Ru
15:35 / 18 Noyabr 2022

"Nadir dedi, o adamı oğurla, razılaşmadım, dalaşdıq" - "Lotu Quli"nin qətlində YENİ DETALLAR

2869
Manavqat 2-ci Ağır Cəza Məhkəməsində Türkiyənin Antalya şəhərində öldürülən azərbaycanlı "qanuni oğru" Lotu Qulinin (Nadir Səlifov) qətlində şübhəli bilinən şəxslərin məhkəmə prosesi keçirilib.

Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin “Lənkəranski” ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.

Qətldə Azərbaycan vətəndaşları Xaqan Zeynalov, Əmir Həmidli, Əli Mövlamlı, Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova, Namiq Canıyev, Rəsul Həsənov, Ümid Nəcəfov, Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun əli olduğu müəyyən edildikdən sonra İstanbul və Ərzurumda əməliyyatlar aparılıb.

Əməliyyatlar zamanı Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov və Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanıb. Vəkil Nürsen Arasoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bakupost.az "Müsavat"a istinadla xəbər verir ki, bu yaxınlarda keçirilən məhkəmə prosesində qətli törətməkdə təqsirli bilinən Xaqan Zeynalov fərqli ifadə verib.

"Nadiri vuran mən deyiləm..."



27 yaşlı X.Zeynalov Lotu Qulini öldürmədiyini deyib:

"Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə özü dəvət edib. Oteldə onun qonağı olmuşam. Avqustun 19-u İstanbula gedəcəkdim. Ayın 17-si isə aramızda problem yarandı. Nadir Səlifov məndən Moskvada olan bir iş adamını oğurlamağımı istədi. Razı olmadım. Ona görə dalaşdıq. O mənə yumruq vurdu. Salonda 8 nəfər var idi, hamısı silahlı idi. Dalaşandan sonra mənə atəş açdılar, mən də özümü qorumağa çalışdım. Silahımı çıxarıb soldan atəş açdım. Nadir isə sağda idi".

Xaqan Zeynalov sui-qəsddə iştirakı iddia edilən digər şəxs - 28 yaşlı Əmir Həmidli ilə hadisədən əvvəl oteldə tanış olduqlarını, birlikdə İstanbula getməyə razılaşdıqlarını və silahlı münaqişə səbəbindən oteldən qaçaraq Əmirin maşınına mindiklərini bildirib.

"Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri vuran mən deyiləm. Polis məni hədələyir. Mənimlə tərcüməçim yox idi. Ona görə ifadəni qəbul etməli oldum".

Xatırladaq ki, Xaqan 2020-ci il 21 avqustda verdiyi ilk ifadədə Nadiri sevmədiyi üçün öldürdüyünü bildirmişdi:

“Onu heç sevmirdim. Birgə yaşadıq, birgə böyüdük. Onun mühafizəçisi oldum, illərlə buna dözdüm. Amma sevmirdim. Sevməyə-sevməyə bu işi gördüm. Sevmədiyim üçün də öldürdüm".

"Hadisəni boynumuza almağa məcbur olduq"

Xaqan Zeynalova kömək edərək, onu avtomobillə otelin qarşısından qaçırdığı iddia edilən Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları rədd edib. Hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə istirahətə gəldiklərini açıqlayan Əmir Həmidli deyib:

"Xanimnisə Məmmədova eskort qadındır. Onun Camal Həsənovla əvvəllər münasibəti olduğundan xəbərim yoxdur. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdıq. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Köhnə dostum Xaqan avqustun 19-da İstanbula gedəcəyini bildirdi və bizə birlikdə getməyi təklif etdi. Qəbul etdim. Yeri gəlmişkən, Xanmnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığı üçün pulunu verib göndərdim. Axşam Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəlib dedi ki, "Nadirlə mübahisə etdik, sür, məni öldürəcəklər". Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxladıq, yaralı idi, kürəyi qanamışdı. Tamponlar düzəltdim. "Xəstəxanaya gedək" dedim, qəbul etmədi. Sonra polislər bizi saxladı.

Əmir Həmidli də polis tərəfindən təzyiqə məruz qaldığını deyib: "Polis bölməsində bizi döydülər, hadisəni boynumuza almağa məcbur etdilər”.

Prosesdə digər təqsirləndirilən şəxslər də ittihamları rədd ediblər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin vəkillərinin müdafiəsindən sonra saxlananlardan biri - Cəmil Keleşin azadlığa buraxılması, digərləri barəsində isə həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər