Ötən axşam Hindistan və Pakistan arasında gərginlik silahlı münaqişəyə çevrildi. Hindistanın "Sindoor" əməliyyatı çərçivəsində Pakistanın nəzarətində olan ərazilərə endirdiyi raket zərbələri nəticəsində azı 26 nəfər həlak olub, 46 nəfər yaralanıb.
Pakistan bu hücumları “müharibə aktı” adlandıraraq, 5 Hindistan qırıcı təyyarəsini vurduğunu və əlavə cavab tədbirləri gördüyünü açıqlayıb.
Hər iki tərəfdə mülki və hərbi itkilər artmaqdadır.
Bu münaqişə coğrafi baxımdan uzaqda baş versə də, təsirləri Azərbaycana da gəlib çata bilər. Çünki iki ölkə arasında qarşıdurmanın arxasında yalnız sərhəd məsələləri deyil, həm də beynəlxalq miqyasda ittifaqlar, informasiya müharibəsi və iqtisadi maraqlar dayanır.
Qardaşlıq diplomatiyası: Pakistanla yaxınlıq Hindistanla məsafə yaradır
Azərbaycan və Pakistan arasında münasibətlər yalnız diplomatik deyil, ideoloji və emosional müstəvidə də güclüdür. Pakistan Qarabağ müharibəsində Azərbaycana ilk dəstək verən ölkələrdən biridir və hələ də Ermənistanın müstəqilliyini rəsmi olaraq tanımayıb.
Hindistan isə tam əksinə – son illərdə Ermənistanla hərbi əməkdaşlığa gedərək, ona zirehli texnika, pilotsuz aparatlar və artilleriya sistemləri satıb.
İki ölkə arasında müharibə uzanarsa, Azərbaycan siyasi cəhətdən Pakistanı dəstəkləməyə məcbur qala bilər. Bu isə Hindistanla münasibətlərin daha da soyumasına gətirib çıxara bilər.
Yeni geosiyasi qütbləşmə: kim kimlədir?
Hazırkı geostrateji şərtlər müxtəlif ölkələri yeni ittifaqlara yönəlir. Bu baxımdan son dövrlər Pakistan-Azərbaycan-Türkiyə üçlüyü artıq real əməkdaşlıq platformasına çevrilib. Bu əməkdaşlıq fonunda Hindistan-Ermənistan-İran blokunun formalaşdığı da doqqətdən yayınmır.
Pakistan və Hindistan arasında hazırkı müharibə, Azərbaycanı “öz tərəfini seçməyə” sövq edən daha dərin bloklaşmaya səbəb ola bilər.
Hindistanla iqtisadi münasibətlər
Azərbaycanın Hindistanla diplomatik əlaqələri 1992-ci ilin fevral ayında qurulub. O vaxtdan iki ölkə arasında iqtisadi və mədəni sahədə əməkdaşlıq mövcuddur və son dövrlər iqtisadi münasibətlər daha da dərinləşməkdə idi. Belə ki, ötən ilin mayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Hindistanın Hindistanın “ONGC Videsh Limited” şirkətinin baş icraçı direktoru Racarşi Qupta ilə görüşüb və iki şirkət arasında mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Əgər hazırkı müharibə uzun sürər və Azərbaycan açıq şəkildə Pakistanı dəstəkləyərsə, Hindistan ölkəmizlə münasibətləri tam dondura və ya məhdudlaşdıra bilər. Bu isə Azərbaycanın enerji ixracı və investisiya imkanlarına zərbə vura bilər.
Digər tərəfdən, paralel olaraq, Hindistanın Ermənistanla hərbi sahədə əməkdaşlığı daha da genişlənə bilər.
İnformasiya savaşı: Azərbaycan Hind mediasının hədəfinə çevrilə bilər
Hindistan informasiya texnologiyaları və sosial media sahəsində güclü ölkələrdəndir. Müharibə dərinləşərsə, Azərbaycanın Pakistanla yaxınlığı ölkəmizi Hindistanın media hücumlarının hədəfinə çevirə bilər.
Ermənistanı dəstəkləyən Hindistan platformaları Azərbaycanın mövqeyini təhrif edə və ya qara PR kampaniyalar apara bilər.
Diaspor və tələbələr: Daxili narahatlıqlar mümkündür
Azərbaycanda həm hind, həm də pakistanlı tələbələr və iş adamları yaşayır. Müharibə fonunda onların arasında ictimai gərginliklər baş verə bilər. Bu ehtimal nəzərə alınmalı, universitet, ticarət mərkəzləri və digər məkanlarda qarşıdurmaların qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir.
Azərbaycan balans saxlamalıdır?
Bu müharibə coğrafi baxımdan Azərbaycandan xeyli uzaqda baş versə də, onun təsirləri ölkəmiz üçün də qaçılmazdır. Müharibənin tezliklə bitəcəyi, yoxsa davam edəcəyi hələlik bəlli deyil. Ona görə də indiki mərhələdə
Azərbaycan Hindistanla münasibətləri qatı düşmənçiliyə çevirəcək addımlar atmamalıdır. Diplomatik neytrallıqla milli maraqların balanslaşdırılması Azərbaycanın bu böhrandan güclü çıxmasının yeganə yoludur.
Zaur,
BakuPost