Ru
17:22 / 12 İyun 2025

Paşinyan Türkiyəyə niyə gedir? – Ekspert açıqladı

Paşinyan Türkiyəyə niyə gedir? – Ekspert açıqladı
Eye

ABŞ və ya İsrail İranın hərbi mərkəzlərinə hava zərbələri endirərlərsə, bu, bölgədə gərginliyi artıracaq. Bu zərbələrin nəticəsində İrandakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib:


"İranın mühafizəkar dairələrinin nümayəndələri əvvəlki açıqlamalarında bildiriblər ki, İran ərazisinə zərbələrin endiriləcəyi halında ABŞ-nin və İsrailin bölgədəki bazalarını hədəf seçəcəklər. Bazalar adı altında ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri də nəzərdə tutula bilər. Bu səbəbdən ABŞ və İsrailin bölgə ölkələrindəki səfirlikləri təhlükəsizlik tədbirlərini artırıblar.
İsrailin İrana zərbələr endirmək istəyi çoxdan bəllidir. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyir. ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə verməyib. Üstəlik, İranın ali dini lideri Əli Xamenei Donald Trampın adını çəkmədən "Sən kimsən ki, bizə yol göstərirsən?" kimi Ağ Ev sahibinə mesaj göndərib.
Bu o deməkdir ki, Əli Xamenei nüvə məsələsi ilə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinədir. Mövcud durum Benyamin Netanyahunun işinə yarayır. İsrailin işinə yarayan daha bir hadisə baş verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul edib. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulanıb. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirməyib. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan edib ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib.
Qrossinin "İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana malikdir" açıqlaması İsrailə və ABŞ-a İrana qarşı düyməyə basmaq üçün kifayət edir."
Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi xəbərinin yayılmasını İran ətrafında baş verən hadisələrlə əlaqəli hesab edirəm. İran Ermənistanın əsas müttəfiqidir. Ancaq ABŞ və İsrail İrana qarşı sərt tədbirlərə əl atarlarsa, İrəvan Tehranla münasibətləri əvvəlki səviyyədə saxlaya bilməyəcək.

Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi fonunda heç olmasa Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki ölkə arasında münasibətlərlə yanaşı, Ermənistan–Azərbaycan danışıqlarının hazırkı vəziyyətini də müzakirə etmək istəyir. Paşinyan ümid edir ki, Ankara sülh sazişinin imzalanması məqsədilə Bakının mövqeyinə təsir edəcək. Halbuki Ankaranın İrəvana ünvanladığı "Əvvəlcə Azərbaycanla məsələləri həll edin" yanaşması dəyişməyib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar