Deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə görülən sistemli tədbirlərin davamı kimi noyabr ayının 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib.
Bu barədə
Bakupost.az -a Ordubad Rayon İcra Hakimiyyətindən bildiriblər.
Qeyd edilib ki, tədbir iştirakçıları səfər çərçivəsində noyabr ayının 24-də Ordubad rayonunda olub, Ordubad Şəhər Stadionunda təşkil olunan tədbirdə iştirak edib, bu rayonda məskunlaşan Qərbi azərbaycanlılarla görüş keçiriblər.
"Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlinin, rayon ictimaiyyətinin, rayona səfər edən qonaqların, Ordubad rayonunda məskunlaşan Qərbi azərbaycanlıların iştirak etdiyi tədbirdə milli kulinariyamızın Qərbi Azərbaycana xas olan müxtəlif yemək, şirniyyat nümunələrinin, təbii bitkilərin təqdimatı olub. Sonra tədbir iştirakçıları əzəli yurd yerlərimizə aid ev, məişət və geyim əşyalarının nümayiş olunduğu Qərbi Azərbaycana həsr olunan sərgiyə baxış keçiriblər. Daha sonra Qərbi Azərbaycana məxsus folklor, rəqs və mədəniyyət nümunələri, atüstü Çövkən oyunu, aşıq havaları, uşaq oyunları nümayiş olunub, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynovanın ifasında musiqilər dinlənilib", - deyə Ordubad Rayon İcra Hakimiyyətinin məlumatında bildirilir.