Sumqayıt şəhərində ağıllara sığmayan hadisə baş verib.
Bakupost.az DenMedia.az-a istinadən xəbər verir ki, hadisə Qurd dərəsi yaşayış massivində qeydə alınıb.
Həmin ünvanda yaşayan Anatoli Serebyakov adlı şəxs keçmiş həyat yoldaşı tərəfindən həm maddi, həm də fiziki zorakılığa məruz qaldığını iddia edib.
Məlumata görə, Serebyakov illər öncə Aytən Mehbalıyeva ilə ailə həyatı qurub. Cütlük uzun müddət qızıl alveri ilə məşğul olub. Lakin bir müddət sonra Anatoli Serebyakov həyat yoldaşının gizli şəkildə bütün əmlak və vəsaitləri öz qardaşının adına keçirdiyini öyrənib.
Zərərçəkmişin sözlərinə görə, bu hadisədən az sonra ona boşanma ərizəsi təqdim olunub. Hər şeyi itirdiyini anlayan kişi məsələni aydınlaşdırmaq üçün həyat yoldaşı ilə əlaqə saxlamaq istəsə də, qadın evdən qaçaraq izini itirib.
Əsl dəhşət isə bundan sonra yaşanıb. İddiaya görə, Aytən Mehbalıyeva boşandıqdan qısa müddət sonra səhər saatlarında üç nəfər şəxslə birlikdə keçmiş ərinin yaşadığı evə gələrək onu amansızcasına döydürüb.Hadisə nəticəsində Anatoli Serebyakov müxtəlif bədən xəsarətləri alıb. O, hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş həyat yoldaşı və onun yaxınlarından şikayətçi olub.
Qeyd edək ki, Anatoli illər öncə hər iki valideynini itirib və xalasının himayəsində böyüyüb.
Hazırda faktla bağlı araşdırma aparıldığı, hadisənin bütün təfərrüatlarının hüquq-mühafizə orqanları tərəfindən yoxlanıldığı bildirilir.