Ru
17:44 / 03 İyun 2025

Qalmaqallı məktəblə bağlı yeni faktlar - "Direktor sənədləri saxtalaşdırıb" - FOTO+VİDEO

  Qalmaqallı məktəblə bağlı yeni faktlar -  "Direktor sənədləri saxtalaşdırıb" - FOTO+VİDEO
Eye

Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbi ilə bağlı yeni faktlar aşkarlanıb.

Bu barədə Bakupost.az -a məktəb rəhbərliyindən Səbail Rayon Məhkəməsinə şikayət edən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M. Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan Zəminə Zahirova bildirib.

Onun sözlərinə görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin qeyri-qanuni fəaliyyət göstərdiyini etiraf edib. Belə ki, idarə müdiri məktəbdən şikayət edən sakinləri qəbul edərkən, Laçın qaçqın məktəbinin açılması ilə bağlı müvafiq rəsmi sənədlərin olmadığını etiraf edib.

Z. Zahirova bununla bağlı görüntüləri də redaksiyamıza təqdim edib.


Şikayətçinin sözlərinə görə, digər önəmli məqam adı çəkilən məktəbin direktoru Piyalə Xudayarovanın məhkəməyə məktəblə bağlı saxta sənədlər təqdim etməsidir.

"Bu, Cinayət Məcəlləsinin 294-cü maddəsi (Sübutları saxtalaşdırma) ilə cinayət əməli sayılır. Həmin maddədə deyilir ki, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılmasına görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."

Z. Zahirovanın dediyinə görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdirinin məktəbin sənədlərinin olmadığı etiraf etməsinə rəğmən, məktəb direktoru saxta sənəd düzəltdirməkdən çəkinməyib və məhkəməni aldatmağa çalışıb:

"Məhkəmənin hazırlıq iclasında hakim Piyalə Xudayarovanın vəkilinə sənədin saxta olması barədə sual verdi. Vəkil bu məsələdən xəbərsiz olduğunu bildirdi. Deməli, bu məktəb illərlə qanunsuz tikilidə, gizlin fəaliyyət göstərib. Məsələ böyüyəndə məlum olub ki, dövlət qurumları tərəfindən məktəblə bağlı hər hansı icazə və razılaşma sənədləri yoxdur. Bu faktı Fuad Bədəlov özü də sizə təqdim etdiyim videoda etiraf edib. İş məhkəməyə gedəndə direktor Piyalə xanım saxta sənədi – 21.04.2005-ci ilə aid sxemi həm məhkəməyə, həm də Şərqi Zəngəzur Təhsil İdarəsinə göndərib.
Məhkəməyə təqdim olunan saxta sənəd

Ardınca idarə bu saxta sənədə əsaslanıb məhkəməyə qabaqcadan düzgün olmayan məlumat göndərib. Elm və Təhsil Nazirliyindən bu günə qədər bir adam gəlib məktəbi yoxlamayıb ki, bu məktəb harada yerləşir, təhlükəsizliyi necə qorunur, təxliyyə çıxışı, yanğınsöndürmə sistemi, həkimi var, ya yox. Orada tədris yox, yalnız maddi maraq güdülür. Bu məktəbi kim qoruyur? Direktor kimin himayədarlığı ilə bu günə qədər qanunsuz tikilidə oturub? Məhkəməyə saxta sənəd təqdim edən direktorun fəaliyyəti necə düz ola bilər? Direktorun bu tikilidən başqa yaxınlıqda 2 evi var. Özünə bu qanunsuz tikili vasitəsilə biznes qurub."
2005-ci ildə ərazidə nəinki məktəb, heç bir tikili olmayıb

Z. Zahirova qeyd edib ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər:
"Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru öz qanunsuz əməllərini ört-basdır etmək üçün gah saxta sənəd düzəldir, gah da şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqın məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhidin adını daşıdığını bildirir. Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Belə bir qərar, sərəncam varsa, qoy ortaya çıxarsınlar."
Məktəbin satılan əvvəlki yolu

Qeyd edək ki, iki ilə yaxındır ki, məktəb rəhbərliyi ilə sakinlər arasında qarşıdurma davam edir. Buna səbəb məktəbin yeganə yolunun satılması və yerində obyekt tikilməsidir. Belə ki, bundan sonra məktəb rəhbərliyi sakinlərdən onların həyətindən keçib məktəbə gedib-gəlmələrinə şərait yaratmalarını istəyib. Sakinlər də humanizm naminə direktorun bu xahişini yerinə yetiriblər. Ancaq bir müddət sonra direktor və müəllimlər məktəbə avtomobilləri ilə gedib-gəlməyə başlayıblar. Dar həyətdən avtomobil yolu kimi istifadə edilməsi sakinlərin narazılığına səbəb olub. Bu azmış kimi, məktəbin darvazasının Z. Zahirovanın evinə bərkidilməsi narazılığı daha da artırıb.

Məsələ ilə bağlı sakinlər Səbail Rayon Məhkəməsinə müraciət ediblər. İşə iyunun 5-də baxılacaq. Şikayətçi Z.Zahirova Bakupost.az-a müraciətində məktəbin direktoru Piyalə Xudayarovanın ona hədə-qorxu gəldiyini də bildirib:
"Deyir ki, sənin evini sökdürüb məktəb üçün həyətyanı sahə edərəm. Bilmirəm, arxasında kimlər dayanıb. İki ildir ki, mənim rahatlığım yoxdur. Həm də məktəb bir daşla tikilib, özü də uçurumun kənarındadır. Məktəbdən çox evə oxşayır. Heç bir tərəfdən ora yol yoxdur. Yeganə yol bizim həyətimizdən keçir."

Zaur, BakuPost








Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar