"Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizi vasitəsilə sərnişin daşımalarının bərpa olunması iki ölkə arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərə bilər, lakin bunun qısa müddətdə ciddi iqtisadi dinamika yaradacağı gözlənilmir",
Bu sözləri
"Bakupost"a iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, marşrutun bərpa olunması özlüyündə müsbət addımdır. Onun sözlərinə görə, bu marşrutun turizm və digər sahələrdə köklü dəyişikliklərə səbəb olacağını gözləmək sadəlövhlük olardı.
Ekspert qeyd edib ki, marşrut 2020-ci ilə qədər fəaliyyət göstərib və pandemiyadan əvvəl təxminən 1,4-1,5 min sərnişin bu xidmətdən istifadə edib. Onun sözlərinə görə, gələcəkdə sərnişin sayının 2-3 minə çatması belə iki böyük ölkə arasında ciddi iqtisadi rezonans və ya turizm təklifində kəskin artım yaradacaq səviyyə deyil.
E.Əmirov bildirib ki, buna baxmayaraq, marşrutun bərpası həm turizm sektorunda, həm də iki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
O qeyd edib ki, 2026-cı ilin birinci rübündə Qazaxıstandan Azərbaycana 20 minə yaxın səfər qeydə alınıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artım deməkdir. Ekspertin sözlərinə görə, vizasız rejim və birbaşa aviareyslərin mövcudluğu da iki ölkə arasında turizm əlaqələrinin inkişafına müsbət təsir göstərir.
İqtisadçı dəniz sərnişindaşımalarının Orta Dəhlizin Xəzər dənizi üzərində daha bir seqmentinin yenidən təşkili kimi qiymətləndirilə biləcəyini də bildirib.
E.Əmirov qeyd edib ki, yeni sərnişin xidmətinin tarifləri və qrafiki ilə bağlı yekun qərarlar açıqlanmadığından onun təyyarə ilə müqayisədə daha ucuz olub-olmayacağını dəqiq demək çətindir. Bununla belə, böyük ehtimalla dəniz nəqliyyatının aviareyslərdən daha ucuz olacağını düşünür.
Ekspert vurğulayıb ki, dəniz nəqliyyatının sürət baxımından aviareyslərlə rəqabət aparması mümkün deyil. Bu marşrutun əsas üstünlükləri daha aşağı qiymət və sərnişinlər üçün fərqli nəqliyyat marşrutunun yaradılması ola bilər.
E.Əmirovun sözlərinə görə, ümumilikdə Xəzər dənizi vasitəsilə sərnişindaşımaların bərpası iki ölkə arasında iqtisadi əlaqələrə və turizm sektoruna müsbət təsir göstərəcək, lakin bunun qeyri-adi yüksəliş dinamikası yaradacağı gözlənilmir.
Vüsalə Hüseynova,
BakuPost