Ru
11:00 / 08 Oktyabr 2023

Kosmos nəhəngləri yenidən Bakıda: Astronavtika Konqresi nə ilə yadda qaldı?

18084

Xəbər verdiyimiz kimi, oktyabrın 2-dən 6-dək Azərbaycan Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi keçirilib.



Konqresdə kosmik agentliklərin, dövlət sektorunun və özəl kosmik şirkətlərin nümayəndələri, sərmayəçilər, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə iştirak edib.


Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə (ümumilikdə 30-dan çox sponsor) rekord qazanıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub.

Konqres çərçivəsində 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri nümayiş olunub. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.




Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər. Prezident və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxıblar.




Konrqesin açılış mərasimində çıxış edən Prezident lham Əliyev bildirib ki, Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək:

"Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam ediririk. Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var”.




Konqres çərçivəsində nazirlərin və parlament üzvlərinin beynəlxalq görüşü, BMT və IAF-in birgə seminarı, Beynəlxalq Astronavtika Akademiyasının tədbirləri, Kosmik Nəsil Məşvərət Şurasının Konqresi, Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun tədbirləri, Beynəlxalq Kosmik Təhsil Şurasının seminarı, həmçinin texniki sessiyalar təşkil edilib.




“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask Konqresin plenar iclasına canlı bağlantı ilə qoşulub. İlon Mask ona ünvanlanan “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb, hazırda icrası davam edən layihələri haqqında təfərrüatlarını bölüşüb. O qeyd edib ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipaj və yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir.


“Starship” dünyanın indiyə qədər hazırlanan ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir.

İlon Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür. Kosmosda uğurlu eksperimentlər aparmaq üçün bütün şərait mövcuddur.

“Gün gələcək biz səhər yeməyimizi Los-Ancelesdə, naharımızı Londonda, şam yeməyini isə Sinqapurda edəcəyik”, - deyə İlon Mask əlavə edib.


Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edib. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.




Kosmik iqtisadiyyatı bütün iqtisadi sahələri geridə qoyacağı şübhəsizdir, hətta yaşıl iqtisadiyyatı da. Bunun adını "əbədi artan iqtisadiyyat" da qoymaq olar. Çünki o dayanmadan artır, hətta ötən ilki artım 8 faizi ötüb. Bu sektorda yaradılan dəyərinin böyük hissəsi, daha dəqiq 83 faizi kosmosa əsaslanan son istifadəçi tətbiqlərinə aiddir. Beləliklə, kosmik iqtisadiyyatın gələcək illərdə heç bir azalma əlaməti göstərməyən bir sahə olacağını rahatlıqla deyə bilərik.





“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, konqresin təşkilatçılığı və açılış mərasimi yüksək səviyyədə hazırlanmışdı:


"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Konqresə qatılması , Prezidentin dünya kosmos ailəsinə ünvanlanan çıxışı da çox yerində və uğurlu oldu. Bu, tam auditoriyaya hesablanmış çıxış idi. Dünyanın kosmos aliləsi üçün, yerin yox, göyün resurslarının bölüşdürülməsində iştirak edən ölkələr və qlobal şirkətlər üçün Azərbaycanla bağlı hansı mesajlar verilməliydisə, hamısını çatdırdı. Prezidentin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istiqamətində atılan addımlar, ərazilərimizin işğaldan azad edilməsi, son zamanlar baş verənlər haqqında, beynəlxalq hüququn bərpası və sülh prosesinə başlanması haqqında fikirlərini də 90 faizi xaricilərdən ibarət olan auditoriya alqışla qarşıladılar. İsrailli hərbi tarixçi, çoxumuzun tanış olduğu “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Hararinin dünayanın gedişatı, kosmosun, süni intellektin gələcəyi və bəşəriyyətin inkişafı istiqamətindəki çıxışı da çox maraqlı oldu. Açılışın bədii hissəsi də təşkilatçılar tərəfindən milli komponentlər nəzərə alınmaqla çox yüksək səviyyədə hazırlanmışdı".


O.Gündüz bildirib ki, ən çox diqqətimi cəlb edən məqam isə Beynəlxalq Astronavtika Konqresi çərçivəsində hazırlanan Sərgi Mərkəzi olub:


"Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində, adi bir yol ərazisində inşa edilən təxminən 8000 kvadrat metrlik sərgi pavilyonu yüksək ustalıqla hazırlanmışdı. Bildiyim qədər "Azərkosmos" Almaniyadan gətirilən bu texnologiyanı öz resursları və öz əməkdaşları ilə konstruksiya edib. Burada dünyanın ən nəhəng 150-dək kosmos şirkətləri pavilyonlar quraşdıraraq öz xidmətlərini təqdim ediblər. Gözümə dəyənlər isə bunlar idi - ABŞ, NASA, Yaponiya, “JAXA” kosmik agentliyi, Çinin, İtaliyanın, İsrailin, Səudiyyənin, BƏƏ-nin, Böyük Britaniya və İspaniyanın kosmik qurumları, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və s”.


Osman Gündüz bildirib ki, Sərgi Mərkəzini sökməyə ehtiyac yoxdur:


“Düşünürəm ki, əlçatan bir ərazidə, böyük, qlobal tədbirlər keçirilən, ölkəminin iki əsas Mərkəzi arasında yerləşən bu sərgi mərkəzindən gələcəkdə daha effektiv istifadə etmək olar. Konqres Azərbaycanın mövqeyinin, kosmos sahəsində dünyanın əsas söz sahibləri ilə əməkdaşlığın güclənməsi, ölkədə kosmik sənayenin inkişafı, bu sahə kadr hazırlığının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Rabitə Nazirliyinin indiyədək ölkəmizdə texnologiyalar sahəsində təşkil olunan sərgi məsələlərini BakuTel səviyyəsindən Texnofest və bu gün keçirilən Beynəlxalq Astronavtika sərgiləri səviyyəsinə qaldırması olduqca təqdirəlayiqdir”.




Millət vəkili Rəşad Mahmudov bildirib ki, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya siyasi sistemində qazandığı inam və nüfuzun göstəricisi sayılır. Təqdir olunası haldır ki, Bakının ev sahibliyi etdiyi olduqca əhəmiyyətli tədbirlər yalnız iqtisadi, siyasi mahiyyət kəsb etmir, eyni zamanda dünyanın gələcəyini müəyyənləşdirən elmi-texniki məsələləri də əhatə edir. Bu baxımdan 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi xüsusilə diqqətəlayiqdir:

“Tədbirin məhz bu il ölkəmizdə təşkil olunması təsadüf sayılmayacaq simvolik bir ənənənin davamı idi. Belə ki, düz 50 il öncə, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdi. İndi Ümummilli Liderin layıqli davamçısının bu yüksək əhəmiyyətli tədbiri Bakıda təşkil etməsi tarixi ənənənin davam etdirilməsi sayıla bilər. Bununla yanaşı, paytaxtımızda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının qatılması tədbirin nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisi idi. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda kosmik tədqiqatlar məsələsi hər zaman ölkə rəhbərinin diqqətində olub və on ildən artıqdır ki, müstəqil dövlət kimi beynəlxalq kosmik ailənin üzvüyük. Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısının nəticəsidir ki, bu sahədə qısa müddətdə böyük inkişafa nail olunub. Hazırda yerli mütəxəssislərimiz tərəfindən idarə olunan üç peyk təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərir. Bu dövlət başçısının ölkənin iqtisadi potensialının gələcək stateji hədəflərə yönəldilməsi siyasətinin uğurudur. Ümumiyyətlə, müasir dünyada dövlətlərin inkişaf strategiyasında kosmik tədqiqatlar mühüm yer tutur və Prezident İlham Əliyevin bu istiqamətdə də ölkəmizi önə çıxarması müstəsna nailiyyətdir. Bütün bu fəaliyyətin nəticəsi və davamı olaraq Bakıda keçirilən konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və müasirləşdirilməsinə yeni təkan verəcək”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etməsi beynəlxalq səviyyədə də kosmik tədqiqatlar baxımından ölkəmizin nailiyyətlərinin qəbul olunduğunun və perspektiv inkişafına inamının göstəricisidir.




Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Konqresin yenidən Azərbaycanda keçirilməsi bizə kosmik sənayenin inkişafına, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal sənayeyə yaxından inteqrasiyaya imkan yaradacaq:


“Builki Konqresdə dünyanın 100-dən artıq ölkəsindən 5 mindən artıq nümayəndənin iştirakı tədbirə verilən önəmin göstəricisi kimi dəyərləndirilir”.


Millət vəkili əlavə edib ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi dövlətimizin imkanlarının daha çox tanıdılması və təqdimatı baxımından da müstəsna əhəmiyyət daşıyır.







Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər