Ru
14:03 / 06 Dekabr 2022

"Moskva görüşündə sülh müqaviləsinin gündəmə gəlməsi..." - ŞƏRH

8642
“Moskvada keçirilən Lavrov-Bayramov danışıqlarını şərh edərkən görüşdən əvvəl baş verən hadisələrə diqqət çəkmək lazımdır. Lavrovun açıqlamasını və xarici işlər nazirliyinin rəsmi saytında Azərbaycan-Rusiya münasibətləri ilə bağlı mesajları nəzərə almağın da vacib olduğunu düşünürəm”.




Bunu Bakupost.az -a politoloq Elçin Mirzəbəyli dünən Moskvada baş tutan Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Ötən həftə Lavrovun Azərbaycanla bağlı verdiyi açıqlamlara diqqət çəkən E.Mirzəbəyli görüşdən əvvəl artıq pozitiv mesajların verildiyini vurğulayıb:

“Lavrov öz açıqlamasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Rusiyanın mövqeyini ifadə etmişdi. Bildirmişdi ki, Azərbaycanla Ermənistan sovet dövrü sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıyıb və artıq mövcud olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycanın tərkibindədir. Bu baxımdan düşünürəm ki, pozitiv notlar görüşdən əvvəl verilən mesajlarda nəzərə çarpırdı. Baxmayaraq ki, sülhməramlıların davranışları, son vaxtlar onların Azərbaycan ərazisinə xarici vətəndaşları, xüsusilə İrandan olan şəxsləri buraxması, həmçinin 10 noyabr bəyanatının bir neçə müddəasını yerinə yetirməməsi ilə bağlı bu günə qədər sərgilədikləri mövqeni nəzərə alsaq, Moskva görüşündə neqativ və pozitiv amillər arasında müəyyən balans olduğunu deyə bilərik. Amma görüşdə həm Azərbaycan, həm də Rusiya tərəfin açıqlaması bundan sonrakı proseslərdə Moskva tərəfindən Bakının narahatlıqlarının nəzərə alınacağı ilə bağlı müəyyən ümidlər yaradır”.

Politoloq hesab edir ki, xarici işlər nazirlərinin dünənki görüşündə sərhədlərin delimitasiyası və sülh müqvailəsi ilə bağlı məsələ də gündəmə gəlib və bu məqam sözügedən məsələ ilə bağlı müəyyən addımlar atılacağını düşünməyə əsas verir:

“Rusiya XİN başçısı Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri haqqında bəyannaməyə istinad etdi. Bu bəyannamənin bütün müddəaları dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı olaraq dəstəklənməsi, həmçinin separatizmə və terrorizmə qarşı birgə mübarizənin aparılması kimi məqamlardan ibarətdir. Ona görə də Lavrovun bu sənədə istinad etməsini Rusiyanın hazırkı mövqeyi kimi də dəyərləndirmək olar. İndiki şəraitdə Ermənistan nəyin bahasın olursa-olsun, ayrı-ayrı qüvvələri prosesə cəlb etməklə həm Rusiyanın vasitəçi mövqeyini zəiflətməyə cəhd göstərir, həm də bütövlükdə regionun xarici aksiyalara açıq olmasına çalışır. Düşünürəm ki, müzakirələr zamanı bu amillərə də diqqət çəkilib”.

E.Mirzəbəyli həmçinin qeyd edib ki, Rusiya üçün vacib məqamlardan biri də kommunikasiyaların açılması, həmçinin Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsidir:

"Düşünürəm ki, Rusiya bu istiqamətdə müəyyən səylər göstərməyə cəhd edəcək. Bundan sonra atılacaq addımlarda sülh müqaviləsinin mətni ilə bağlı məqamlar da aydın olacaq. Ən əhəmiyyətli məqamlardan biri də odur ki, Rusiya Praqa görüşündə əldə olunan razılşamların vacib olduğunu xüsusi vurğuladı. Məlum olduğu kimi Praqa görüşündə əldə olunan razılaşmalar mahiyyət etibarilə Azərbaycanın irəli sürdüyü haqlı tələblərə tamamilə uyğundur”.



Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər