Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli vəzifə səlahiyyətlərindən istifadə edərək, müxtəlif şəxslərin adına subsidiyalar rəsmiləşdirərək ayrılan vəsaitləri mənimsəyirll.
Bu iddia ilə
Bakupost.az -a Neftçala rayonundan olan bir qrup fermer müraciət edib.
Şikayətçilərin sözlərinə görə, rayonun Mayak-1 kəndində 1220 hektar pay torpağının cəmi 150–200 hektarı əkilir. Qalan sahələr əkilmədiyi halda adı çəkilən şəxs tərəfindən həmin torpaqlara qanunsuz subsidiyalar yazılır:
“Eyni zamanda Neftçala rayonu Bankə qəsəbəsinin ərazisində də əkilməyən yerlərə subsidiya yazırlır. Bu insan eyni əməli 2 il bundan qabaq Xol Qarabucaq kəndində də etmişdi. Sadəcə, o zaman işin üstünü ört-basdır etdilər".
Şikayətçilər bildirir ki, Nuruş Həsənlinin qanunsuz əməlləri o həddə çatıb ki, hətta pambıq əkilən ərazilərə arpa subsidiyası rəsmiləşdirərək, dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Məsələn, o, Mirzə Qurbanlı kəndində yerli fermerlərlə sövdələşməyə gedərək, belə bir qanunsuzluğa imza atıblar.
Onun korrupsiya əməllərinin yalnız taxıl əkini sahələri ilə məhdudlaşmadığı da bildirilir:
"Buzovlara yazılan subsidiyalarla da bağlı qanunsuzluqlar var. O, sahibkarlarla əlaqəyə girib, hər buzova görə 100 manat alır. Subsidiya maxinasiyaları Abasallı, Tatarməhlə və digər kəndlərdə də həyata keçirilir. Nəticədə yüz min manatlarla dövlət vəsaiti mənimsənilir".
Qeyd olunur ki, məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən də araşdırmalar aparılıb və bir sıra qanun pozuntuları aşkarlanıb.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyində Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənlinin qanunsuz əməllərindən məlumatlıdırlar. Nazirliyin kənd sakinlərinin şikayətinə cavab məktubunda bildirilir ki,N.Həsənlinin vəzifə səlahiyyətlərinin icrası zamanı nöqsanlara yol verdiyi müəyyən edilib və onun barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlamışıq.