Avtomobil bazarında bəzi modellər digər nəqliyyat vasitələri ilə müqayisədə daha tez alıcı tapır. Xüsusilə qiyməti, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı və sonrakı satış imkanları alıcıların seçimində mühüm rol oynayır.
Hazırda Azərbaycanda ən çox tələbat görən və ən gec satılan avtomobillər hansılardır? Çin avtomobillərinin bazara daxil olması avtomobil bazarında vəziyyəti necə dəyişib?
"Bakupost" xəbər verir ki, nəqliyyat üzrə ekspert Razil Nağıyev Demokrat.az-a açıqlamasında hazırda Azərbaycanda avtomobil bazarında daha çox tələbat görən nəqliyyat vasitələrinin, əsasən, yanacağa qənaət etməsi, münasib servis xərcləri, ehtiyat hissələrinin əlçatanlığı və sonradan rahat satılma imkanı ilə seçilən avtomobillər olduğunu bildirib:
"Daha gec satılan avtomobillər isə adətən yüksək yanacaq sərfiyyatına malik, servis və ehtiyat hissələri çətin tapılan, texniki vəziyyəti qeyri-müəyyən və ya bazar dəyərindən baha təklif olunan avtomobillərdir. Statistik göstəricilər də bazardakı aktivliyi təsdiqləyir. 2024-cü ildə Azərbaycana 82 434 ədəd minik avtomobili idxal olunub. Həmin dövrdə ölkədə təxminən 29 456 Çin istehsalı avtomobilinin qeydiyyata alındığı bildirilir. 2025-ci il üzrə açıq bazar hesablamalarında Çin markalarının yeni avtomobil satışlarında payının təxminən 68 faizə çatdığı qeyd olunur".
Ekspert qeyd edib ki, Çin avtomobillərinin bazara geniş daxil olması ənənəvi markalarla rəqabəti ciddi şəkildə artırıb:
"Bu avtomobillər münasib qiymət, zəngin komplektasiya, müasir dizayn, hibrid və elektrik versiyalarının genişliyi ilə alıcılar üçün yeni alternativ yaradıb. Nəticədə yeni avtomobil seqmentində qiymət və təchizat baxımından rəqabət güclənib. Ənənəvi markaların əsas üstünlüyü isə servis şəbəkəsinin, ehtiyat hissələrinin və ikinci əl bazarının daha oturuşmuş olmasıdır. Çin avtomobillərində ilkin qiymət və avadanlıq üstünlüyü daha çox nəzərə çarpsa da, uzunmüddətli etibarlılıq, ehtiyat hissələrinin davamlı təminatı və sonrakı satış dəyəri alıcıların diqqət yetirdiyi əsas məsələlər olaraq qalır. Çin avtomobillərinin bazara daxil olması seçim imkanlarını genişləndirib və ənənəvi markaları qiymət, zəmanət və servis imkanları baxımından daha rəqabətli təkliflər verməyə sövq edib".