Ru
14:38 / 09 Sentyabr 2023

Məktəbli bazarlığı: keyfiyyət aşağı, qiymətlər baha... - Araşdırma

23672
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bütün valideynlərin tək istəyi övladlarını məktəbə ürəyi istədiyi səviyyədə yola salmaq, onları hər cür məktəb ləvazimatı ilə təmin etməkdir.

Ancaq məktəb ləvazimatlarının qiymətində müşahidə olunan artım xüsusən də, məvacibi az olan valideynləri çətin vəziyyətə salır. Baha qiymətlər maddi imkanı aşağı olan valideynlərin övladı üçün ürəyi istəyən kimi məktəb bazarlığı etməsinə imkan vermir.


Maraqlıdır valideyn bir övladını məktəbə yola salmaq üçün nə qədər xərc çəkməlidir?




Bunu müəyyən etnək üçün üz tutduq paytaxtdakı məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalara. Yeni dərs mövsümü ərəfəsində baş çəkdiyimiz satış obyektlərində məktəb ləvazimatlarının qiymətinin yüksək olduğunun şahidi olduq.


Ötən illə müqayisədə bu il ləvazimatların qiyməti xeyli artıb. Satıcılar da bunu təsdiqlədilər. Bildirdilər ki, hazırda satışda olan Türkiyə və Rusiya istehsalı olan məktəbli ləvazimatlarının qiyməti daha bahadır.


İnsanların məktəbli lavazimatları almaq üçün daha çox üz tutduğu "28 May" metrostansiyasının qarşısındakı yeraltı keçiddə satıcı ilə söhbət zamanı öyrəndik ki, bahalaşmaya səbəb məktəbli ləvazimatlarının çoxunun Türkiyədən gətirilməsidir.
Satıcı Elxan Zeynalovun sözlərinə görə, əvvəllər ləvazimatlar ölkəyə əsasən, Çindən gətirilirdi. Son iki ildə isə bazarda əsas üstünlük Türkiyədə istehsal olunan məktəbli ləvazimatlarına verilib. Türkiyədə isə qiymətlər bahalaşıb. Bu da ölkəyə gətirilən məhsulların qiymətinə təsir göstərib: “Hazırda satışda olan ləvazimatların çoxu, çantaların isə demək olar ki, hamısı Türkiyə istehsalıdır. Ötən il ən ucuz çantanın qiyməti 15-20 manat idi. İndi ən ucuz çanta 30 manatadır”.
Türkiyə və Rusiyanın istehsalı olan digər məktəb ləvazimatlarının da qiyməti bahalaşıb. Beləliklə, məktəbli ləvazimatlarının satış bazarında qiymətlər aşağıdakı kimi dəyişir:




Məktəbli çantalarının əksəriyyətinin qiyməti 30-180 manat arasındadır. Satışda 17 manata olan məktəbli çantaları isə keyfiyyətsizdir.
Türkiyə və Azərbaycanda istehsal olan dəftərlərin qiyməti isə belədir: 12 vərəq - 35 qəpik, 24 vərəq - 50 qəpik, 48 vərəq - 80 qəpik, 60 vərəq - 1 manat 10 qəpik, 96 vərəq -1,50 qəpik.


Rusiya istehsalı olan dəftərlərin qiyməti isəbundan 20 qəpik bahadır. Sadə qələm 30-90 qəpik, rəngli karandaşlar 2,50- 35 manat, marker 60 qəpik -1 manat, qələmyonan 50 qəpik - 2.50 qəpik, yapışqan 60 qəpik-1 manat 10 qəpik, plastilin 3 manat 50 qəpik -7 manat, 25 ədədlik dəftər üzləri 3 manat 70 qəpik, kitab üzləri 4 manat 10 qəpik (12 ədəd), qələm qabları 6-30 manat, su qabları 5-25 manata satılır. Rəsm albomlarının qiyməti 2 manat 20 qəpik - 5 manat 60 qəpik arasında dəyişir. Pərgar isə 3 manat 80 qəpik-7 manatadır.




Gündəliklərin qiyməti 1 manat 70 qəpik - 4 manat, lüğət dəftərlərinin qiyməti isı 1,6-2 manat arasında dəyişir.


“20 Yanvar” metrosu yaxınlığında yerləşən yarmarkada da bütün malların qiyməti bahadır.
Şəhərin müxtəlif ərazilərində yerləşən firma mağazalarından məktəbli bazarlığı edənlərin xərci isə iki, bəzən də üçqat artır. Sözügedən mağazalarda məktəbli ləvazimatları tanınmış firmaların məhsulları olduğundan burada qiymət də bahadır. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir.


Qeyd edək ki, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etmək məqsədilə Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən, əhalinin sıx olduğu yerlərdə yaradılıb. Çadır tipli yarmarkalar sentyabrın 25-nə qədər fəaliyyət göstərəcək. Yarmarkada qiymətlər məhsulun keyfiyyətinə və istehsal olunduğu ölkəyə görə dəyişir.


Qeyd edək ki, yeni tədris ilindən ölkənin ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.





Oğlanlar üçün şalvar - rəngli yun və poliester qarışıqlı iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Qızlar üçün ətək - rəngli yun və poliester qarışıqlı iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.


Qızlar üçün şalvar - rəngli yun və poliester qarışıqlı iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Qısaqol köynək - rəngli və pambıq iplik tərkibli parçadan polo tipli tikilir.


Uzunqol köynək - rəngli və pambıq iplik tərkibli, orta qalın toxunma parçadan tikilir.


Önü bağlanılan cibli jaket - rəngli yarımyun tərkibli qalın toxunma parçadan tikilir. Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir.
Elm və təhsil naziri Emin Əmrullayevin dediyinə görə, aparılan monitorinqlərə görə, bu gün bazarda vahid məktəbli formasının satışı ilə bağlı çatışmazlıq yoxdur: "Bizdə olan məlumata görə, artıq ölkədə bir neçə yüz min şagird məktəbli forması alıb".




Nazir sosial durumu zəif olan ailələrə vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət etməyi məsləhət görüb: "Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək edə bilər".


Valideyn Şəfa Əlizadə deyir ki, ötən tədris ili ilə müqayisədə bu il məktəb ləvazimatlarının qiyməti xeyli bahalaşıb. Dəftərdən tutmuş, qələmə, məktəbli çantasına qədər hər şeyin qiyməti qalxıb:


“Çantaların qiyməti ötənilkindən bahadır. Normal çanta almaq istəyirsənsə, gərək 70-90 manat pul xərcləyəsən. Nəinki çanta, bir uşaq üçün dəftər, qələm, digər ləvazimatlar, məktəbli forması da xeyli pul tutur. Amma xərc bununla bitmir. Bunun üstünə ayaqqabı, dəyişək köynəyi də gələndə qiymət vurub çıxır kəllə çarxa".





Valideyn Mehman Səlimov bildirib ki, tədris ilinin başlamasına az qaldığı üçün məktəb ləvazimatlarının qiyməti daha da bahalaşıb. İyun-iyul aylarında qiymətlər nisbətən münasib idi:


“Məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində təxminən 7-10 faizə yaxın artım müşahidə edilir. Deyirlər, bolluq olanda qiymət də ucuz olur. Ancaq bizdə əksinədir. Mağazalar məktəbli ləvazimatları ilə dolub-daşır. Ancaq bahalıqdır. Qiymətlər əl yandırır”.





Beləliklə, apardığımız təxmini hesablamalara görə, bir uşağı məktəbə göndərmək üçün valideyn ən azı 250-300 manat xərcə düşməlidir. Əgər bir ailədən 2-3 uşaq məktəbə gedirsə onda xərc daha da artır.
Bu vəziyyətdə təsəlliverici məqam odur ki, dərsliklər məktəblilərə dövlət tərəfindən pulsuz verilir. Yoxsa valideynlərin işi lap çətin olardı.


Dövlət dərsliklərin çapına çəkilən xərci öz üzərinə götürməklə valideynlərin yükünü qismən azaltsa da, məktəblərdə müxtəlif fənlər üzrə əlavə vəsaitlər tələb olunur. Apardığımız müşahidələrə əsasən, bu il əlavə dərs vəsaitlərinin, xüsusilə də test toplularının, sinifdən xaric oxu üçün kitabların, iş dəftərlərinin qiymətində də artım var.




İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, məktəb ləvazimatlarının qiymətində müşahidə olunan artım əslində, bazarın təbiətindən irəli gəlir. "Mövsüm dövrü" dediyimiz vaxtda tələb artır, təklif və təchizatda problemlər yaranır. Bu üzdən təbii ki, qiymətləri müəyyən etmə situasiyası yaranır. Buna görə də sahibkarlar qiymətləri bir qədər artırırlar:


“Mövsüm dövründə, iyun-iyul aylarında Azərbaycan höküməti idxal olunan məktəb ləvazımatları kimi məhsulların əlavə dəyər vergisindən azad edilməsiylə bağlı müvəqqəti rejim elan edə bilər. Bu zaman həmin məhsulların kütləvi şəkildə idxalına başlansa, bazarda da təklif bolluğu yaranar. Bu bolluq qiymətlərin optimallaşmasına gətirib çıxaracaq. Amma hazırda qeyd etdiyim istiqamətdə bənzər təşəbbüsü görməmişəm”.




Təhsil eksperti Elşən Qafarovun dediyinə görə, bu il bütün məktəb ləvazimatlarının - məktəbli çantaları, dəftər-qələmin, karandaş və rəsm albomlarının qiymətində artım müşahidə olunur. Bu da sosial durumu aşağı olan ailələri çətin vəziyyəətə salır:


“Hesab edirəm ki, iyun-avqust aylarında bu sahə əlavə dəyər vergisindən (ƏDV) azad edilməli idi. Əgər ƏDV götürülərsə, bu, həm vətəndaşların maddi vəziyyətinə ciddi kömək edər, həm də qiymətlər qismən də olsa, aşağı düşər. Hazırda, bir şagird üçün məktəb ləvazimatı ən azı 150 manata başa gəlir. Məktəbli çantası 30-35 manata, dəftər-qələm, karandaş, rəsm albomu, digər zəruri ləvazimatlar birlikdə 100-120 manata başa gəlir. Bu da ailə büdcəsi üçün ciddi xərcdir”.



İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, ənənəvi olaraq hər yeni tədris ilinin yaxınlaşması ərəfəsində məktəb ləvazimatlarının qiymətində artım müşahidə olunur. Sahibkarlar dərs ili öncəsi təklif etdikləri məhsulların qiymətini artırırlar. Tələbat çox olduğu üçün məktəb ləvazimatlarının qiymətləri yüksəlir:


“Sahibkarlar yaranan fürsətdən istifadə edərək, daha çox gəlir əldə etməyə çalışır və bu fonda da qiymətləri qaldırırlar. Bu da təbii ki, haqlı olaraq valideynlər tərəfindən etirazla qarşılanır. Hesab edirəm ki, məktəb ləvazimatları ilə bağlı süni qiymət artımının qarşısını almağın yeganə yolu təklifin artırılması ilə bağlı olmalıdır. Məktəb ləvazimatlarının əksəriyyəti xarici ölkələrdən gəlir. Çox vaxt Türkiyədən və Çindən. Azərbaycanda kifayət qədər yerli istehsal olmadığından lazımi mallar xaricdən gətirilir. Hökumət ən azından müvəqqəti də olsa, bir neçə aylıq məktəb ləvazimatlarına qoyulan vergiləri və bəzi gömrük rüsumlarını aşağı sala bilər. Yaxud da, bu malları ölkəyə gətirən şirkətlərin sayının artırılması təşviq oluna bilər. Əgər ölkəyə daha çox mal və məhsul gətirilərsə, rəqabət mühiti yüksələr və nəticədə qiymətlər xeyli aşağı düşər. İndiki halda isə rəqabət mühiti yoxdur. Vergi və gömrük rüsumları da yüksəkdir. İş adamları bir çox hallarda məcburən qiymətləri yüksəltməli olurlar. Çünki digər xərcləri ödəməyə başqa yolları yoxdur”.


Sevinc,
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar