Ru
13:17 / 31 Mart 2022

Regionların inkişafı: daha çox hansı sahələrə vəsait ayrılmalıdır? - Araşdırma

26816
Bu gün istər paytaxtımızda, istərsə də regionlarımızda sürətlə inkişaf gedir.


Regionlarımız 20-25 il əvvəllə müqayisədə xeyli inkişaf edib, dəyişib. Bunun əsas səbəbi dövlətin məsələyə xüsusi diqqət ayırmasıdır.


Azərbaycanda regionların inkişafı ilə bağlı 2004-cü ildən uğurla proqramlar həyata keçirilir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.


Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.





Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.


Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır.


Həmçinin, Prezident dəfələrlə rayon və şəhərlərin inkişafı ilə bağlı Sərəncamlar imzalayıb, milyonlarla manat pul ayırıb.




Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.


Azərbaycanda regionların inkişafına dəstək yalnız dövlət tərəfindən deyil.





Belə ki, bəzi beynəlxalq qurumlar da ölkəmizdə regionların inkişafında maraqlı olduqlarını bildiriblər. Təsadüfi deyil ki, işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın bərpasında xarici şirkətlər də fəal iştirak edirlər. Məlumata görə, artıq 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə iştirak etmək üçün müraciət edib.


Mütəxəssislər deyir ki, regionların inkişafı ilə bağlı proqramlar həyata keçirilsə də, bölgələrdə problemlər qalır.


Mövzu ilə əlaqədar millət vəkili Məlahət İbrahimqızı Bakupost.az -a açıqlamasında Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılan vəsaitlər barədə danışıb:





“Bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün yetərincə maliyyə vəsaiti ayrılıb. Bu vəsaiti dövlət başçısı özü ayırır və proqramın xırda detallarına kimi dəyərləndirilir, maliyyə tutumu müəyyənləşdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə 2004-cü ildən bu günə qədər bir neçə müxtəlif sahələri əhatə edən layihələr, dövlət proqramları qəbul olunub. Azərbaycan nəinki Qafqazda, eyni zamanda, Mərkəzi və Şərqi Avropada sosial-iqtisadi inkişafına görə öndə olan ölkədir. Azərbaycanın sosial-iqtisadi vəziyyəti bəzi Avropa ölkələrindən, eləcə də bəzi postsovet ölkələrindən qat-qat yaxşıdır. Ölkəmizdə bütün sahələrdə infrastruktur yenidən qurulub və beynəlxalq standartlara cavab verir. İstər səhiyyə, təhsil, idman, mədəniyyət, istərsə də gənclərin məşğulluğu və asudə vaxtlarının təşkili sahəsində, daha sonra su-kanalizasiya sisteminin qurulması, bölgələrin qazla təmin olunması və s. sahələrdə və paralel olaraq işğaldan azad olunmuş torpaqlarımızda “Smart kənd” layihəsi üzrə də işlər görülür”.


Millət vəkili xatırladıb ki, ölkə başçısı Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı da ayrıca bir proqram qəbul edib:

“Sözsüz ki, belə proqramların həyata keçirilməsi üçün vəsait ayrılarkən bütün detallar nəzərə alınır. Həmin vəsaitlərin nəzərdə tutulan bütün tədbirləri əhatə etməməsində müəyyən problemlər ola bilər ki, bunlar da dövlətdən qaynaqlanmır. Bu gün dünyada devalvasiya gedir. İnflyasiya, maliyyə böhranı olduqda, təbii ki, bahalaşma da olur. 10 il bundan əvvəlki qiymətlərlə bugünkü qiymətlər, təbii ki, eyni deyil. Bu gün Rusiya-Ukrayna müharibəsi nəticəsində bir sıra sahələrdə çox ciddi bahalaşma qeydə alınır və bu, bizə də təsir edir”.




M.İbrahimqızı bölgələrimizdəki problemlərə də toxunub:

“Konkret olaraq bütün bölgələrdə eyni problemin olduğunu demək olmaz. Elə bölgə var ki, orada suvarma suyunun çatışmazlığı ilə bağlı problem var, elə bölgə də var ki, orada bəzi kəndlərə qaz çəkilməyib, bəzilərində içməli su qıtlığı var. Bəzi kəndlərdə tibb məntəqələri nəinki müasir standartlara cavab vermir, hətta dağıdılmış vəziyyətdədir. Yəni hər bölgənin özünəməxsus problemləri var. Əsas odur ki, dövlətin bu problemləri həll etmək üçün iradəsi var və bunun nəticəsində dövlət öz resursları hesabına həmin problemləri həll edir. Çox böyük nailiyyətdir ki, ölkəmiz yol infrastukturu üzrə dünya ölkələri içərisində ilk sıralardadır, kiçik bir ölkə olsaq da, hava limanlarımızın sayı da yetərincədir. Azərbaycanda qazlaşma 95%-dən yuxarıdır. Halbuki Avropanın bəzi ölkələrində hələ də qaz probleminə rast gəlmək olar. Bizdə bu problemlərin həlli üçün çox ciddi işlər görülür”.


İqtisadçı-ekspert Rəşad Həsənov isə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutulan tədbirlərin icrası üçün ayrılan vəsaitlərin bərabər bölüşdürülmədiyini, regionlarda yerli idarəetmə orqanlarının düzgün işləmədiyini deyib:




“Vəsaitlərin regionlar arasında bölüşdürülməsinə bir sıra parametrlər təsir göstərir. Biz müşahidə edirik ki, bir sıra bölgələrdə icra hakimiyyətləri layihələndirmə prosesi zamanı vəsaitin bölüşdürülməsində, hətta büdcəsinin hazırlanması prosesində çox passiv iştirak edirlər. Təşəbbüslər çox aşağı səviyyədə olur, yaxud əsaslandırılmır. Belə olduğu təqdirdə də vəsaitlərin ayrılması ilə bağlı problemlər ortaya çıxır. Təəssüf ki, biz bəzi hallarda müəyyən şəxsi əlaqələrin məsələyə təsir etdiyini müşahidə edirik. İkinci amil isə hökumət üçün bölgələrin prioritetliyidir. Yəni hansı bölgələrdə hansı məsələlər prioritetdir və s. Təbii ki, hər bir məsələnin xərci var, amma bu o demək deyil ki, ayrılan vəsaitlər regionlar arasında tam bərabər şəkildə bölüşdürülməlidir”.





R.Həsənov bildirib ki, vəsaitlərin bölüşdürülməsində ədalətlilik prinsipi və bu prinsipin təmin edilməsində regionlarda prioritet məsələlərin önə çəkilməsi, həmin istiqamətlərdə vəsaitlərin ayrılması əsas götürülməlidir:


“Bəzi bölgələr var ki, onlar nisbətən daha yaxşı inkişaf edib və onlarda iqtisadiyyat nisbətən daha şaxəlidir, yerli gəlirlər nisbətən daha çoxdur və həmin rayonlarda nəzərdə tutulmuş proqramları həyata keçirməyə imkan yaradırlar. Bəzi rayonlarda isə mühit, şərait çox zəif olduğu üçün, məsələn, Siyəzən kimi rayonlarda, demək olar, inkişafı sitimullaşdıran əsas məqam məhz dövlət vəsaitləri olur. Dövlət vəsaitləri burada lokomotiv rolunu oynayır və belə bölgələrə də daha çox vəsait ayrılması zəzurəti yaranır. Buna görə də heç bir halda burada tam olaraq vəsaitlərin bərabər şəkildə bölünməsindən söhbət getmir. Beynəlxalq metodologiyada bəzən bu kimi hallarda qiymətləndirmə zamanı adambaşına düşən vəsaitin ayrılması əsas parametr olaraq götürülür. Amma istənilən halda ayrılmalara təsir göstərən müsbət və mənfi məqamların ümumi təhlili aparılır və burada hər hansı bir subyektiv amillər üzə çıxırsa, ədalətsiz bir yanaşma kimi qiymətləndirilir. Düşünürəm ki, bu, hələ tam inkişaf etməyib. Müəyyən mənada əsalandırılmış maliyyə sistemində son dövrlərdə irəliləyişlər var. Ümid edirəm ki, növbəti dövrlərdə hesabatlılığın da dərinləşdirilməsi təhlillər aparmağımıza imkan yaradar”.


Ekspert Dövlət İnvestisiya Proqramı çərçivəsində nəzərdə tutulmuş layihələrin inkişafını da qeyd edib:


“Təbii ki, müəyyən bir proses gedir. Fərman həm sosial infrastrukturun inkişafı, həm müəyyən qədər regionlarda iqtisadi aktivliyi dəstəkləmək, proqramların maliyələşdirilməsi ilə bağlıdır. Müəyyən bir inkişaf var, amma bizdə strategiyalar daha ümumi hazırlanır və bəzi hallarda nəticə əsaslı olmur, bəzi hallarda bu strategiyanın monitorinqinin aparılması prosesi də düzgün təşkil olunmur. Ümumi məlumatlar əsasında İqtisadiyyat Nazirliyi və ya ayrı-ayrı dövlət qurumları bu istiqamətdə mütəmadi birilllik hesabatlar açıqlayırlar. Dövlət İnvestisiya Proqramı çərçivəsində nəzərdə tutulmuş layihələrin, xüsusilə də infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı proses gedir. Bizdə infrastruktur layihələrinin icrasına meyillilik daha yüksəkdir. Xüsusilə də burada korrupsiya imkanları nisbətən genişdir. Amma bu, nə qədər nəticə əsaslıdır, nə qədər nəzərdə tutulmuş hədəfə xidmət edir, bunun ölçülməsi ilə bağlı təhlillər görməmişəm”.



İqtisadçı-ekspert Akif Nəsirli deyir ki, bununla bağlı 20 ildən çoxdur işlər aparılır:




“Layihənin həyata keçirilməsində kifayət qədər müsbət məsələlər var. Birincisi regionların infrastrukturu yenidən qurulub, əyalət yollarına asfalt çəkilib, işıq, qaz, su təminatı 90%-dən çox həll edilib. Rayon mərkəzlərinin çox az hissəsində kanalizasiya problemi qalıb. Əsasən bu məsələlər həll edilib.


Rayonlar əsasən dövlət büdcəsindən asılıdır. Təxminən 20-yə yaxın rayonun dövlət büdcəsindən asılılığı aradan qaldırılıb. Əvvəldən rayonların abadlaşdırılması, parkların salınması, müəyyən inzibati binaların tikilməsi istiqamətində əsas vəsait xərcləndi. Hesab edirəm ki, bundan sonrakı mərhələdə hədəf rayonun iqtisadiyyatı olmalıdır. Rayonun iqtisadiyyatının inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, vergi ödəyicilərinin sayının artırılması istiqamətində hədəf qurulmalıdır. Bunun da müəyyən üsulları var. Düşünürəm ki, regionların sosial-iqtisadi inkişafı proqramının bundan sonrakı hədəfi bu olmalıdır. Çünki əsas axsıyan tərəf budur”.


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.


Aynur İbrahimova
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər