Ru
22:10 / 04 İyun 2025

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?
Eye

Paşinyanın erməni keşişləri “subaylıq andını pozmaq”da ittiham etməsi ilə başlanan hakimiyyət-kilsə qarşıdurması Ermənistanın əsas gündəminə çevrilib. İşğal və revanşizm ideologiyasının kilsədən qaynaqlandığını nəzərə alsaq, bu mübarizənin nəticələri Azərbaycan üçün də maraqlıdır.

Erməni baş nazirin kilsə ilə qarşıdurması 2018-ci ildən – hakimiyyətə gəlişindən sonra başlayıb. Əsas motiv erməni kilsəsinin Ermənistan dövlətindən daha güclü olması və dəstəklədiyi ideologiya ilə Paşinyanın “yeni Ermənistan” konsepsiyasının ziddiyyət təşkil etməsidir. İndiyə qədər zaman-zaman qarşılıqlı hücumlar baş verib.

- Hakimiyyət kilsənin imtiyazlarına – torpaq mülkiyyəti və mühafizəsinə əl qoymağa, eləcə də mübahisəli kilsə tarixini gündəmə gətirməyə çalışıb;

- Kilsə hakimiyyətə qarşı həmlələri daha çox siyasi qüvvələrin arxasında dayanmaqla həyata keçirib, eyni zamanda, 44 günlük müharibədən sonra Paşinyana qarşı kampaniyaya açıq dəstək verib.

Hərçənd, Ermənistanda müxalif qüvvələrin effektsiz fəaliyyəti kilsəni siyasi mübarizəyə aktiv şəkildə qoşulmasına zəmin yaratdı və Tavuşdan başlanan keşiş Baqratın küçə hərəkatı Paşinyana qarşı mübarizənin açıq müstəviyə keçməsi idi. Hərəkatın ən aktiv dövründə hadisələri səssiz izləyən Paşinyanın indi kilsəni hədəfə alması revanş gedişi kimi qəbul oluna bilər. Lakin revanş addımının niyə indi atılması fərqli səbəblərdən qaynaqlanır.

Birincisi, Rusiyanın regiona qayıtmaq cəhdləridir.

Ukrayna ətrafında danışıqlar prosesinin başlanması ilə bölgəyə qayıtmağa çalışan Rusiyanın ilk növbədə ən çox “qan itirdiyi” Ermənistanda mövqelərini bərpa etmək istəkləri müşahidə edilir. Moskva buna nail olmaq üçün təkcə hakimiyyətlə əməkdaşlığı sıxlaşdırmır, həm də müxalif qüvvələri hərəkətə keçirərək, rəsmi İrəvanın siyasətinə təsir etmək istiqamətində də işləyir. Bu prosesdə Paşinyanın hakimiyyətinə Köçəryan və Sərkisyanın liderlik etdiyi, daxili qarşıdurmada olan siyasi müxalifətdən daha çox, Rusiyanın dəstəyini təmin edə biləcək kilsə təhlükə yarada bilər. Moskva və erməni kilsəsini Paşinyana qarşı ortaq maraqlar birləşdirir.

İkincisi, Azərbaycanla sülh danışıqlarıdır.

Müxalifətin “Yeni Ermənistan” konsepsiyasından çıxış edən Paşinyanın istədiyi şərtlərdə sülhün əldə edilməsinə qarşı müqaviməti həlledici gücdə olmasa da, kilsənin vəziyyəti dəyişmək və mümkün razılaşmalara qarşı müqaviməti gücləndirmək potensialı mövcuddur.

Üçüncüsü, 2026-cı ildə Ermənistanda gözlənilən seçkilərdir.

Müxalifətin seçkilərə ciddi hazırlaşması fonunda kilsənin dəstəyi hakimiyyətə problemlər yarada bilər. Əsas risk kilsənin diasporu birləşdirərək, Paşinyanın tərəfdaşlarının olduğu Qərb ölkələrinin də rəyinə təsir edə bilməsi imkanlarıdır. Ermənistan mediasının məlumatlarına görə, artıq seçkilərə hazırlıq məqsədilə II Qareginin xeyir-duası ilə 10 nəfərlik qruplar yaradılır.

Hər üç səbəb bir-birinə bağıdır və kilsənin “siyasi döyüşə” girəcəyi gözləntiləri fonunda Paşinyanın hərəkətə keçməsi vəziyyətin nəzarətdən çıxma təhlükəsini önləmək məqsədi daşıyır.

Bütün bunlarla yanaşı, məsələnin qanunvericilik tərəfi də var. “Ermənistan respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər” haqqında qanuna edilməsi gözlənilən dəyişikliklər kilsənin muxtariyyətinin tanınması ilə nəticələnəcək. Ermənistan hakimiyyəti kilsəyə bu imtiyazı tanımaq istəmir, yaxud ən azı hakimiyyətin nəzarətindən kənarda qalan mövcud rəhbərliyi dəyişmədən buna getmək istəmir. Erməni keşişlərin “müqəddəslik” örtüyünün açılmasına hesablanmış kampaniyanın hədəfi budur.

Hərçənd, müxalifətdən fərqli olaraq, Ermənistanda ən mütəşəkkil struktur olan kilsə üzərində nəzarəti əldə etmək asan deyil. Bu baxımdan, Paşinyan hakimiyyəti kilsə rəhbərliyini ifşa etməklə onların siyasi proseslərdə cəmiyyətə təsir imkanlarını zəiflətməyə çalışacaq və istisna deyil ki, mübarizənin gedişində keşişlərin əxlaqsızlıqlarının ispatları da gündəmə gələcək.

Asif Nərimanlı,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar