Elm və Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə bağlantıları müzakirə obyekti olub. Bu barədə sabiq deputat Etibar Əliyev ilginc iddialar səsləndirib. O bildirib ki, nazirlik  “Savad” Məhdud Məsuliyyətli Cəmiyyətə ildə təxminən 1 milyon manatdan çox vəsait ayırır və bu təşkilatın rəhbəri Məhəbbət Vəliyeva Ramiz Mehdiyevin ən yaxın adamlarından biridir.
Sitat: “Mehriban Vəliyeva həm də Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq – Qərb” nəşriryyatına iri məbləğdə pulların verilməsinə vasitəçilik edir və faktiki olaraq bu nəşriyyatın şəriklərindən biridir.  Təhsil nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderdə “Şərq-Qərb” ASC qalib elan edib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat vəsait ödəyib. 2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb”lə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlayacaq”.
Sözügedən nəşriyyatla bağlı nələr bilinir? Bu faktlarda reallıq payı nə qədərdir?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov uzun illərdir “Şərq-Qərb” nəşriyyatının dərsliklərin çapı sahəsində dominant mövqe tutduğunu deyib:
 
“İctimai müzakirələrdə qeyd edilir ki, təhsil sistemində yaranmış problemlər, idarəetmədə qeyri-şəffaflıq iddiaları səbəbindən elm və təhsil naziri Emin Əmrullayev bu sahədə tənqidlərə cavab verməkdə çətinlik çəkir. Təhsil büdcəsinin idarə edilməsində şəffaflığın təmin olunmaması, müəyyən şirkətlərlə əməkdaşlıqda obyektivlik məsələləri suallar doğurur. Bu sahədə geniş audit aparılacağı təqdirdə, ciddi maliyyə pozuntuları üzə çıxacaq. Hazırda təhsil büdcəsi dövlət xərcləmələri arasında ən iri istiqamətlərdən biridir. Buna baxmayaraq, sözügedən sistemin səmərəliliyi aşağıdır, vəsaitlərin bir hissəsi gərəksiz layihələrə yönləndirilir”.
Ekspert bildirib ki, bir sıra ictimai-siyasi nəzarət institutları, o cümlədən Hesablama Palatası və Maliyyə Nazirliyi geniş araşdırmalar aparsa, böyük həcmdə dövlət vəsaitinin səmərəsiz xərclənməsi faktı üzə çıxacaq:
“Təhsil sahəsi bu gün cəmiyyətdə ən çox narazılıq doğuran istiqamətlərdən biridir. Əgər aidiyyəti dövlət qurumları mənimlə əməkdaşlıq etməyə hazır olarsa, məktəbəqədər və ümumtəhsil səviyyəsində vəsaitlərin xərclənməsi ilə bağlı əlavə faktlar təqdim etməyə hazıram”.