşlər Nazirliyinin son məlumatına görə, təkcə dünən vətəndaşların bank kartlarından 30 min manat dəyərində vəsait kiberdələduzluq yolu ilə oğurlanıb.

Son illər bu sahədə maarifləndirmə tədbirləri intensivləşsə də, kibercinayətlərin və qurbanların sayı azalmır. Mütəxəssislər bunu əsasən, vətəndaşların ehtiyatsız davranışı ilə əlaqələndirirlər.

Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə Bakupost.az -a açıqlamasında bildirib ki, vətəndaşların diqqətsizliyi və internetdə şəxsi məlumatlarla ehtiyatsız davranması onları dələduzların hədəfinə çevirir:


“Əsasən, insanlara hansısa səlahiyyətli şəxs və ya yaxınlarının adı ilə zəng edilir, mesaj göndərilir. Bu yolla onlarda kart məlumatları istənilir. Xüsusən CVV kodunu heç kimlə bölüşmək olmaz. Onu paylaşmaq kartın idarəsini başqasına vermək deməkdir. Həmçinin saxta ticarət saytları vasitəsilə də kiberdələduzluq edilir.

Digər təhlükə telefonlara yüklənən modifikasiya olunmuş tətbiqlərdir. Bəzən belə tətbiqlər telefonun idarəsini kibercinayətkara ötürə bilər ”.

Ekspert vətəndaşlara tövsiyə edir ki, əsas məbləği başqa kartda saxlasınlar:

“Elektron alış-veriş üçün ayrıca bir kartdan istifadə etmək daha məqsədəuyğundur. Həmin karta yalnız lazım olan qədər vəsait yükləmək təhlükəni azalda bilər. Əsas məbləğin saxlanıldığı kartı isə ehtiyac olmadığı hallarda bank tətbiqi vasitəsilə bloklamaq mümkündür”, – deyə kibertəhlükəsizlik üzrə ekspert bildirib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar