Ru
14:52 / 25 Aprel 2024

"Mənasız kitablarını satmaq istəyir..." - Etibar Əliyevlə Şəmil Sadiq arasında yeni qalmaqal

14325
Deputat Etibar Əliyevlə “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq arasında növbəti qalmaqal baş verib. Buna deputatın, "Hədəf" rəhbərinin ideya müəllifi olduğu “Oxu Günü -10” adlı kitab festivalını sərt tənqid etməsi səbəb olub.




Bakupost.az xəbər verir ki, E.Əliyev Şəmil Sadiqin müəllifi olduğu kitabları satmaq üçün belə bir festival təşkil etdiyini bildirib:

“30 ildən çoxdur ki, kitabxana qururam və məndən çox kitab mağazalarına gedən, kitab alan yoxdur. Facebook səhifəmdə 200 kitabın təqdimatını aparmağı qarşıma məqsəd qoymuşam. Kitab mağazalarına və Bukinistə gələnlərin demək olar ki, əksəriyyətini tanıyıram. Bütün kitab mağazalarındakı yeniliklərdən xəbərdaram. Bunu kitab satıcılarından soruşa bilərsiniz. Aprelin 27-28-də kitab festivalı keçirmək təşəbbüsü ilə aləmə car çəkənlərin başda Şəmil Sadiqov olmaqla heç birinin kitabla əlaqəsi yoxdur. Onlar özlərinin nəşriyyatlarının çap etdiyi kitabları, broşürları və müəllifi olduğu mənasız kitabları satmaq məqsədilə bu tədbiri təşkil edirlər”.

Deputat Şəmil Sadiqi kitab festivalından sui-istifadə etməkdə günahlandırıb:

“Kitab festivalı adı altında yalançı özünütəbliğ və külli-miqdarda pul qazanmaq fürsəti avantüradan başqa bir şey deyil. Bu kitabı gözdən salmaqdır. Kitab festivalını Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi keçirməlidir”.

E.Əliyevin fikirlərinə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu da reaksiya verib. O, bəzi tədbirlərin tədbir xatirinə keçirildiyini bildirib:

"Etiraf etmək lazımdır ki, bəzi tədbirlər sadəcə tədbir xatirinə, bəziləri isə kitabı gözdən salmaq üçün təşkil edilir. İllərcə kitaba aidiyyəti olmayan insanlar indi kitabın başına gəliblər. Bir oyuncaq qurum yaradılıb, guya 30 nəşriyyat iştirak edir. Kitabları da ortada yox. Bu mənada Etibar Əliyev bəyin qəzəbini başa düşürəm".



Digər naşir Telman Cəfərov da Etibar Əliyevə həmrəy olduğunu bildirib:

"Etibar müəllimin rəyindəki əsas fikrə və yazdıqlarının məğzinə diqqət yetirməyə dəyər. Biz də "Mütərcim" TM və nəşriyyatı olaraq kitablarımızı sosial şəbəkələrdə təbliğ edirik. Xüsusən də ali məktəblər üçün buraxdığımız ciddi tədris resurslarını. Bu, bizim qəhrəmanlığımız deyil, bizə sifariş verən dövlət və özəl ali məktəblərin müəllimləri və alimlərinin intellektual əməyinin bəhrəsidir. Kitablarının təbliğatı ilə də əsasən, müəlliflər özləri məşğul olurlar. Yaxşı kitab, xüsusən də dərslik vəsaiti öz oxucusunu tapacaq...
Mövcud kitab satış bazarında, kitabın təbliğində ciddi bir qüsuru kimsə görürsə, yaxşı tərəfləri ilə yanaşı, pisini də deyirsə, niyə də eşidilməsin?!"

Telman Cəfərov kitab sahəsində yeni yaradılan assosiasiyaların məqsədli şəkildə müstəqil nəşriyyatları sıxışdırmağa cəhd etdiyini də diqqətə çatdırıb:

"Birincisi, necə olur ki, müstəqil Azərbaycanda formalaşmış, öz müəllif bazası olan nəşriyyatlar birdən-birə oyundan kənarda qalır, yaradılan assosiasiyalar köhnə nəşriyyatları oyundan kənarda qoymağa çalışırlar? Ölkədə yaranan bu cür birliklərə təcrübəli naşirlər dəvət olunmurlar. Yəni kitab işi də bu qədər "bazarlaş"malıdır? Hərənin öz kitab festivalımı olur? Elə kitab mağazaları da. N niyə onlar ölkədə nəşr olunan kitablarla maraqlanmırlar? Bəli, əsl kitabın təbliğat-təqdimat sistemi var: kitab kataloqları-göstəriciləri Mədəniyyət Nazirliyi tərəfindən nəşriyyatlardan toplanıb ümumi kataloq şəklində Milli Kitabxana xətti ilə ali və orta məktəblərə, kitabxanalara, sərgilərə dağıdılmalıdır. Yoxsa sərgi-satışda ortaya o qədər kitab tökülür ki, görüntüdən adam başını itirir. Etibar müəllimdən fərqli olaraq, şəxsən məndə belə basabasla kitab axtarışına həvəs ölüb. Nə baxmaq, nə axtarmaq, nə almaq mümkündür. Biz illər boyu lazımlı bədii, tərcümə, tədris ədəbiyyatlarının nəşri arzusunda olmuşuq, amma belə bir "bazar"ın yox. Hər bir ciddi kitabı hadisəyə çevirməyə imkan tapılmalıdır. İkincisi, yaxşı elmi, bədii, tədris kitabları dediyimiz kataloqlar, rəyçilər tərəfindən həzm edilib Mədəniyyət, Elm və Təhsil nazirliklərinin müvafiq şöbələri tərəfindən lazımı ünvanlara çatdırılmaq məqsədilə kitabxanalar üçün alınmalıdır. Zəng və tapşırıqlarla göndərilən kitablar şagirdə, tələbəyə, oxucuya lazım olmur, fondları zəbt edir. Bu işlə nazirliklərdə təsadüfi adamlar məşğul olmamalıdır. Onlar bibliomanlar, kitab marketinqini bilən adamlar arasından seçilməlidir. Onlar yerində olsalar, yaxşı kitabları yazmağa müəlliflər tapılar, kitab sərgiləri, festivalları da yerində, gərəkli kitab da yazılar, keyfiyyətli şəkildə çapa hazırlanıb, ünvanına çatar. Biz niyə bu məsələlərdən danışmırıq? Biz niyə böyük, imkanlı büdcəyə malik nazirliklərimizin kitab işinə hamilik etməsinə səslənmirik? Kitab nəşri ilə bağlı tenderlər, katirovkalar artıq işbazların əlinə keçdiyindən təcrübəli naşirlərin, səriştəli nəşriyyat-poliqrafiya müəssisələrinin böyük hissəsinin öz fəaliyyətini dayandırmaq məcburiyyətində olduğundan danışmırıq? Açıq satış, sərgi və festivallar da bu gündədirsə, niyə də sözün düzünə etiraz edək? Bununla yanaşı, faydalı, ağıllı, səviyyəli, ümumi ictimai və sosial əhəmiyyət daşlyan şəxsi təşəbbüsləri də dəstəkləyirəm".

Qeyd edək ki, 27-28 aprel tarixlərində AMEA-nın əsas binasının qarşısında keçiriləcək "Oxu Günü-10" Kitab Festivalında iştirakla bağlı şərtlərdən bəzi digər nəşriyyat rəhbərləri də narazıdırlar. Belə ki, burada öz stendini qoymaq üçün nəşriyyatlardan 200 manat tələb olunur. Bir sıra nəşriyyat rəhbərləri isə bu qiymətin baha olduğunu əsas gətirərək, festivalda iştirak etməyəcəklərini bildiriblər.

Nəşriyyat rəhbərlərinin iradı ilə bağlı "Oxu Günü-10" Kitab Festivalının ideya müəllifi Şəmil Sadiqin mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq.

O əvvəlcə Bakupost.az -a qeyd etdi ki, sözügedən tədbir Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir:

"Türkiyə tərəfindən layihənin təşkilatçıları da burdadırlar. Kitab festivalı ilə bağlı sizə proqramı da göndərə bilərəm".

Ş.Sadiq deputat Etibar Əliyevin sosial şəbəkədə yazdığı tənqidi fikirlərə isə belə reaksiya verdi:

"Onun danışığı ümumiyyətlə, nə kitaba, nə mədəniyyətə, nə siyasətə, nə də elmə sığır. Biznesi tənqid edirsə, oradakı kitab mağazalarının adını niyə çəkir? Yox, əgər kitabı tənqid edirsə, orada 35 nəşriyyat kitab təqdim edir, bir nəfərin deyil, yüzlərlə oxucusu olan yazıçıların kitabı təbliğ olunur. Kitabla məşğul olanları axmaq adlandırmaq nə dərəcədə doğrudur? Orada Şahbaz XuduoğluEtibar Əliyevin fikirlərinin altına rəy yazıb və bizi "oyun-oyuncaq nəşriyyatlar" adlandırıb. Sən böyük nəşriyyatsan deyə təzə yaranan nəşriyyatlara bu cür yuxarıdan aşağı baxılmalısan? Elə olmayacaq. Mən gücüm çatan qədər gənc naşirlərin inkişafına kömək edirəm, arxalarında da duracam. Bu, Azərbaycan kitabçılığı adına boynumuzun borcudur”.

Ş.Sadiq nəşriyyatlardan stend üçün 200 manat tələb olunmasına da münasibət bildirib:

“Hər şeyi qarışdırırlar. Bizim forum sabahdır və orda hər hansı ödəniş yoxdur. Foruma dövlət qurumunun dəstəyi var. Amma festival üçün hər hansı dövlət qurumundan maliyyə yardımı alınmır. Kitab sərgisi maliyyəylə başa gəlir. Dəstək olmadığına görə məcburuq 28 üzv arasında xərcləri bölək, öz büdcəmizdən ayırdığımız 150, 200, 300 manatla tədbirin təşkilatçılığını maliyyələşdirək. Kənardan kimsə bizə qoşulursa, o da ödəniş etməlidir. Səhnə qurulub, dizayn, piar işləri var. Bunların hamısı pulla başa gəlib. Ona görə də festivalda müəyyən ödəniş tələb olunur. Mədəniyyət Nazirliyinin ildə bir dəfə keçirdiyi beynəlxalq kitab sərgisi olur. Nəşriyyatlar ora ödəniş etmir? Altı kvadrat metr yer pulsuz olur. Əlavə yerlərin ödənişi edilir. Biz özəl sektordayıq. 30 nəşriyyat var və festivalı öz gücümüzə etməyə çalışırıq. Kim nə deyir, kim iştirak etmir, mənə maraqlı deyil. Azərbaycanda sərgilər indiyə qədər həmişə belə keçirilib. İstənilən qurum sərgi keçirirsə, normalda bu tip festival üçün 1000, 1500 manat qonarar almalıdır. Amma buna baxmayaraq, biz minimal xərclərlə bu işi təşkil etməyə çalışırıq. Bu, normal və təbiidir".


Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar