Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərbi birbaşa hədələyən sərt açıqlama ilə çıxış edib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Medvedyev sosial şəbəkə hesabında Rusiyanın yeni “Oreşnik” raketinin zərbə videosunu paylaşaraq Avropa və NATO ölkələrinə ünvanlanan təhdid dolu mesaj yayımlayıb.
Medvedyev paylaşımında Avropa liderlərini açıq şəkildə ittiham edərək bildirib:
“Hakim Avropa axmaqları, deyəsən, Avropada müharibəni həqiqətən istəyirlər. Min dəfə deyilib: Rusiya Ukraynada heç bir Avropa və ya NATO qoşununu qəbul etməyəcək, amma yox, Mikron (Medvedyev qəsdən Makronun adını bu cür qeyd edib) bu acınacaqlı cəfəngiyatı irəli sürməyə davam edir. Yaxşı, davam edin. Bunu (Oreşnik) alacaqsınız”.
Kremlin əsas fiqurlarından olan dövlət adamı bu sözləri ilə Qərbin Ukraynaya mümkün hərbi kontingent yerləşdirməsi ideyasını “qırmızı xətt” adlandırıb və Rusiyanın cavabının sərt olacağını açıq şəkildə nümayiş etdirib. Məhz bu kontekstdə “Oreşnik” raketinin zərbə videosunun paylaşılması Moskvadan Qərbə verilən birbaşa mesaj kimi dəyərləndirilir.
Bir çox dairələr Medvedyevin ritorikasını təkcə siyasi bəyanat yox, həm də psixoloji təzyiq elementi kimi qiymətləndirirlər. Onların fikrincə, Moskva Avropa paytaxtlarına açıq şəkildə xəbərdarlıq edir ki, Ukrayna münaqişəsinin genişlənməsi halında məsuliyyət birbaşa Qərbin üzərinə düşəcək.