Ru
13:59 / 09 Fevral 2024

Qalib Liderlə qələbələrə doğru!

6694
Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri


Azərbaycan xalqı daha bir tarixi, qürurverici hadisəyə şahidlik etdi. 7 fevral prezident seçkiləri yüksək xalq coşqusu, demokratik gedişat və ən əsası mühüm nəticələri ilə müasir tariximizdə möhtəşəm günə çevrildi. Azərbaycan xalqı yalnlz fikir və dünşüncə həmrəyliyi ilə deyil, həm də seçim qətiyyəti ilə dünyaya dövlətin gələcək taleyini Qalib Liderə etibar etdiyi mesajını verdi. Çağdaş dünyanın siyasi sistemində və seçki tarixində görünməmiş bir nəticə ortaya qoyuldu.

Seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi ideologiyasızlaşdırılan, lidersizlik və ümidsizlik pessimizmi yaşayan dövlətlər üçün bir Azərbaycan örnəyi oldu. Bu isə heç şübhəsiz, Prezident İlham Əliyevin şəxsiyyətinin gücü ilə bağlıdır. O, ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi.




Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. İlham Əliyev şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi səciyyələndirilir. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz İlham Əliyevin liderlik bacarığı, onun siyasi uzaqgörənliyi dayanır. 7 fevral seçkilərində Azərbaycan xalqı bu həqiqəti öz möhürü ilə təsdiqlədi. Bu seçkilər xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanmasının Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsi olduğunu ortaya qoydu.

Xalqımız hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də belə oldu. Azərbacyan xalqı böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz liderinə sadiqliyini nümayiş etdirdi. 7 fevral seçkilərində ifadə olunan xalq iradəsi Prezident İlham Əliyevlə bundan sonra da Azərbaycanın zirvədən-zirvəyə yüksələcəyi inamının təntənəsinə çevrildi.




Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə daha böyük qələbələr gözləyir. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamı kimi tarixə yazıldı! Bu seçki həm də Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Zəfər seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi olaraq ölkəmizdəki monolit birlik və həmrəyliyin bütün dünyaya nümayiş etdirilməsi idi. Dünya bir daha Azərbaycanın Qüdrətinə və Qələbəsinə şahid oldu. Dost sevindi, düşmən üzüldü. Hər zaman xalqımıza və dostlarımıza sevinc, düşmənə kədər yaşadan Qalib Liderlə irəli!


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər