Ru
17:23 / 17 Noyabr 2023

Paytaxtda qışa hazırlıq: hansı işlər görülüb? - Araşdırma

14928
Qarşıdan qış gəlir. Soyuq ayların yaxınlaşması isə paytaxtın qışa hazırlığı məsələsini gündəmə gətirir. Aidiyyəti qurumlar hələ iki-üç ay öncədən qış mövsümünə hazırlıqla bağlı bütün zəruri tədbirlərin görüldüyünü bildirirlər. Amma qışda, xüsusən də qarlı, şaxtalı havalarda paytaxt sakinləri bir sıra problemlərlə üzləşirlər. Onların kommunal xidmətlərlə, xüsusən də, istilik və elektrik təchizatı ilə bağlı şikayətləri artır. Əsasən də şəhərətrafı ərazilərdə yaşayanlar bu kimi problemlərlə üzləşirlər.

Bəs görəsən, bu il qışda vəziyyət necə olacaq? Aidiyyəti qurumlar qışa hazırdırmı?



“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyir ki, qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib:

“Qış aylarında abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə öncədən komissiya yaradılıb, elektrik şəbəkələri üzrə tədbirlər planı tərtib olunub. Müxtəlif gücdə transformator məntəqəsi və yarımstansiyada elektrik avadanlıqlarının, elektrik verilişi xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Əlavə olaraq, Bakıda və regionlarda müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılıb. Ölkə üzrə bütün elektrik şəbəkələri qış üçün material və avadanlıq ehtiyatı ilə, həmçinin maşın-mexanizmlə təmin olunub”.

Havalar soyuduqca istiliyə ehtiyac daha da artır. Ölkə əhalisinin əsas hissəsi istilik sistemini qazla təmin etdiyi üçün qaz təchizatı ilə bağlı mövsümü qayğılar da başlayır. Qışın sərt soyuğunda əhalinin mavi yanacaqsız qalmaması üçün “Azəriqaz” nə kimi işlər görüb?




“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, qış aylarında əhalinin təbii qaz ilə təmin edilməsində problem yaşanmasın deyə bütün zəruri tədbirlər görülür:

"Tərəfimizdən ikipilləli yoxlama prosesləri həyata keçirilir ki, qışda sızma halları baş verməsin. Yeraltı boru xətlərinin bir hissəsi yerüstü dayaqlar üzərinə qaldırılıb. Eyni zamanda, korroziyaya uğrayan hissələr yeni borularla əvəz edilib, boyanma prosesi həyata keçirilib. Lakin fors-major hallar, təbii fəlakətlər nəticəsində müəyyən hadisələr baş verə bilər. Həmçinin, avtomobillərin qaz xətlərinə toxunması səbəbindən müəyyən problemlər baş verə bilir ki, bu da lokal xarakterli qəzalar sayılır. Əməkdaşlarımız qış mövsümündə də gücləndirilmiş iş rejimində çalışırlar. Çağrı mərkəzimiz 24 saat əhalinin zənglərinə operativ qaydada cavab verir və problemlərin qısa zamanda həll olunması üçün zəruri addımlar atır. “Azəriqaz” bütün fors-major hallara hazırlıqlıdır. Birliyimiz tərəfindən bu problemlərin qısa zamanda da olmasa, maksimum tez həll edilməsi üçün addımlar atılacaq”.




Ölkədə istilik verilişinə noyabr ayının 15-dən başlanılıb.

“Azəristiliktəchizat” ASC-də bildirilib ki, qışda mənzillərin isidilməsində problem yaşanmaması üçün cəmiyyət tərəfindən müvafiq tədbirlər görülüb:

“2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunan tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının, dayanıqlığının təmin edilməsi məqsədi ilə 1000 km-dən çox istilik xətləri hidravlik təzyiqə yoxlanılıb. 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib. Görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı və onların odluqları, 486 dəst istilik mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 000-dən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət-ölçü cihazları və avtomatika avadanlığı, həmçinin digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib. 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət-ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub”.



"Azərsu" ASC İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum qış mövsümünə hazırlıqla bağlı işləri yekunlaşdırıb. Səhmdar cəmiyyətə məxsus bütün qurğu və xətlər yoxlanılıb, qışa tam hazır vəziyyətə gətirilib:

“Qışa hazırlıqla bağlı sentyabr ayından başlayaraq kanalizasiya kollektorlarının, yağış barmaqlıqlarının, kanalizasiya baxış quyularının təmizlənməsi, yuyulması işlərini həyata keçirmişik, kanalizasiya-nasos stansiyalarının, ordakı aqreqatların, nasosların hamısının vəziyyətini yoxlamışıq. Hazırda kollektorların yuyulması davam edir. Su təchizatı ilə bağlı qışda elə bir problemimiz yaşanmır. Yalnız müəyyən şaxtalı günlərdə donma ehtimalı ola bilər. Bu məsələ də bizim mərkəzləşmiş şəbəkə qurularkən əvvəlcədən nəzərə alınıb. Xətlərin hamısı torpağın 90 santimetr və ya 1 metr daha dərininə basdırılır ki, burda donma ehtimalı demək olar ki, olmur. Həmin günlərdə qarşılaşacağımız müraciətlər daha çox həyət evlərindən, vətəndaşların yaratdığı fərdi şəbəkələrdən olur. Ümumilikdə deyə bilərik ki, qışa tam hazırıq".

Yağış, qar yağan kimi paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaranır. Xüsusən qarlı havalarda yollarda hərəkət demək olar ki, dayanır. Yolların buzlu olması səbəbində minik avtomobillərinin hərəkəti məhdudlaşır, insanlar saatlarla tıxacda qalırlar.





Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Bakıda qar yağan kimi yollarda ciddi problem yaranır. Qışda yollarda qəzaların sayı artır. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əsas səbəb qar yağanda yolların təmizlənməməsidir. Bunu hansısa faktla sübut etməyə ehtiyac yoxdur., hər kəs bilir”.


E.Cəfərov deyir ki, qar yağanda yol polisinin üzərinə böyük yük düşür:


“Aidiyyəti qurumlar nə qədər desələr ki, qışa hazırdırlar, qar yağan kimi öhdəliklərini yerinə yetirə bilmirlər. Əgər bu qurumların resursu, texnikası yoxdursa, bunu etiraf etsinlər, vətəndaşlar da evdən çıxmasınlar”.

Ekspert deyir ki, ona görə də qışa hazırlıqla bağlı konkret tələblər qoyulmalıdır: “Qarlı havalarda şəhərlərin mərkəzi hissələri təmizlənsə də, magistral yollar qardan təmizlənmir. Yaranmış buzlaşma isə hərəkəti iflic edir”.




Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qabaqlayıcı tədbirlərin icrasına oktyabr ayından başlanıldığını deyir:

“Tədbirlər planı hazırlanır, Qərargah yaradılır və artıq noyabr ayının əvvəlindən payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinə başlanılır. Duz-qum ehtiyatının toplanması, texniki təchizatın hazır vəziyyətə gətirilməsi və yanacaq-sürtkü ehtiyatının toplanması kimi işlər artıq noyabrın sonlarında başa çatır. Qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsinə hazırıq. Amma bu o demək deyil ki, yollarda hər hansı bir problem yaranmayacaq. Çalışırıq ki, yaranan problemlər qısa müddət ərzində aradan qaldırılsın. Burada ikinci bir nüans ondan ibarətdir ki, sürücülərimiz də qış fəslinə hazır olmalıdırlar. İdarə etdikləri nəqliyyat vasitələri qış fəslinə uyğun təchiz olunmalıdır. Əks halda, görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, problemlər yaranacaq, bu da digər sürücülərə də mane olacaq. Bütün bunlar tıxacın yaranmasına və bizim texnikaların işinə problem yaratmış olacaq. Ona görə də sürücülərimiz də hazırlıq işləri görməlidirlər”.

Göründüyü kimi bütün qurumlar qarşıdakı soyuq mövsümə hazır olduqlarını bildirirlər. Görəsən həqiqətənmi paytaxt qışa hazırdır? Yaxın aylarda biz bunun şahidi olacağıq.

Sevinc,
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər