Ru
10:51 / 18 İyul 2023

Bakının mərkəzində parkinq 160 manata olacaq? - Açıqlama

5808
“Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydaları təsdiq edilib. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə 70, 40, 30 qəpik müəyyənləşdirilib. Qərar yaxın 30 ayda qüvvəyə minəcək. Bu aydan etibarən şəhərin mərkəzi hissəsindəki yolkənarı dayanacaqlardan istifadə etmək istəyən avtomobil sahibləri gün ərzində ən azı 2-3 manatlarından keçməli olacaq. Yeni təsdiqlənən qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. ​Qeyd edim ki, hökümətin yeni qərarı bütün şəhəri əhatə etsə də, heç də bütün küçə və prospektlərdə ödənişli dayanacaqlar olmayacaq. Parklanma qadağan olan xeyli küçə və prospektlər var”.




Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.


Onun sözlərinə görə, ​bu qərarın bir hədəfi də şəhərin mərkəzində şəxsi avtomobillərin sıxlığını azaltmaqdır.

Ekspert yeni qərarın ərazidə yaşayan və işləyən avtomobil sahiblərinə necə şamil ediləcəyinə də aydınlıq gətirib:

"Yaşayış yeri üzrə sakinlərin avtomobillərinin parklanması nəzərə alınsa da, bu qərarın işləyənlərə necə şamil ediləcəyi sual yaradır. Ona görə də biz bununla bağlı təklif vermişik ki, onlara da güzəştlər tətbiq edilməlidir. Məsələn, ərazidə yaşayan avtomobil sahibi nəzarətçi quruma müvafiq sənəd təqdim edəcəyi təqdirdə, dayanacaqdan pulsuz istifadə edə bilər. İşləyənlər üçün də müəyyən güzəştlər olmalıdır. Çünki, mərkəzi zonada işləyən vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəsə, bu, ayda minimum 160 manat edir. Bu da kifayət qədər böyük xərcdir. Ona görə də yeraltı parklanmada ərazidə işləyən avtomobil sahibləri üçün də müəyyən güzəşt nəzərdə tutulub. Yəni hər gün işə gələn vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəmək məcburiyyətində qalmır. Amma küçə parklanmasında problem yaranır. Ərazidə işləyən insanlar var ki, bu məsələlər nəzərə alınmalıdır. Əks halda bu nizamlama narazılıq yarada bilər".


E.Muradlı vurğulayıb ki, işləyən şəxsləri ictimai nəqliyyata cəlb etməzdən öncə nəqliyyat sahəsində sıxlığa əlac edilməlidir.





Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, parklanma ilə bağlı yeni tarifə əsasən, bir saat üçün ödəniş bir manat təşkil edir. Bu da paytaxt ərazisində işləyən şəxsin parklanma üçün gün ərzində 8-9 manat ödəməsi deməkdir:


“Fikrimcə, mərkəzdə işləyənlər üçün müəyyən güzəştlər tətbiq olunacaq. Sürücülərdən bir neçə saat üçün yuvarlaq məbləğdə ödəniş istəniləcək”.


Ekspert hesab edir ki, parklanma qiymətlərinə görə Bakının mərkəzi hissəsinə nəqliyyat axını azalacaq:


“Bakının mərkəzində avtomobil sayının azalması üçün ictimai nəqliyyat, metro normal işləməlidir. Belə olarsa, insanlar şəxsi avtomobildən, hətta taksidən belə imtina edərlər. Bundan əlavə, vəzifəli şəxslər, əsasən, dövlət qurumlarının rəhbərləri mobilləşməyə üstünlük verməli və moped, velosiped, elektroskuterlərdən istifadə etməlidirlər ki, nümunə olsunlar”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər