“Ad insanın şəxsiyyətinin formalaşmasına, özünəinamına və cəmiyyət tərəfindən necə qəbul olunmasına müəyyən mənada təsir göstərə bilər”.
"Bakupost" xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyib.
“Valideynlər düşünməlidirlər ki, uşaq gələcəkdə öz adını eşidəcək, onun mənasını araşdıracaq və həmin adla ömür boyu yaşayacaq. Əgər qoyulan ad gülüş doğurarsa və ya mənfi assosiasiyalar yaradarsa, bu, uşaqda özünəqapanıqlıq, özünəinamın azalması kimi psixoloji problemlərə səbəb ola bilər. Buna görə də ad seçimi təsadüfi deyil, düşünülmüş qərar olmalıdır”.
Bu gün ad seçimində xarici seriallar, filmlər və televiziya layihələrinin təsiri açıq şəkildə hiss olunur. Bəzən valideynlər xarici ekran əsərlərində bəyəndikləri obrazların adlarını heç bir araşdırma aparmadan övladlarına verirlər. Halbuki Azərbaycanın zəngin mədəniyyəti, tarixi və milli ad ənənələri var. Özümüzün qəhrəmanlıq və məhəbbət dastanlarımız, tariximiz, milli dəyərlərimiz mövcuddur. İstərdim ki, valideynlər məhz bu irsdən ilham alsınlar. Ad insanlarda müsbət hisslər oyatmalı, sevgi, dostluq, uğur və vətənpərvərlik kimi dəyərləri ifadə etməlidir. Elə adlar var ki, həmin adı daşıyan insana həqiqətən də yaraşır. Məsələn, Ədalət adını daşıyan və həqiqətən ədalətli olan insanlar tanıyıram. Bu, bəzən insanın öz adı ilə bağlı məsuliyyət hissini də gücləndirə bilir. Güc və qüvvə rəmzi olan ad daşıyan uşaq da gələcəkdə həmin məna ilə uyğun davranmağa çalışa bilər. Bu, müəyyən mənada psixoloji amildir.
Əvvəlki dövrlərdə dini mənşəli adlara daha çox üstünlük verilirdi və bunun da öz tarixi səbəbləri vardı. Xüsusilə uzun müddət övlad həsrəti çəkən ailələr inanırdılar ki, müəyyən dini adlar uşağın taleyinə müsbət təsir göstərə bilər. Bu gün isə mən arzu edərdim ki, valideynlər daha çox türk və Azərbaycan mənşəli adlara üstünlük versinlər. Valideynlərə ad seçərkən praktik yanaşma tətbiq etməyi də tövsiyə edirəm. Əgər hansısa filmdəki obrazın adı xoşlarına gəlirsə, həmin adı gələcəkdə ‘dayı’, ‘əmi’, ‘müəllim’, ‘həkim’ kimi müraciətlərlə və soyadla birlikdə səsləndirsinlər. Görsünlər ki, bu ad insanda necə təəssürat yaradır və gələcəkdə həmin şəxsə yaraşacaqmı. Son illər adını dəyişmək istəyən vətəndaşların sayı da az deyil. Dilçilik İnstitutuna adının dəyişdirilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Vaxtilə dəbdə olan iki və ya üç komponentli adlar, məsələn, Böyükxanım, Almaxanım və bu kimi adlar böyüdükdən sonra bir çox insan tərəfindən bəyənilmir.
"Buna görə də gənc ailələr övladlarına ad seçərkən bu məsələnin gələcək nəticələrini nəzərə almalı və məsuliyyətli qərar verməlidirlər", - deyə Sevinc Əliyeva fikrini tamamlayıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən verilən məlumatda cari ilin ilk 6 ayı ərzində 1213 nəfərin ad, soyad və ya ata adını dəyişdirdiyi bildirilib. Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.