Ru
11:19 / 12 Fevral 2024

Ölüm düşərgəsində yaşanan dəhşətlər: Diktator Ağakərim 7 konvoyu niyə yandırdı? - Şok detallar

10704
Əvvəli burada: https://www.bakupost.az/qanuni-ogrular-diktator-agakerim-rejim-reisini-nece-sindirdi












Bəhram Çələbi



“Kurilka”da oturub gözlərimi sarımtıl Aya zilləyərək uşaqlığımı, gəncliyimi, azad günlərimi xatirimdə canlandırır, meşədən gələn şam ağacının ətrini, qırov qonmuş torpağın qorxusunu ciyərlərimə çəkərək üşüyürdüm. Yox, lənət şeytana, burada miskin-miskin oturub hər hənirtindən, kölgədən sarsılan, az qala durub bu baraka od vurmaq istəyən mən deyiləm. Yatmaq, hər şeyə tüpürüb yuxulamaq lazımdır, – fikrimdən keçirib baraka yollandım. Gözucu Ağakərimin narası tərəfə baxdım. Nərd oynayırdılar.

Səhər “podyom” deyib bağıran növbətçinin cır səsini eşitsəm də, başımı yastıqdan qaldırmağa taqətim yox idi. Belimdə, içimdə ağrılar vardı. Səntirləyə-səntirləyə gəlib sırada dayandım. Birdən hər şey fırlandı və qaranlığa büründü...

Xəstəxanada yatdığımın ikinci günü Diktator, Satana, Aborigen, Yaşa, Klık Dima, Qozbel Doktor və adlarını bilmədiyim daha iki nəfər məni görməyə gəlmişdilər. Kiçik bankada qara qarağat cemi, iki ədəd “Sport” plitka şkoladı gətirmişdilər. Aborigen elə Sverdlovskdan idi. Hər həftənin bazar günü qohumları, dost-tanışları beş kiloqramlıq “peredaça” ilə onun görüşünə gəlirdilər.

Xəstəxananın barakdan heç bir fərqi yox idi. Burada da ikiyaruslu "şkonka"lar cüt-cüt düzülmüşdü. Burada da xəstə məhbuslar səhərdən axşamacan qumar oynayır, mayor-həkimin “obxod”undan sonra ayağa qalxa bilənlərin hamısı “Leninskaya komnata"ya televizora baxmağa yollanırdılar.

Ağakərimgil yanıma gələndə palata demək olar ki, bomboş idi. Hamı, hətta mayor-həkim də "Lenkomnata"da oturub “Əsgər atası” filminə tamaşa edirdilər.

Yanımdakı "şkonka"nın ikinci mərtəbəsində yatan böyrəyi xəstə "zek" hıqqana-hıqqana aşağı düşüb axsaya-axsaya palatanın yuxarı başına tələsdi, “Lenkomnata”nın qapısına çatan kimi ucadan bağırdı:

– Doktor, Diktator gəlib!

Mayor yaşıl xalatını düymələyə-düymələyə tələsik yanımıza gəldi. Rəngi avazımışdı. Dili söz tutmur, topuq çalırdı.
– Nə olub buna, həkim? Nədir xəstəliyi? – Ağakərim gözlərini qıyaraq şübhəli-şübhəli mənə baxdı.
– Heç nə yoxdur. Bir balaca əsəbləri... Bir həftəyə, on günə sağalar. İstirahət etmək, sakitlik lazımdır ona.
Həkimin Diktatora düşərgə rəisi kimi “doklad” etməsi mənə bir qədər gülünc, bəlkə də miskinlik kimi göründü.
Diktatorun dayanışında, danışığında, baxışlarında bir amiranəlik vardı.
– Qulaq as, yerli, bütün fikirləri başından at getsin. Əgər bacarmırsansa, nəyi isə vur, dağıt, yıx, kəs, öldür. Heç nə tapmasan, yumruğunla "şkonka"nın dəmirlərini döyəclə, qoy canın ağrasın. Qoy barmaqların şikəst olsun, amma çalış ağlını itirmə. Özünü sakitləşdirməyi öyrən. Sakitləşib fikrini cəmləmək üçün danışmaq lazımdır. Soyuqqanlıqla düşün, xəyalında nifrət elədiyin adamın sürətini yarat - vur, əzişdir, öldür onu.... Elə-belə öldürə bilməsən də, heç olmazsa, düşüncələrində, xəyalında öldür. Fikirləş, gör dünyada nə qədər adam ölür bir gündə. Şəhərlər yanır, haradasa vyetnamlıları kənd-kənd yandırırlar, yaponlar çinlilərin üstünə neft çiləyib od vururlar, həbs düşərgələrində əzab, işgəncə dolu ölüm kabusu dolaşır. Sən isə hələ ölməmisən, hirslənirsən, kimsə kimisə qanına qəltan edərkən kövrək arvadlar kimi göz yaşları axıtmaq əynindəki “poloska”lı paltara yaraşırmı? Dur ayağa alə, dur keçirt şalvaruvu əynüvə, çıx bir həyətə. Mən də elə bilirəm sətəlcəm vurub ciyərlərüvü. Bax, bu yanındakı kişini görürsən? – deyə, mənimlə yanaşı uzanan böyrəkləri çürümüş, böyründən asılan şüşəyə gecə-gündüz sidik damcılayan qocanı göstərdi, – yeddi aydır bu qocanın həyatdan ikiəli yapışmağına bax. Həsəd aparıram onun inadkarlığına. Şüşəsinə düşən hər damcının canından həmin qədərini qopardığını bilsə də, gələcəkdə sağalacağı ümidi ilə yaşayır. Mən onun yerinə olsaydım, çoxdan özümü asmışdım.

Qoca bayaqdan qorxu dolu nəzərlərlə Diktatora baxır, Satananın ovucuna basdığı şokoladı sorurdu. Özü haqqında deyilənləri dinləyəndə üzünün ifadəsi yavaş-yavaş dəyişdi. Ah-ufla yerindən qalxıb ayaqlarını sürüyə-sürüyə küncdəki ayaqyoluna tərəf getdi. O qayıdanda Ağakərim artıq qapıdan çıxırdı.

Qoca zarıya-zarıya birtəhər yatağına girib xeyli müddət butulkasının yerini rahatladıqdan sonra üzünü mənə çevirib:

–Dünyada elə adamlar var ki, onlar tarixin ən qəddar fiqurlarını da amansızlıq yarışında geridə qoya bilər. Onlar Hitlerə də, Stalinə də “fora” verərlər. Biri bu oğlandır – Diktator... Altı ay bundan əvvəl sən yatdığın koykada azərbaycanlı bir məhbus müalicə olunurdu. Döymüşdülər onu. Döymüşdülər deyəndə bir qədər düzgün səslənmir, huşunu itirənədək təpikləmiş, böyrəklərini içinə salmışdılar, qabırğalarını sındırmışdılar, bir sözlə, işgəncə verib, sonra da boş kisə kimi palçığın içinə atmışdılar. Onun gah tutqunlaşıb, gah da bərələrək hədəqəsindən çıxmaq dərəcəsinə gələn bəbəklərində yaşamaq ehtirası, həyat eşqi vardı. İnsan hər şeyə qadirdir. İki gün həyatla ölüm arasında çırpındı. Üçüncü gün Diktator öz ətrafındakılarla onu yoluxmağa gəldi. Xəstəxananın baş həkimindən tutmuş xadiməsinə qədər hamı oğlanın "şkonka"sı ətrafına toplaşmışdı... Diktator onları söyür, yamanlayır, məhbusla insan kimi rəftar etmədiklərini inadla onlara başa salmaq istəyirdi. Xəstə onun ətrafına yığışan oğrulara baxıb gah gülümsəyir, gah da gözlərini qıyaraq sızıldayır, əsirdi.
– Yedirtmisiniz onu? – deyə, Diktator zəhmli nəzərlərini həkim-mayora zillədi.
– Ona hələ yemək olmaz... Udquna bilmir... Hələ...
Diktator həkimin sözünü ağzında qoyub:
– Olar! – dedi, onun əlaltılarının gətirib “tumboçka”sının üstünə qoyduğu qarağat soku doldurulmuş şüşəni götürüb xəstənin dodaqlarına yapışdırdı. İki barmağı ilə yazığın köpüklənən burnunu sıxıb şüşəni azacıq qaldırdı. Hamı dəhşət içində məhbusun boğulacağını gözləyirdi. Oğlanın arıq hülqumu bir neçə dəfə aşağı-yuxarı hərəkət etdi. Bir neçə qurtum içmişdi...

Diktator nəzərlərini qaldırıb yanında dayanmış Satanaya baxaraq gülümsədi:

– Mən uşaqlıqda xoruz döyüşdürərdim. Hərdən qoltuğuma vurub evə gətirdiyim xoruzun döyülməkdən bədənində həyat nişanəsi olmazdı. Mən onu bax beləcə, ağzını aralayaraq sarımsaqlı qatıqla yemləyər, gül suyu içirdərdim... Dirildərdim. Sonra ona qoz, kişmiş yedizdirərdim. İki həftə sonra ölümün caynağından qurtarmış heyvan daha amansızlıqla vuruşar, bir daha həmin halı keçirməmək üçün qələbə çalmağa çalışırdı. O, şüursuz heyvan olduğu halda başa düşürdü ki, həyatda qalib gəlmək üçün birinci zərbəni, həm də möhkəm vurmalısan, yoxsa bütün ömrün boyu qanın axacaq, ağzını zorla aralayaraq həyatı boğazından içəri itələyəcəklər.

Diktator bunu deyib yenə şüşəni oğlanın dodaqları arasına soxdu, burnundan tutaraq xəstəyə xeyli maye içirtdi.

Xəstənin gözlərinə elə bil işıq gəldi, sinəsi xırıldadı, boğula-boğula “sağ ol!” dedi. Bu onun burada uzandığı vaxtdan bəri söylədiyi ilk söz idi.
– Kim salıb səni bu hala!? Kimlər!? – Danış, deginən mənə! – Diktator lap əyilib az qala üzünü onun ləkəli sifətinə yapışdıracaqdı. Xəstədən səs çıxmadığını görüb, qulaylandı... Amma vurmadı.... Vəhşi səslə bağırdı, – Kim?!

– Özüm, özüm haqq-hesab çəkəcəyəm, – xəstə hıqqana-hıqqana cavab verdi, – Əgər desəm, onlar məni öldürəcəklər. Özüm istəyirəm qisas alım.

- Mən bilməliyəm, - Maqiran üzünü əsabələrinə tutub: - Ey, durun, çəkilin buradan, uzaqlaşın, sən də qalx ayağa, get butulkovu o tərəfdə iylətginən, – deyib, məni tərs-tərs süzdü.

Kənarda dayanıb baxırdıq... Xəstə israr edir, danışmırdı, Diktator isə onun yaxasından tutub zarımasına fikir vermədən silkələyir “kim!?” “kim!?” deyib, sualını təkrarlayırdı.

Nəhayət, xəstə nə isə pıçıldamağa başladı. İndi Ağakərim ona yox, başqa səmtə baxırdı. Birdən ayağa sıçrayıb tibb personalına yaxınlaşdı:
– Onu ağzından daşana qədər yedirdin, qorxmayın canı bərkdir, heç nə olmayacaq, – deyərək, əlatılarının müşayiəti ilə tələsik barakı tərk etdi.

Diktator gedəndən sonra mən çarpayı qonşuma xidmət etmək üçün yaxınlaşdıqda onu sakit-sakit ağlayan gördüm. O, öz-özünü danlayır, “Diktator orada tufan qoparacaq, tökəcəyi qanlara baiskar isə mən olacam”, – deyirdi.

İki konvoy döymüşdü oğlanı… Ölümünə döymüşdülər, ancaq yaşadı.
İnsan qəribə varlıqdır! Bəzən o, adi tikan batmasından ölür, bəzən isə o biri dünyaya gedib, qayıdır. Sənin həmyerlin də yaşadı, sağaldı. Başqaları xəstəxanaya düşmək üçün min bir fırıldaqdan çıxırlar, hətta qaşıq, mismar udanlar var. Bu oğlan isə buranı tərk etmək, zona qayıtmaqdan ötrü həkimlərin zəhləsini aparırdı.

Bir həftə sonra, gecə bərk hay-küydən, ayaq tappıltıları səsindən oyandım. Xəstəxananın bütün tibb personalı həyəcanla barakda gəzişir, nəyə isə hazırlıq aparırdılar. Az sonra xərəklərdə bir-birinin ardınca səkkiz nəfər gətirdilər. Yanmışdılar hamısı… Konvoylar idi.

Konvoyların koması vaxtadan təxminən yüz metr aralıda on iki nəfərlik taxtadan düzəldilmiş barak idi. Düşərgə rəhbərliyi bərk əl-ayağa düşmüşdü. Həkimlərin, xəstə məhbusların üstünə qışqırır, yanıb konvoyların bədənlərinə yapışmış paltar qalıqlarını dəri qarışıq soyub çıxarırdı.

Bizi qovub sakitcə yerimizdə uzanmağı tapşırdılar. "Şkonka"ma qayıdanda qonşunun ədyalı ilə üzünü örtərək yatdığını gördüm. O sakitcə “mən öldürdüm onları, mən öldürdüm!” – deyib, ağlayırdı.

Konvoylardan üçü elə həmin gecə zarıya- zarıya keçindi. Digər beşini isə səhər tezdən Baş İdarənin xəstəxanasına apardılar.

Düşərgədə çək-çevir, istintaq başlandı. Elə birinci gün Diktatorun ətrafında fırlanan cavan oğlan “Malış” Valera hər şeyi boynuna götürdü, səbəbini isə onunla izah etdi ki, sərxoş olub, nə etdiyini anlamayıb. Onun məhkəməsi də düşərgədə keçirildi. "Malış" öz hissiyatının qurbanına çevilərək soyuqqanlıqla, daha doğrusu, zalda oturanların hamısının anlaya bildikləri gələcək müsibətlər haqqında fikirləşmədən laqeyd halda “mən, yandrımdam, mən" deyirdi. Zalda əyləşən hakimlər kollegiyası və hətta dövlət ittihamçısı bu məsum sifətli, uşaq qəlbli oğlanın sarsıntılı etirafını heyrətlə dinləyirdilər.

– Bu mühakimə edilən cavan oğlanı, müttəhimi dinləyəndə Cinayət Məcəlləsində olan bütün güzəştlərin hamısını kənara atıb, ona ən sərt qərar çıxarması tələbindən özümü saxlaya bilmirəm, – prokuror düz Malışın gözləri içinə baxaraq danışmağa başladı. – Belə bir cinayəti hətta iblis, cəhənnəm törəməsi də edə bilməzdi. Səkkiz nəfər cavan əsgəri hindlilər kimi tonqalın içində bişirməyə bu oğlanın cürəti çatmazdı. Mən bu dəhşətli cinayəti kimin boynuna götürməsini müzakirə etmək niyyətində deyiləm. Ancaq böyük təcrübəm, daxildən gələn peşə intuisiyam deyir ki, müttəhim ağıldan zəif, kimin desən qulu olmağa hazır, yalançı canfəşanlıqla adi bir əşyaya çevrilmiş rəzildir. O heç bir şeyi inkar etmir, günahını boynuna alır və bu ehtimalları təsdiq edən sübutları var ittihamnamədə. O, özünü gicliyə qoyaraq ədalət məhkəməsini aldatmağa çalışır. Bu, onun nə qədər pozulmuş olduğunu təsdiq edir… Siz onun arsız-arsız gülümsəyən sifətinə baxın. Ona elə gəlir ki, rəzilliklə bizi, buraya toplaşan yüzlərlə adamı aldatmaqla qəhrəmanlıq edir. Mən Məhkəmə Kollegiyasından müttəhimə, ölüm hökmü, güllələnmə qərarı çıxarılmasını tələb edirəm.

Prokurorun son cümləsi səsləndikdə zaldan uzun bir uğultu keçdi. “Malış” gah sağa, gah da sola yırğalanaraq ayağa qalxdı, əlində tutduğu əzilmiş papağını yerə saldı, küt nəzərlərini prokurordan çəkməyərək nə isə demək istəsə də, səsi çıxmadı. Qısa vurulmuş saçları gözlərimiz önündəcə ağardı. Bu adamın artıq məhv olduğu aydın idi.
Bu vaxt lap qabaq sırada oturmuş xəstə qonşum ayağa qalxdı, axsaya- axsaya Məhkəmə Kollegiyası əyləşmiş səhnəyə doğru irəlilədi.
Müttəhimin yanında dayanmış konvoylardan biri onun qarşısını kəsdi.
– Komanı mən yandırmışam. Mən, mən… Onlar məni döymüşdülər, mən də yandırdım. Qisas aldım, – deyə, xırıltılı səslə qışqırdı. - Bu oğlanın heç bir günahı yoxdur. Bunu xəstəxananın həkimi də təsdiq edə bilər ki, onlar məni təpikləri altına salaraq qarışqa kimi tapdalamışdılar. Bu oğlanın əvəzinə məni mühakimə etməlisiniz, – dedi.
Bu sözlər eşidən prokuror:
– Buyurun, daha bir qəhrəman, daha bir ağılsız! – deyə kinayə ilə ucadan güldü…

Həkim də tələsik xəstəyə yanaşaraq onun qolundan tutdu.
– Yalan danışır möhtərəm hakim, ancaq iki gündür ki, bayıra getmək üçün bir neçə addım ata bilir. Koma yandırılan gün bunun hələ yaşayıb-yaşamayacağı bəlli deyildi, – deyərək kobud şəkildə onu qalxdığı yerə oturtdu…

Mən əmin idim ki, zalda oturan məhbuslar da, düşərgə rəhbərliyi də, hətta istintaqı aparan müstəntiq də konvoyları Ağakərimin yandırdığını bilirdilər. Ancaq bircə nəfər də bu haqda danışmaq, işarə etmək iqtidarında deyildi.

Döyülən xəstə məhbusun özbaşına hərəkəti, çılğınlığı Diktatorun dəstəsində canlanma yaratmışdı. Həkim xəstəni yerinə oturdan kimi Ağakərim papirosunu yandıraraq zaldan çıxdı...

Az sonra hakim “Malış” Veleraya “vışka” hökmü çıxararaq məhkəmə prosesini yekunlaşdırdı. Ölüm cəzasına məhkum edilmiş Valeranı sürüyə-sürüyə zaldan apardılar. Şok vəziyyətinə düşən cavan məhbusun ayaqları tutulmuşdu.

Palataya gələndə qonşum heç nə ifadə etməyən nəzərlərini tavana zilləyərək uzanmışdı. Mən onun qəlbində hansı təlatümlərin çırpındığını başa düşərək heç bir sual vermədən uzandım və az sonra yuxuladım.

İki saat sonra qapının taqqıltı ilə açılmasından oyandım. Diktator barak-xəstəxananın qapısından içəri girəndə kənar, onu tanımayan bir nəfər görsəydi, zahiri görünüşündən heç nə başa düşməzdi. O, soyuq, sakit, ciddi idi və tələsmədən gözlərini bizə zilləyərək irəliləyirdi. Lakin onu yaxşı tanıyan adam üzündəki ifadəyə diqqət yetirsəydi, ruhunun dərinliyinə qədər sarsılardı. Diktator qorxudan yerə qısılmış dovşanın üstünə şığıyan qartala bənzəyirdi…
Yanında və arxasında irəliləyən əlaltılarının əhatəsində əzəmət və vüqarla addımlayan bu amansız insandan qorxunc müdhişlik saçılırdı.

Xəstə başını dikəldib:
– Bağışla, çox xahiş edirəm, məni bağışlayasan. Başıma o qədər müsibətlər gəlib ki, nə elədiyimi, nə danışdığımı bilməmişəm. O cavan oğlanı xilas etmək istəyim təəccüblüdürmü, səhv hərəkətdirmi? Mən artıq bir ayağımla o dünyadayam, istədim…

O, ağrıdan üz-gözünü qırışdıraraq hər iki qolu ilə balınca dirsəklənib Kərimovun nə deyəcəyini gözləyirdi.

– Düzgün hərəkət etmədin!

Bu qısa cümlənin deyilişində, səsin soyuq, almaz kimi kəsən ahəngində bir yırtıcılıq, amansızlıq, ildırım şaqqıltısı duyulurdu. O qara əqrəb caynaqları kimi öz aciz, zavalı qurbanına sancılan və özünə sarı dartan nəzərlərini xəstəyə dikərək dayanmışdı….

Gecə yarısı uzun-uzadı iniltiyə palatadakı bütün xəstələr ayıldı. İnilti isti bədəni tərk edib uçan ruhun harayı idi. Qonşum özünü "şkonka"dan asmışdı...

(Ardı var)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər